...

"Azercell" istifadəçilərinin məxfiliyini qanunvericiliyin tələblərinə uyğun qoruyur – şirkət nümayəndəsi

Cəmiyyət Materials 27 Fevral 2008 13:02 (UTC +04:00)
"Azercell" istifadəçilərinin məxfiliyini qanunvericiliyin tələblərinə uyğun qoruyur – şirkət nümayəndəsi

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.İlhamqızı/ "Azercell Telekom" şirkəti jurnalist Üzeyir Cəfərovun şirkətdən istədiyi məlumatı yalnız məhkəmənin qərarı ilə verə bilər. Bu barədə Trend ə "Azercell" şirkətinin mətbuat katibi Rüfət Abbasov açıqlama verib.

Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, jurnalist Üzeyir Cəfərov ötən gün mətbuat konfransı keçirərək bildirib ki, bu il yanvarın 28-29 və 30-da onun mobil telefonuna gizli nömrələrdən naməlum şəxslər tərəfindən hədələyici zənglər gəlib, onu ölümlə hədələyib, təhqiramis sözlər söyləyiblər. Cəfərov bununla əlaqədar Binəqədi rayon Polis İdarəsinin 5 saylı polis bölməsinə müraciət edib. Onun ifadəsi əsasında polis bölməsi Cəfərovun istifadəçisi olduğu "Azərcell" şirkətinə yazılı müraciət edib.

Lakin "Azərcell"dən polis bölməsinə verilən rəsmi cavab məktubunda bildirilib ki, şirkət vətəndaşların təhzlükəsizliyi və məxfiliyini qorumaq məqsədilə tələb olunan nömrələri yalnız məhkəmənin qərarı əsasında verə bilər.

"Azərcell" bu cavabını Konstitusiyanın 32-ci, "Telekommunikasiya haqqında" Qanunun 38-ci, Cinayət Prosessual Məcəllənin 16, 243, 259-cu maddələrinə riayət etməsi ilə əsaslandırıb.

"Ölkənin ən böyük telekommunikasiya şirkəti olaraq biz sayı 3 milyondan çox olan abonentlərimizə ən keyfiyyətli rabitə xidmətlərini göstəririk. Biz eyni zamanda, Azərbaycan qanunvericiliyinə əsasən abonentlərimizə aid olan məlumatların məxfiliyini qoruyuruq" - deyən Abbasov əlavə edib ki, Cəfərovun "Azercell"dən istədiyi məlumatı yalnız məhkəmənin qərarı ilə təqdim edə bilərlər və Polis İdarəsinin sorğusuna cavabda bunu qeyd ediblər.

Abbasov bildirib ki, Azərbaycan qanunvericiliyinə, GSM müqavilələrinin şərtlərinə və "Azercell"də mövcud olan qaydalara əsasən, abonentə dair bütün məlumatlar, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, məxfi hesab olunduğuna görə üçüncü şəxslərə təqdim edilmir.

"Həmçinin Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 16-cı, 243-cü və 259-cu maddələrinə əsasən, şəxsi həyatın toxunulmazlıq hüququnun təmin edilməsi məqsədilə abonentə aid məlumatların məxfiliyinin saxlanılması yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Bundan başqa, Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinin 177-ci və 243-cü maddələrinin tələbləri də nəzərə alınmalıdır. Həmçinin "Telekommunikasiya haqqında" Qanunun 38-ci maddəsinə əsasən, telekommunikasiyada məxfiliyin təmin edilməsi ilə bağlı tələblərə riayət edilməlidir" - deyə şirkət nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti