Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda probasiya xidməti haqqında qanun layihəsi hazırlanır.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov çərşənbə axşamı Trend-ə bildirib ki, belə bir qanunun qəbuluna ehtiyac var və bu məqsədilə xarici ölkələrin təcrübəsi öyrənilir.
Probasiya xidməti dedikdə azadlıqdan məhrumetmə cəzasını əvəz edən cəzalar başa düşülür.
Əlixanovun sözlərinə görə, Avropa ölkələrinin Penitensiar xidmət rəhbərlərinin 16-cı konfransında bununla bağlı məsələ geniş müzakirə olunub.
"Probasiya xidməti bir sıra ölkələrdə artıq mövcud olsa da, əksər ölkələrdə bu istiqamətdə qanunvericiliyə dəyişikliklər edilməsi üzrə hazırlıq işləri aparılır", - rəis müavini deyib.
Xidmət rəsmisi qeyd edib ki, konfransda məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların verilməsi təcrübəsinin Avropa ölkələrində az tətbiqindən narahatlıq ifadə olunub.
Məhkumların vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Avropada vahid təcrübənin olmadığını vurğulayan Əlixanovun sözlərinə görə, bu sahədə vahid qaydanın tətbiqi qeyri-mümkündür. Çünki, bu proses həyata keçirilərkən ölkələrin vəziyyəti, inkişaf səviyyəsi, mentaliteti nəzərə alınmalıdır.
"Elə cinayətlər var ki, onlara probasiya xidmətində nəzərdə tutulan cəzaların tətbiqi mumkün deyil. Bir qayda olaraq ağır və xüsusilə ağır cinayətlərə bu qayda tətbiq olunmur", - PX rəsmisi deyib.
Onun sözlərinə görə, probasiya xidmətinin yayıldığı ölkələrdə məhkumlar vaxtından əvvəl azadlığa buraxılarkən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar (qolbaq üsulu - şəxsin qoluna qolbaq taxılır və o, müəyyən edilmiş ərazidən çıxarsa, həbs olunur; polisin nəzarətinə vermə, cərimə, islah işləri cəzaları) tətbiq olunur.
Əlixanov bildirib ki, məhkumların vaxtından əvvəl azad olunması üçün xüsusi hazırlıq prosesi aparılmalı, məhkumlar azad həyata hazırlanmalıdırlar.
Onun sözlərinə görə, bu prosedurun həyata keçirilməsində yüksək məsuliyyətə və dünyagörüşünə malik, insanlarla davranmaqda, onları ələ almaqda bacarığı və səriştəsi olan, eləcə də xidmətin maraqlarına zidd hərəkətlərə yol verməyə meyilli olmayan şəxslərin iştirakı zəruridir.
"Bu prosesin həyata keçirilməsi zamanı isə əsas məqsəd ondan ibarət olmalıdır ki, azadlığa buraxılmış məhkumun yenidən cinayət törətməsi, həbsxanaya qayıtması riski minimuma ensin", - Əlixanov deyib.
Qeyd edək ki, qanunvericilik cinayətlərin ağırlıq dərəcəsindən asılı olaraq məhkumların cəzalarının 1/3 (az ağır cinayətlər üzrə) və ¾-nü (ağır və xüsusilə ağır cinayətlər üzrə) cəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılmasını müəyyən edib.
Konfransda "Penitensiar xidmət işçilərinin etika kodeksi"nin qəbulu məsələsi də müzakirə olunub.
Rəis müavini bildirib ki, Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar, Avropa standartlarının tətbiqi, məhkumların cəzalarının daha yüngül cəza növü ilə əvəz olunması, vaxtından əvvəl azad etmə və cəmiyyətə inteqrasiya olunmaları üzrə görülən tədbirlər müsbət qiymətləndirilib.