...

Arif Məmmədov: Azərbaycanla Belçikanın mövqelərindəki yaxınlıq səmərəli dialoq üçün əsasdır

Siyasət Materials 27 Mart 2006 13:13 (UTC +04:00)
Arif Məmmədov: Azərbaycanla Belçikanın mövqelərindəki yaxınlıq səmərəli dialoq üçün əsasdır

Trend in Benilyuks ölkələrində və Avropa Şurasındakı Fövqəladə və Səlahiyyətli səfiri Arif Məmmədovla müsahibəsi

- Arif müəllim, Azərbaycanla Belçika arasında münasibətlərin hazırki inkişaf səviyyəsini və perspektivlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanla Belçika arasında münasibətlər dostluq xarakterində olması ilə fərqlənir, xüsusilə də, ikitərəfli iqtisadi münasibətlər geniş perspektivlərə malikdir və biz əlaqələrimizin möhkəmlənməsi üçün hər bir imkandan istifadə etməyə çalışırıq. Ölkələrimiz arasında iqtisadi münasibətlər 1992-ci iyunun 17-də qurulub. Azərbaycanın Belçikada diplomatik nümayəndəliyi isə 1995-ci ildən fəaliyyət göstərir.
Diplomatik münasibətlərin qurulmasından bəri keçən qısa müddətə baxmayaraq, birgə səylərlə sadə belçikalını Azərbaycanla, onun qədim tarixi, zəngin mədəniyyəti, geniş iqtisadi potensialı ilə tanış edə bilmişik. Bu gün Belçika radiosu ilə Azərbaycan musiqisini bizim bəstəkarlarımızın ifasında eşitmək mümkündür, jurnallarda bizim ölkəmizə həsr olunmuş tanışlıq məqalələri dərc olunur. Avropada ən böyük Kral musiqi alətləri muzeyində Azərbaycanın tar və saz kimi müsiqi alətləri sərgilənir. Bundan əlavə, Brüsselin mərkəzində Dədə Qorqud eposuna həsr olunmuş abidə ucaldılıb.
Yüksək səviyyədə siyasi əlaqələr də intensiv inkişaf edir. Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü ilin mayında Belçikaya son səfəri zamanı iqtisadi əlaqələrin inkişafına təkan verən ikitərəfli sənəd imzalanıb. Ötən il Belçikanın Nümayəndələr Palatasının sədri rəsmi səfərlə Bakıda olub.
Bu il Belçika Krallığı Senatı sədrinin Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Gələn il Bakıda Belçika səfirliyinin açılacağı planlaşdırılıb və bu da şübhəsiz ki, ikitərəfli münasibətlərin intensivləşməsinə təkan verəcək. Eləcə də bizim planlarımıza Belçika-Azərbaycan Ticarət Palatasının yaradılması daxildir ki, bu da belçikalı sahibkarların Azərbaycanda tərəfdaşlar axtarmasında əsas əlaqələndirici rol oynayacaq. Hərbi sahədə fəal əməkdaşlıq həyata keçirilir. Hərbi sahədə qarşılıqlı anlaşma barədə Memorandumun imzalanması nəzərdə tutulub və tərəflər artıq Memorandumun mətnləri üzrə mübadilə aparıblar.
Azərbaycan və Belçikanın mövqelərinin yaxınlığı bütün səviyyələrdə geniş və səmərəli dialoq üçün real əsasdır. Qeyd etmək vacibdir ki, bu il Belçikanın ATƏT-də sədrliyi ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Belçikanın maraqları əhəmiyyətli dərəcədə artıb. Belçika xarici işlər nazirinin ATƏT-in sədri kimi ilk səfərlərindən biri Bakıya olub və həmin səfər zamanı həm çoxtərəfli, həm də ikitərəfli görüşlər keçirilib.

- Lüksemburqla dövlətlərarası münasibətlərin inkişafı məsələsində hansı səylər göstərilib?

- 2005-ci il martın 15-də mən Əlahəzrət Hersoqa öz etimadnaməmi təqdim etdim. Lüksemburqun kiçik dövlət olmasına baxmayaraq, burada adambaşına düşən gəlir AB-də ən yüksəkdir. Lüksemburqda bank sistemi çox inkişaf edib. Bunu nəzərə alaraq, Azərbaycanda bank işçilərinin hazırlanmasına yardım barədə maliyyə texnologiyalarının ötürülməsi üzrə Agentliklə (ATTF) müqavilə imzalanıb. Bu layihə çərçivəsində bank sisteminin təkmilləşdirilməsi üçün qısamüddətli və uzunmüddətli kurslar təşkil ediləcək. Kurslar həm Bakıda, həm də Lüksemburqda keçiriləcək.
Münasibətlərin hüquq-müqavilə bazasının təkmilləşdirilməsi davam edir. Lüksemburq tərəfinə mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq barədə razılaşmanın mətni layihəsinin nəzərdən keçirilməsi təklif olunub. Yaxın vaxtlarda imzalanması nəzərdə tutulan ikiqat vergiödəmədən yayınma barədə razılaşma paraflanıb. Ölkənin müxtəlif dövlət idarələri ilə sıx əlaqələr yaradılıb. YUNESKO, EKOSOS kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurla inkişaf edir.

- Niderlandla qarşılıqlı əlaqələr hansı mərhələdədir?

- Qeyd etmək lazımdır ki, Azərbaycanın səfirliyi Niderland Krallığından 2005-ci il yanvarın 26-da akreditasiya alıb. Ötən il ərzində Hollandiya XİN-də Azərbaycan-Hollandiya əməkdaşlığının həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişafı və möhkəmlənməsi məsələlərini müzakirə etmək üçün çoxsaylı görüşlər keçirilib. Eləcə də ölkədə digər idarələr və ictimai təşkilatlarla sıx əlaqələr qurulub. Haaqadakı Beynəlxalq Tribunal, Beynəlxalq Cinayət Məhkəməsi, Avropol kimi beynəlxalq təşkilatların nümayəndələri ilə daimi işlər aparılır. Niderlandın təhsil təşkilatları ilə ölkənin institut və universitetlərində təhsil almaq üçün azərbaycanlı tələbələrin cəlb edilməsi barədə razılığın əldə olunması üçün işlər aparılır.
Azərbaycanla Niderland arasında siyasi münasibətlər müsbət tendensiyalar, eləcə də, iqtisadi əlaqələrin möhkəmlənməsində əks olunur. Buna sübut kimi son illərdə iki ölkə arasında mal dövriyyəsinin artımının müşahidə olunmasıdır.
Təkcə siyasi və humanitar sahələrdə deyil, iqtisadi sahədə də hüquq-müqavilə bazasının təkmilləşdirilməsi və inkişafı üzrə işlər də aparılır. Azərbaycanın Niderland tərəfinin apardığı müxtəlif iqtisadi, humanitar proqramlara qoşulması ilə bağlı müzakirələr aparılır.

- Avropa Qonşuluq Proqramı çərçivəsində Fəaliyyət Planının razılaşdırılması və təsdiqi məsələsi hansı mərhələdədir?

- Fəaliyyət planı Avropa Qonşuluq Siyasətinin vacib proqram aləti hesab edilir. Onun rolu Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlığın əsas elementlərini əks etdirməkdir. Azərbaycan tərəfi avropalı tərəfdaşları ilə Fəaliyyət planı üzrə səmərəli danışıqların aparılması məqsədilə ciddi hazırlıq işləri görür. Danışıqların rəsmi başlanğıcı və müvafiq olaraq ilk mərhələsi ötən ilin dekabrında keçirilib. 2006-cı il martın 7-də Brüsseldə məsləhətləşmələrin ikinci mərhələsi keçirilib. Danışıqların nəticələrinə yekun vuraraq demək istərdim ki, kifayət qədər çoxsaylı məsələlərdə razılıq əldə etmək mümkün olub. Lakin razılaşdırılmamış bəndlər də qalıb. Ona görə də biz belə hesab edirik ki, daha bir görüşün keçirilməsinə ehtiyac var.
Ümumilikdə, deyə bilərəm ki, Fəaliyyət planı bu sənədin imzalanması ehtimal olunan AB-Azərbaycan Əməkdaşlıq Şurasının payız görüşündə hazır olmalıdır. Lakin hələlik istər AB, istərsə də Azərbaycan tərəfdən sənədin mətni üzərində onun nəzərdə tutulan vaxta qədər düzəldilməsi üçün diqqətli iş aparılır.

- Azərbaycanda Avropa Birliyi diplomatik missiyasının açılışı məsələsi necə həll olunur?

- Avropa Komissiyasının Bakıda nümayəndəliyinin açılması barədə qərar artıq qəbul edilib. O, 2007-ci ildə açılmalı və öz fəaliyyətinə başlamalıdır. Hazırda Avropa Komissiyasının Azərbaycan üzrə xüsusi nümayəndəsi cənab Alan Vaddams bu təşkilatı təmsil edir.
Qeyd edim ki, 2003-cü ildən cari ilin fevralına kimi Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi, fin diplomatı cənab Heyki Talvitiye olub. Bu ilin fevralından həmin vəzifəyə İsveç diplomatı, səfir Peter Semnebi təyin edilib və o, artıq öz vəzifəsinin icrasına başlayıb. Digər vəzifələrlə yanaşı, onun öhdəliklərinə regiondakı mövcud münaqişələrin nizamlanmasına yardım da daxildir.

- AB ölkələrində, eləcə də Belçikada Azərbaycan diasporunun səylərinin birləşdirilməsi ilə bağlı hansı işlər aparılır?

