ABŞ Dövlət Departamenti dünya ölkələrində dini və vicdan azadlıqlarının təminatı ilə bağlı vəziyyətin əks olunduğu ənənəvi "Beynəlxalq Dini Azadlıq Hesabatı 2022"ni ("2022 Report on International Religious Freedom") dərc edib.
İllik hesabatda Vaşinqtonun ənənələrinə uyğun olaraq, Azərbaycan ən sərt tənqid edilən ölkələr arasında yer alıb.
Son hesabatda vurğulanır: "Azərbaycanda dindarlar, dini fəallar və din xadimləri ciddi təqiblər, repressiyalar, siyasi motivli həbslərlə üzləşirlər. İnsanlar dini inanclarına görə təqib olunur, cinayət məsuliyyətinə cəlb edilirlər".
Sənəddə İranın Azərbaycanda yaradaraq idarə etdiyi "Müsəlman Birliyi Hərəkatı" adlı qanunsuz strukturun üzvləriniin həbsləri, xüsusilə də bu qruplaşmanın rəhbəri Taleh Bağırzadənin həbsxanada olması "insan hüquqlarının kobud pozuntusu" kimi qələmə verilir.
Dövlət Departamentinin hesabatındakı absurd o həddə çatır ki, İranın ölkəmizdə qurduğu casus şəbəkəsinin ifşa edilərək saxlanılan üzvləri belə, "dini inanclarına görə təqib edilənlər" hesab edilir.
Həmişə olduğu kimi, dünyanın əksər ölkələrində destruktiv, totalitar və təhlükəli sekta kimi tanınaraq fəaliyyəti yasaqlanan "Yehova şahidləri"nin Azərbaycanda "fəaliyyətlərinin maneələrlə üzləşməsi" hesabatda "böyük təəssüf"lə vurğulanır.
Azərbaycana qarşı məntiqsiz və irreal iddiaların irəli süründüyü hesabatda dünya ölkələrində dini azadlıqların təminatı ilə bağlı situasiya təhlil olunub.
Fəqət, indiyədək açıqlanmış analoji hesabatlarda olduğu kimi, sənəddə ABŞ-da dini, etiqad və vicdan azadlıqları ilə bağlı durum əks olunmayıb.
Yəni hesabatı hazırlayan qrup adətinə xilaf çıxmayaraq Birləşmiş Ştatları qlobal vəziyyətdən istisna ediblər.
Sənəddə Azərbaycana qarşı irəli sürülmüş tamamilə əsassız, hətta tragikomik ittihamlara nəzər salmazdan əvvəl ABŞ-da dini azadlıqların təminatı ilə bağlı situasiyaya nəzər salaq.
ABŞ mass-mediasının, qeyri-hökumət və ictimai qurumlarının, həmçinin beynəlxalq təşkilatların son hesabatlarına görə, Birləşmiş Ştatlarda insanların dini etişad, vicdan və dini toplanış azadlıqları ölkə Konstitusiyası, habelə Birinci Düzəliş və qanunvericiliklə de-yure tam təmin edilsə də, de-fakto belə deyil.
Birləşmiş Ştatlarda dini etiqad azadlığı ilə bağlı bəzi məqamlar:
1. Dini inancların azad izharının məhdudlaşdırılması. ABŞ-ın 42 ştatında ictimai məkanlarda və ya iş yerlərində dini etiqad azadlığının izharı ya məhdudlaşdırılıb, ya tam qadağan edilib. Məsələn, kolleclərdə, məktəblərdə şagirdlərlə tələbələrin boyunlarından xaç asmaları, yaxud başlarına hicab bağlamaları "məqbul" sayılmır.
2. Dindar şəxslərin müəyyən fəaliyyətlərinin yasaqlanması. Dini inanclarına və etiqadlarına görə konkret fəaliyyətdən, yaxud fəaliyyətə cəlb olunmaqdan imtina edən dindarlara qarşı cəzalar tətbiq olunur. Məsələn, 18 ştatda eyni cinsdən olan şəxslərin nikah və ya toy mərasimləri ilə bağlı xidmət göstərməkdən imtina edən müsəlmanlar böyük məbləğdə cərimələniblər.
3. İctimai məkanlardan yararlanma məhdudiyyəti. Ötən il ABŞ-ın 24 ştatında müsəlmanlar dini ayinlər və ibadətlər keçirmək üçün müvafiq ictimai məkanlardan istifadə edə bilməyiblər.
4. Məscidlərin inşasında məhdudiyyət. Birləşmiş Ştatlarda yeni məscidlərin inşası ilə bağlı qeyri-rəsmi qaydada yasaqlarla ciddi məhdudiyyətlər mövcuddur.
5. Rəsmi qurumların dini strukturların, təşkilatların və qrupların fəaliyyətinə kobud, qanunsuz müdaxiləsi. ABŞ-ın 29 ştatında yerli və federal təşkilatlar müsəlmanların strukturlarının fəaliyyətinə müdaxilələr edirlər. Hətta bəzi hallarda vergi ödənişlərinin süni və əsassız şəkildə artırılması faktları qeydə alınıb.
6. Dini təhsil və tədrislə bağlı məhdudiyyətlər. Birləşmiş Ştatlarda müsəlmanların dini təhsil almaları, habelə dini tədrislə bağlı ciddi probemləri var.
7. Dini inanc və etiqad zəminində ayrı-seçkilik. ABŞ-ın Dini Azadlıqlar üzrə Federal Komissiyasının son hesabatına görə, dinri zəmində ayrı-seçkilik və disriminasiya halları 2022-ci ildə ötən illərlə müqayisədə 8,2 faiz artıb. Ayrı-seçkiliyə məruz qalanların 74,3 faizi müsəlmanlar olub.
