Bakı. Trend:
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafı iki ölkənin infrastrukturlarının birləşdirilməsi və regionda əməkdaşlıq kontekstində mühüm yer tutur. Əhəmiyyətli resurslara malik olan və mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşən hər iki ölkə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinin, bütün regionun davamlı iqtisadi artımı və inkişafının təmin edilməsi üçün əməkdaşlığın zəruriliyini dərk edirlər.
Azərbaycanla Qazaxıstanın infrastruktur baxımından birləşməsi Orta Asiya və Cənubi Qafqaz regionunda nəqliyyat və siyasi əlaqələrin yaxşılaşması üçün yüksək potensiala malikdir. Hər iki dövlət regionlar arasında yük və sərnişinlərin daha səmərəli daşınmasını təmin etmək məqsədilə öz nəqliyyat dəhlizlərini, o cümlədən dəmir yolu, avtomobil və dəniz marşrutlarını inkişaf etdirməyə çalışır. Nəqliyyat infrastrukturunun inkişafı üzrə ümumi səylər hər iki ölkədə ticarət, investisiyalar və turizmin inkişafı üçün yeni imkanlar açır.
Bundan başqa, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq bütün region üçün strateji əhəmiyyət kəsb edir. Hər iki ölkə mühüm enerji resurslarına malikdir və neft, qaz və digər enerji daşıyıcılarının dünya bazarına tədarükündə vacib rol oynayır. Energetika sahəsində birgə layihələr və nəqliyyat marşrutlatının inkişafı tədarükləri diversifikasiyalaşdırmağa və regionun enerji təhlükəsizliyini artırmağa imkan verir.
Bu gün Azərbaycan və Qazaxıstan regional mərkəzlərdən dünya mərkəzlərinə transformasiya olunur. Azərbaycanla Qazaxıstan arasında münasibətlərin müsbət dinamikası Orta Asiya və Cənubi Qafqaz regionlarının maraqlarına cavab verir. Rəhbərlərin qarşılıqlı görüşləri və Qazaxıstanın müxtəlif strukturlarının göstərdiyi dəstək ikitərəfli münasibətlərin inkişafına kömək edir.
Aprelin 10-da Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir.
"Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar", - dövlət başçısı deyib.
Orta Dəhliz
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) və ya Orta Dəhlizin inkişafı hər iki dövlət üçün prioritet vəzifədir. Artıq 2027-ci ilədək maneələrin sinxron kənarlaşdırılması üzrə yol xəritəsi imzalanıb. Növbəti addım marşrutun vahid operatorunun yaradılması olmalıdır.
Qazaxıstanda "Xorqos-Şərq qapıları" Xüsusi İqtisadi Zonanın (XİZ) yaradılması Orta Dəhlizin fasiləsiz fəaliyyətinin təmin edilməsi yolunda mühüm addım oldu. Orta Dəhlizin nəqliyyat əlaqələri getdikcə yaxşılaşdığından və daşınma qiymətləri ucuzlaşdığından, dəhliz boyu yerləşən ölkələri öz regionlarından uzaq bazarlara daha böyük çıxış imkanı ilə təmin edir. Orta Dəhliz marşrut boyu yerləşən bütün ölkələr üçün vacib olmaqla onlara regiondan kənardakı xarici bazarlara çıxış imkanı verir.
Enerji sahəsində əməkdaşlıq
Qazaxıstan Azərbaycanla ənənəvi enerji resursları sahəsində layihələr üzərində işləməyə davam edir. Ölkə artıq neftini ixrac etmək üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərindən istifadə edir. “KazMunayQaz” SC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Tengiz yatağından Bakı-Tbilisi-Ceyhan istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalayıb.
2023-cü ilin aprel ayında Aktau limanından Bakı limanına nəql olunan Qazaxıstan neftinin həcmi əvvəlki ayla müqayisədə 60,5 ton və ya 75 faiz artaraq 312 600 tona çatıb.
Qazaxıstan və Azərbaycan həmçinin Azərbaycan ərazisi vasitəsilə neft tranzitinin asanlaşdırılması üçün birgə müəssisənin yaradılması imkanını öyrənirlər. Bu birgə müəssisə bu tranzit marşrutunda ikitərəfli tarifə və ucuz tranzit imkanlarına malik, innovativ texnologiyaların tətbiq edən vahid operator ola bilər.
Bundan başqa, Qazaxıstan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz hasilatına birgə investisiyaları müzakirə edir. Qazaxıstanın "QazaqQaz" milli şirkəti və SOCAR artıq qaz sahəsində, xüsusən kəşfiyyat və qaz hasilatına investisiyalarla bağlı, həmçinin yeni maye təbii qaz (MTQ) zavodlarının tikintisi barədə bir sıra görüş və danışıqlar aparıblar. Azərbaycan tərəfi artıq Qazaxıstanın qaz sahəsindəki konkret layihələrinə marağı olduğunu bildirib və tərəflər birgə əməkdaşlıq imkanları üzərində işləməyə davam edəcəklər.
Eyni zamanda ölkələrimizin hər ikisi Avropa bazarına bərpa olunan enerji mənbələrinin ixracına başlamağa çalışır. Bununla əlaqədar olaraq Qazaxıstan artıq azərbaycanlı həmkarları ilə birgə Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel çəkilməsi üzrə layihənin icrasına başlayıb. Bu xətt Qazaxıstanı Türkiyə ilə və daha sonra Avropa ilə birləşdirəcək. Qara dənizdə də Azərbaycanın iştirak etdiyi bu cür layihə həyata keçirilir.
Biznes əlaqələri
Azərbaycan hazırda Qazaxıstan iqtisadiyyatına sərmayə qoyan 15 ən böyük investor siyahısına daxildir. Qeyd etmək lazımdır ki, Qazaxıstan sahibkarlarının Azərbaycana biznes missiyası zamanı 55 milyon dollar dəyərində 8 saziş imzalanıb. Bu ilin ilk 4 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 50 milyon dollar artaraq 183 milyon dollara çatıb. Qazaxıstan həmçinin ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün Azərbaycan tərəfinə təqribən 300 milyon dollar dəyərində 110 yeni növ məhsul təklif edə bilər. Həmçinin Qazaxıstan Azərbaycandan xüsusən ölkənin qərb hissəsinə meyvə-tərəvəz məhsullarının tədarükünü təşkil etmək istəyini bildirib.
Türk İnvestisiya Fondu da Azərbaycanla Qazaxıstan arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün yaxşı baza yaradır.
Bundan başqa, Azərbaycan Qazaxıstana Yaxın Şərqə taxıl daşınmasında köməklik göstərə bilər. Bunu "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə həyata keçirmək mümkündür.
Qazaxıstanla Azərbaycan arasında əlaqələrin inkişafı enerji təhlükəsizliyinin təmin olunması, rabitəliliyin möhkəmləndirilməsi və daha təhlükəsiz, sürətli, etibarlı və iqtisadi baxımdan daha sərfəli nəqliyyat sisteminin yaradılmasında mühüm rol oynayır. Əməkdaşlığın əhəmiyyətini dərk edən bu iki ölkə infrastruktur layihələrini inkişaf etdirməyə və nəqliyyat dəhlizlərini genişləndirməyə çalışır.
(Tərcümə: Rəna Əbdürəhmanova)