...

Sürücünün ödəməli olduğu cərimə artıq yerində yol polisi müfəttişi tərəfindən müəyyən edilməlidir - DYP

Cəmiyyət Materials 15 İyul 2011 15:42 (UTC +04:00)
İnzibati xəta törətmiş sürücünün ödəməli olduğu cərimə artıq yerində yol polisi müfəttişi tərəfindən müəyyən edilməlidir.
Sürücünün ödəməli olduğu cərimə artıq yerində yol polisi müfəttişi tərəfindən müəyyən edilməlidir - DYP

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir K.Zərbalıyeva/

İnzibati xəta törətmiş sürücünün ödəməli olduğu cərimə artıq yerində yol polisi müfəttişi tərəfindən müəyyən edilməlidir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, iyulun 1-dək qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsində qeyd olunan pozuntulara görə nəzərdə tutulan 15-20 manat məbləğində cərimələr yerində ödənilirdi.

"Digər yol hərəkət qaydalarının pozuntularına görə isə sürücü barəsində 2 nüsxədən ibarət potokol yazılırdı və onun 1 nüxsəsi sürücüyə verilirdi. Ödənilməli olan cərimənin məbləği isə rayon yol polisi şöbəsində sürücünün və yol polisinin birgə iştirakı ilə qəbul edilən qərarda göstərilirdi", - Əliyev deyib.

Yeni qüvvəyə minən qanunvericiliyə görə, əgər sürücü törətdiyi inzibati xəta ilə razıdırsa və cəriməni yerində ödəməyə hazırdırsa, DYP əməkdaşı tərəfindən dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilir və inzibati xəta törətmiş şəxs cəriməni POS-terminaldan istifadə etməklə, plastik kart vasitəsilə ödəyir.

"Cərimə plastik kart vasitəsilə ödənildikdə tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir. Bu zaman iki nüsxədə qəbz (10 faiz güzəştlə faktiki ödənilmiş məbləğ) çap olunur, bir nüsxə protokola əlavə olunur, ikinci nüsxə isə protokolun surəti ilə birlikdə inzibati xəta törətmiş şəxsə verilir. İnzibati xəta törətmiş şəxsin plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilir və bu barədə protokolda qeyd aparılır", - o deyib.

Əliyevin sözlərinə görə, şəxs törətdiyi xəta ilə razı deyilsə, DYP əməkdaşı onun barəsində protokol tərtib edir və protokolun surəti ona verilir.

"Protokolda şəxsin işinə baxılacağı vaxt və yer qeyd olunur. Həmin şəxsin işinə baxılarkən qəbul edilən qərarda cərimənin konkret məbləği göstərilir", - Əliyev deyib.

Cərimənin minimum və maksimum məbləğinin müəyyən edilməsinə gəlincə isə şöbə rəisi deyib ki, inzibati xəta törətmiş sürücülərə qarşı cərimələrin minimum və maksimum həddi müəyyən edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır.

"Əmlak vəziyyəti dedikdə, məsələn, sürücünün idarə etdiyi avtomobil bahalıdırsa, ona maksimum, ucuzdursa, minimum məbləğdə cərimə müəyyən edilir. Şəxs təqsirini boynuna alır, peşmandırsa, ona minimum həddə, əksinə olarsa, maksimum həddə cərimə müəyyən edilməlidir. Həmçinin inzibati xəta törədənin şəxsiyyəti, cəmiyyətdəki nüfuzu da nəzərə alınmalıdır", - Əliyev deyib.

Əliyev deyir ki, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir.

Səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi isə məsuliyyəti ağırlaşdıran haldır.

Əliyev bildirib ki, şəxs törətdiyi inzibati xəta ilə razıdırsa, amma cərimənin məbləği ilə razı deyilsə, öz əsaslarını gətirməllidir.

"Ola bilər ki, onun gətirdiyi əsalardan sonra yol polisi müfəttişi ilə cərimənin məbləği ilə bağlı razılığa gəlsinlər. Sürücü həmin məbləği ödəməyə razı olmadığı halda, DYP əməkdaşı protokol tərtib edir", - Əliyev deyib.

İdarə sözçüsü bildirib ki, cərimənin minimum və maksimum məbləğinin müəyyənləşdirilməsi məqsədilə yerində araşdırma aparmaq və qərar qəbul etmək hər iki tərəf üçün daha əlverişlidir.

Xəbər lenti

Xəbər lenti