8. Dini etiqada görə səhiyyə sistemində ayrı-seçkilik. Birləşmiş Ştatların səhiyyə sistemində əməkdaşlarla pasiyentlər arasında müsəlman olduqlarına görə təqiblərə məruz qalanların sayı ötən illərlə müqayisədə 2022-ci ildə 6 faiz artıb.
9. Dini məsələlərlə bağlı məhkəmə işlərpinin artımı. ABŞ-dakı Konstitusiya Hüquqlarının Müdafiəsi Fondunun son hesabatına görə, sadəcə dini etiqad zəminində müsəlmanlarla bağlı 81 məhkəmə işi qeydə alınıb.
10. Beynəlxalq dini təşkilatların fəaliyyətinə məhdudiyyətlər. Müsəlmanların beynəlxalq dini təşkilatlarının ABŞ ərazisində fəaliyyətində süni maneələr, əsassız əngəllər və əksər hallarda birbaşa qadağalarla bağlı 17 fakt qeydə alınıb.
11. Dini təşkilatlara və strukturlara tətbiq edilmiş vergi imtiyazlarının azaldılması. ABŞ-dakı müsəlmanların qeyri-kommersiya formalı dini təşkilatları əvvəlki illərdə malik olduqları vergi imtiyazlarını sürətlə itirməyə başlayıblar. Bu isə onların fəaliyyətində maliyyə və inzibati çətinliklər yaradır.
12. Yerli xalqların və etnik qrupların inanc azadlıqlarının pozulması. ABŞ-da yerli etnik qrupların, xüsusilə hinduların ənənəvi dini ibadətləri və ayinlərii icra etmələri ilə bağlı məhdudiyyətlərin sayı artır.
13. ABŞ-a mühacirət zamanı dini zəmində məhdudiyyətlər. Müsəlmanlar ABŞ-a mühacirət zamanı dini inanclarına görə ayrı-seçkiliyə məruz qalırlar. Onlara sığınacaq və ya yaşama hüququnun verilməsində də problemlər çoxalır. 2022-ci ildə 1351 belə fakt qeydə alınıb.
... Bəhs etdiyimiz məqamlar dünyanın bütün ölkələrində dini etiqad azadlıqlarını "təhlil edən" Dövlət Departamentinin ABŞ-dakı situasiya ilə bağlı etiraf etmək istəmədiyi nüanslardır.
"Beynəlxalq Dini Azadlıq Hesabatı 2022"də Azərbaycanın ünvanına irəli sürülmüş ittihamlara gəldikdə isə, onların mənbəyində sırf siyasi motivlər durur.
Bundan başqa, İrana casusluqda suçlanan şəxslərin "dini inanclarına görə təqib olunan"lar kimi qələmə verilməsi ümumiyyətlə, absurd və qərəzli siyasi paroksizmdir.
Dövlət Departamenti bu şəxslərin "səbəbsiz təqiblərə məruz qalan vətəndaşlar", yəni dərhal azadlığa buraxılması gərəkən adamlar olduqlarını hesab edirsə, onda rəsmi Vaşinqtona, daha doğrusu, sözügedən hesabatın müəlliflərinə sadəcə, iki sualımız var.
"Müsəlman Birliyi Hərəkatı"nın analoqunu İran ABŞ-da yaratsaydı və həmin qurum Birləşmiş Ştatlarda "vilayəti-fəqih" üsulu ilə idarə olunan dövlət qurulmasını qarşısına məqsəd qoysaydı, ABŞ hakimiyyətini "taqut və yezid yığını" adandırıb silahlı çevrilişə, dövlət mənsublarının və məmurların qətlə yetirilməsinə çağırışlar etsəydi, Dövlət Departamenti həmin qurumla bağlı nə bəyanat verəcəkdi?
ABŞ vətəndaşları arasında bir qrup şəxs İrana cəsusluqda, dövlət rəsmilərini, siyasətçiləri və millət vəkillərini qətlə yetirmək istəklərində, sui-qəsdlər və teraktlar törətmək niyyətlərində şübhəli bilinib saxlansaydılar, Dövlət Departamenti həmin şəxsləri "dini inanclarına görə təqib edilənlər" hesab edəcəkdi?
Ən nəhayət, dünyanın az qala bütün ölkələrini dini etiqad azadlığının təminatı baxımından "qara siyahı"ya salan, Azərbaycanda aşkar dini ekstremistlər az qala "günahsız" hesab edən ABŞ Dövlət Departamenti nə üçün Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 28 il ərzində işğaldakı ərazilərimizdə məscidlərimizin və ibadət məkanlarımızın darmadağın edilməsi, dinc azərbaycanlıların amansız işgəncələrdən sonra vəhşicəsinə qətlə yetirilməsi və s. ilə bağlı bir dəfə (!) olsun belə, hesabatlarında açıqlama yaymadı?
Nə üçün ermənilərin darmadağın etdikləri qəbristanlıqlarımız, donuz saxlanılan məscidlərimiz haqqında yazılmadı və Ermənistan suçlanmadı?
ABŞ Dövlət Departamenti "Müsəlman Birliyi Hərəkatı"nı və ya Azərbaycanda "kərimə dövlət" qurmaq istədiyini bəyan edən "Hüseyniyyun" terror qruplaşmasını "təqiblərə məruz qalanlar"ın strukturları sayırsa, onda adları çəkilən dəstələrin yaradıcısı və maliyyə mənbəyini də rəsmən tanımalıdır.
O mənbə isə İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"dur (SEPAH) ki, rəsmi Vaşinqton bu qurumu terrorçu struktur sayır.
Belədirsə, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı iddialar çox qəribə təsir bağışlayır.
Həddən ziyadə qəribə...