- Belçikada Azərbaycan diasporunu təmsil edən bir sıra təşkilatlar fəaliyyət göstərir. Lakin təəssüf ki, onların arasında birlik yoxdur. Diaspor əsasən etnik azərbaycanlılar, Türkiyə və İran vətəndaşları tərəfindən təmsil olunur. Buna baxmayaraq, Azərbaycan vətəndaşlarından təşkil olunan azsaylı diasporlar da mövcuddur.
Bizim səfirliymiz heç bir fərq qoymadan, Vətən naminə ümumi səyləri birləşdirməyə çalışır. Hazırda diasporla iş üzrə əsas vəzifə öz ətrafında bütün azərbaycanlıları birləşdirməyə qadir olan vahid, güclü, səmərəli strukturun yaradılmasıdır. Milli xüsusiyyətləri, mədəniyyəti və dili saxlamaq və aşılamaq zəruridir. Biz öz diasporumuza müxtəlif mədəni tədbirlərin, siyasi aksiyaların keçirilməsində hərtərəfli yardım etməyə hazırlaşırıq. Səfirlikdə daimi olaraq diaspor nümayəndələrinin iştirakı ilə birgə müşavirələr keçirilir, eləcə də Novruz bayramı ilə bağlı şənliklər, Respublika Günü, Azərbaycan Respublikasının Müstəqilliyi Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur. Bütün bunlarda məqsəd ondan ibarətdir ki, diplomatın çıxış etmək imkanımız olmayan bu və ya digər tribunadan Azərbaycanın mövqeyini səsləndirək. Bunun üçün Azərbaycan icmasını təmsil edən parçalanmış təşkilatları birləşdirmək vacibdir.
Avropada gənclər, tələbə təşkilatlarının yaradılması və möhkəmləndirilməsi çox vacibdir. Onların əsasında beynəlxalq təşkilatlarda lobbiçilik fəaliyyətini həyata keçirmək mümkündür.
Avropadakı iş təcrübəsi göstərir ki, diasporun hər hansı riket və ya nümayiş keçirməsi təcrübəsinin səmərəliliyi azdır. Məhz tələbə təşkilatları ilə ciddi iş aparmaq zəruridir. Çünki yalnız bu halda yüksək intellektual səviyyədə nəticə əldə etmək mümkündür.

- Azərbaycanın Avropaya inteqrasiyasının perspektivlərini necə görürsünüz? Sizin fikrinizcə, bu prosesdə daha çətin olan nədir?

- Bu münasibətlərin inkişaf perspektivləri, əlbəttə ki, yaxşıdır və Fəaliyyət planı üzrə danışıqların başlanması faktının özü buna ən yaxşı sübutdur. Avropa Birliyi Azərbaycanla əməkdaşlıqda maraqlıdır və ölkəmizə Avropa Birliyinin energetika təhlükəsizliyinin təminatında mühüm rol oynayan ölkə kimi baxır. Lakin Avropaya inteqrasiya nəhəng qüvvə və ekspertlər səviyyəsində AB ilə Azərbaycanın müxtəlif strukturları arasında sıx qarşılıqlı əlaqənin olmasını tələb edir.
Azərbaycanın əksər dövlət idarələrinin orta və kiçik həlqəsinin zəif səviyyədə olması və ingilis dilini bilməklə bağlı çətinliklər müəyyən problemlər yaradır. Bu, eyni zamanda Azərbaycanda yüksək peşəkar kadrların olmaması demək deyil. Sadəcə olaraq onlar dövlət strukturlarında azdır.
Mövcud problemlər nəticəsində, biz artıq bir çox illər ərzində Avropa standartlarını qəbul etməyə, zəruri qanunverici bazanın yaradılmasına, sanitar normalarının qəbul edilməsinə də nail ola bilməmişik. Bu gün kənd təsərrüfatı, balıq məhsullarının ixracı üçün geniş imkanlara malik olsaq da, real olaraq bunu edə bilməmişik. Hətta Azərbaycandan ölkənin bir çox rayonlarında bitən adi yunan qozunun idxalı, məhsulun toplanması və saxlanması zamanı texniki normalara riayət olunmaması üzündən onda aşkar edilən yüksək zəhərli aflotoksin maddəsinə görə dayandırılıb.
Avropaya çox tez-tez müvafiq tərcümələrin həyata keçirilmədiyi müxtəlif mühüm tədbirlərə xarici dili qətiyyən bilməyən şəxslər gəlirlər. Nəticədə onların həmin tədbirlərdə iştirakının heç bir səmərəsi olmur və üstəlik bu, ölkənin imicinə ziyan gətirir.
Yuxarıda göstərilənlərlə əlaqədar Avropaya inteqrasiya istiqamətində çalışan kadrların təkmilləşdirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Dövlət qulluğuna yüksək təhsilli mütəxəssislərin cəlb edilməsi üçün stimul yaradılması zəruridir. Dövlət qulluğu xarici şirkətlərdə işləməkdən daha cəlbedici olmalıdır.

Xəbər lenti

Xəbər lenti