Bu gün Dövlət Gömrük Komitəsi Azərbaycanın yeni gömrük məcəlləsinin təqdimatını keçirib. Trend xəbər verir ki, təqdimatı komitənin sədri Aydın Əliyev açıb və o, BMT-nin İnkişaf Proqramının (UNDP) yardımı ilə gömrük sahəsində keçirilmiş tədbirlər haqqında danışıb.
"Bu istiqamətdə informasiya texnologiyaları tətbiq edilir, avtomatlaşdırılmış iş yerləri yaradılır, xarici ticarət dövriyyəsi üzrə avtomatlaşdırılmış məlumat mübadiləsi aparılır", - deyə o bildirib.
Onun sözlərinə görə, bu gün 2 ay ərzində avtomatlaşdırılmış şəbəkəyə malik gömrük orqanlarının sayı 45 olacaq. "Milli avtomatlaşdırma sisteminə 26 orqan daxildir, yaxın vaxtlarda onların sayı 31-ə çatacaq", - deyə komitə başçısı vurğulayıb.
Yeni məcəllənin təqdimatında layihənin eksperti Kolin Stringer çıxış edib.
Onun sözlərinə görə, məcəllə tamamilə müasir normalara uyğundur. Sənədin hazırlanması prosesində qaçaqmalçılıqla mübarizə, gömrük prosedurlarının sürətləndirilməsi məsələləri daha dəqiq öyrənilib.
"Məcəllə iki hissədən ibarətdir: ümumi və səciyyəvi. Birinci hissədə gömrük prosedurlarının ümumi məsələləri, ikincidə - bu işin texniki tərəfləri öz əksini tapıb", - deyə ekspert vurğulayıb.
K.Stringer qeyd edib ki, hazırlıq zamanı informasiya texnologiyalarının gömrük sahəsində tətbiq edilməsinə böyük diqqət verilib.
Təqdimat çərçivəsində bu gün həmçinin Dövlət Gömrük Komitəsi və BMT-nin İnkişaf proqramı arasında "Azərbaycanda gömrük sisteminin təkmilləşdirilməsi" layihəsinin müddətinin uzadılması üzrə saziş imzalanıb. Sənədi A.Əliyev və BMT İP-nin Azərbaycandakı rezident-koordinatoru Marko Borsotti imzalayıb.