Trend in ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov ilə eksklüziv müsahibəsi
- Siz sentyabrın 12-13-də Paris və Londonda Ermənistan və Azərbaycan XİN başçıları ilə keçirilmiş danışıqları necə qiymətləndirirsiniz?
- Hər iki şəhərdə faydalı görüşlər keçirildi. Erməni tərəfi həmsədrlərin may ayında tərəflərə təqdim etdiyi sənədlərin üzərində işləməyə hazır olduğunu təsdiq edib. Azərbaycan tərəfi sənədlərə dair öz fikirlərini söyləyib. Bu fikirlər hazırda tərəfimizdən öyrənilir. Biz onları müzakirə edəcəyik.
- Bir neçə gündən sonra Nyu -Yorkda həmsədrlərin tərəflərlə görüşündə hansı məsələlər müzakirə olunacaq?
- Gündəlik haqqında heç nə deyə bilmərəm. Lakin müzakirə olunan, o cümlədən tərəflərin mövqelərinin, iki tərəfin birbaşa əlaqələrinin bərpası üzrə bütün məsələlər nəzərdən keçiriləcək. Düşünürəm ki, bütün bu və digər məsələlər nəzərdən keçiriləcək.
- Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı məsələ müzakirə olunacaqmı?
- Xeyr. Biz bu məsələ ilə məşğul olmuruq. Bu, texniki məsələdir və bu cür məsələlərlə cənab Bernar Snuanın (Bernard Snoy) rəhbərliyi altında ATƏT-in iqtisadi və ekoloji bölmələrinin ekspertləri, həmçinin BMT-nin ətraf mühit proqramının (UNEP) ekspertləri məşğul olur. Məhz indi Vyanada bu məsələ ilə məşğul olurlar. Bir də təkrar edirəm ki, bu, texniki məsələdir və mənim fikrimcə, onun həllində həmsədrlərə ehityac yoxdur.
- Dondurulmuş münaqişələr haqqında məsələnin BMT-nin gündəliyinə daxil edilməsi cəhdini dəfələrlə pisləyən Rusiya tərəfinin reaksiyası bir çoxlarına aydın deyil. Rusiya XİN nümayəndələri iki dəfə, sonra isə RF xarici işlər nazirinin özü ittihamla çıxış edib. Bu cür mövqe nə ilə bağlıdır?
- İlk dəfə məsələ BMT -nin Baş komitəsində müzakirə edilərkən bu məsələ üzrə hətta müzakirələr də olmayıb. Orada sadəcə olaraq çıxış olub ki, bu məsələni gündəliyə daxil etmək lazım deyil. Və heç kim bu bəyanata qarşı çıxış etməyib. Lakin bundan sonra, məncə, ilk dəfə olaraq, komitənin qərarına zidd olaraq, məsələ plenar iclasa çıxarılıb. Və biz bu məsələnin daxil edilməsinin əleyhinə səs verdik, çünki biz Baş komitədə buna qarşı çıxış etmişdik. Əgər biz mövqeyimizi dəyişsəydik, bu, gülünc olardı. Sonra Rusiya XİN nümayəndəsi Kamıninin məlum bəyanatla çıxış etdi.
- Rusiya, ABŞ və Fransanın mövqelərində olan fərq nə ilə izah olunur?
- ABŞ məsələnin gündəliyə daxil edilməsinin tərəfdarı idi. Bu, onların mövqeyidir və onlar buna dair izahat verdilər. Burada mən prinsipial fərq görmürəm, çünki söhbət məsələnin gündəliyə daxil edilməsindən gedir. Biz bunun əksinə idik, amerikalılar - dəstəklədilər, fransızlar - bitərəf qaldılar. Məncə, bu, keçən il olduğu kimi baş verdi.
-Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri arasında mövqelərin ayrılması kimi qiymətləndirmək olarmı?
- Konkret bu məsələyə yanaşmada fərqlər var - bu, səsvermə zamanı özünü göstərdi. Mahiyyətcə isə, mətn ortaya çıxanda, fərq olacağını düşünmürəm.
- ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri, həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə dair məsələ müzakirə olunacaqmı?
- Düşünürəm ki, bu məsələ nazirlərlə görüşdə irəli sürüləcək. Lakin indi buna cavab verə bilmərəm. Mən nəzərdə tuturam ki, biz bu məsələyə toxunacağıq.