...

Azərbaycanda dövlət qulluğuna keçirilmiş test imtahanından 19 ali məktəb məzunları arasında uğur qazanan olmayıb - Dövlət Komissiyası

Cəmiyyət Materials 1 May 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir K.Zərbalıyeva /

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd vermiş namizədlərin 50 faizdən çoxunu Bakı Dövlət Universitetinin (BDU), Dövlət İqtisad Universitetinin (DİU) və Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunları təşkil edib.

Prezident yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov cümə günü Trend -a bu barədə məlumat verib.

Trend -un arayışı: 29 dövlt orqanı üzrə 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün Komissiya tərəfindən müsabiqə elan edilib. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 2862 namizəddən 532 nəfəri ikinci mərhələyə buraxılıb. Bu isə bütün namizədlərin 18,59 faizini təşkil edir.

Komissiyanın sədri bildirib ki, sonuncu müsabiqənin test imtahanından müvəffəqiyyət qazanmış namizədlərin 25 faizə yaxını BDU-nun, 17 faizi DİU-nun, 47 faizə yaxını isə DİA-nın payına düşür.

Müsabiqədə iştirak etmək üçün sənəd verən namizədlər arasında 19 ali məktəb məzunları arasında test imtahanından uğur qazanan 1 nəfər belə olmayıb.

Həmin ali məktəblər sırasında Ali Hərbi Dənizçilik Məktəbi, Polis Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Gəncə Elm-Təhsil Mərkəzi, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Naxçıvan Özəl Universiteti, Özbəkistan ali məktəbləri, Naxçıvan Müəllimlər Universiteti, Bakı Asiya Universiteti və digər təhsil müəssisələri var.

Xəlilov hesab edir ki, bu göstəricilər həmin ali məktəblərdə təhsilin aşağı səviyyədə olmasından xəbər verir.

"Bu həm təhsil ocaqlarında təhsilin səviyyəsindən, həm də hər bir şəxsin özündən asılıdır. Ali təhsil almaq istəyən şəxs hər hansı sahədə biliklərə yiyələnməyi qarşısına məqsəd qoymalıdır. Diplom yalnız şəxsin biliklərini təsdiq etməlidir. Təəssüf ki, biz bunu müşahidə etmirik", - deyə Xəlilov vurğulayıb.

Xəlilovun sözlərinə görə, dünyanın qabaqcıl ali təhsil müəssisələrinin verdiyi diplomlar həmin şəxslərin seçdiyi ixtisas üzrə yüksək səviyyəli biliklərinin olmasını təsdiq edir. Və həmin şəxslərlə test imtahanının keçirilməsinə ehtiyac yoxdur.

"Bizdə də belə bir təhsil verilsəydi namizədlərlə test imtahanı keçirməzdik, yalnız şəxsin həmin vəzifəyə uyğunluğunu yoxlayardıq", - deyə Komissiya sədri bildirib.

Xəlilov deyib ki, 1990-cı illərdə biznes strukturu kimi yaradılmış özəl ali məktəblərin məzunları bilik səviyyələri aşağı olduğundan özlərinə iş tapa bilmir və elə də çətin olmayan imtahanlardan keçə bilmirlər.

Xəlilov bu problemin kompleks şəkildə həllini vacib sayır və hesab edir ki, həm təhsil müəssisələri, həm də təhsil almaq istəyən şəxslər müvafiq addımlar atmalıdırlar.

Komissiya sədri qeyd edib ki, sonuncu imtahanda İqtisadi İnkişaf Nazirliyi (83 yerə qarşı 799 namizəd qeydə alınıb və 180 nəfər imtahandan keçib), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (78 yerə qarşı 255 namizəd qeydə alınıb və 60 nəfər imtahandan keçib) və Təhsil Nazirliyi (62 yerə qarşı 230 namizəd qeydə alınıb və 38 nəfər imtahandan keçib) daha çox namizədin uğur qazandığı dövlət qurumları olub.

Prezident yanında Dövlət Qulluğu Komissiyasında 1 yerə qarşı qeydə alınmış 11 namizəddən heç biri imtahandan uğur qazana bilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti