...

"Sonu olmayan dəhliz", yaxud Günayın səssiz harayı...

Cəmiyyət Materials 13 Mart 2012 16:54 (UTC +04:00)
Mart ayının 10-da Heydər Əliyev Fondunun dəstəyi ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş filmin təqdimatında iştirak etdik.
"Sonu olmayan dəhliz", yaxud Günayın səssiz harayı...

Hikmət Babaoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Mart ayının 10-da Heydər Əliyev Fondunun dəstəyi ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş filmin təqdimatında iştirak etdik. Film Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun birgə əməyinin məhsulu idi. Film Xocalı soyqırımının baş verdiyi tarixdə, yəni 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə baş verən hadisələrə işıq tuturdu. Qeyd etmək lazımdır ki, film həmin gün törədilən soyqırım faktına yeni yanaşma olmaqla modern təbliğat metodlarına cavab verən tərzdə çəkilib. Film həm hadisə zamanı soyqırıma məruz qalmış insanların ümumi taleyindən bəhs edir, həm də bir neçə ailənin fərdi faciəsində lokalizə edilərək həm ümumi statistik xarakter, həm də fərdi emosional xarakter daşıyırdı. Filmin rejissoru və yaradıcı heyəti içərisində yer alan jurnalist hadisənin iştirakçısı olduğu üçün bu, bir növ həm də həmin jurnalistin həyatından epizodlar idi. Bir sözlə, film yüksək peşəkarlıq və keyfiyyətlə çəkilib və Xocalı soyqırımını dünya ictimaiyyətinə olduğu kimi təqdim edə biləcək keyfiyyətdə idi.

Filmdə litvalı jurnalist o dövrdə bu hadisələrin iştirakçısı olub və həmin faciə şəraitində tanıdığı insanlarla sonra da əlaqə saxlamaqla həmin insanları çəkdiyi filmin qəhrəmanları kimi təqdim edib. Filmin orijinallığı ondan ibarət idi ki, bu, birbaşa insanların emosiyalarına, duyğularına müraciət etməklə ümumi soyqırım kimi ifadə etdiyimiz söz birləşməsinin altında nə qədər dərin kədərli, faciəvi və qeyri-insani hadisələrin olduğunu göstərir.

İkigünlük körpənin faciəvi taleyi

Təqdim edilən filmin qəhrəmanlarından biri həmin gecə (bir gün öncə) dünyaya yenicə körpəsini gətirmiş anadır. Bu ananın körpəsi cəmi 2 gün əvvəl dünyaya göz açıb. Həyata vəsiqə alar-almaz erməni vandalları tərəfindən törədilən vəhşiliklərin şahidi olub. Filmdə müəllif həmin gecə soyqırımdan qaçıb xilas olmağa çalışarkən anasının qucağından yerə düşən bir körpənin o dövrdə lentə alınmış kadrlarını nümayiş etdirir. Sonda isə həmin qız artıq 19 il sonra on doqquz yaşlı gənc kimi kadrlarda yer alır. Amma bu gənc aldığı zədə nəticəsində danışa bilmir. Valideynləri onun adını Günay qoyublar. Təəssüf ki, Günay 19 yaşında olsa belə, Günəşi, Ayı görsə də insanlara həyat bəxş edə, bu gözəlliklərin adını belə söyləyə bilmir. Əslində, Günay o dövrdə əlbəttə ki, nə baş verdiyini anlamamışdı. Sonrakı illərdə də Günay nə olduğunu, necə olduğunu bilməmişdi. Çünki o, əqli və zehni baxımdan bu hadisələri anlayacaq vəziyyətdə deyildi. O gecə baş verən hadisə Günayı dünya həqiqətlərini dərk etməkdən məhrum etmişdi. Amma buna baxmayaraq, soyqırımın baş verdiyi gecə Günayın yaddaşında iz buraxmasa belə, onun baxışlarında kök salmışdı. Filmin sonunda hələ film çəkilərkən sağ olan və ailəsi ilə birlikdə yaşayan Günay kadrlarda əks olunur. Qeyri-müəyyən nəzərləri ilə yaradıcı heyətin ona verdiyi suallara laqeyd-laqeyd baxır. Əslində, bu laqeydlikdə bir tənə, bir çağırış, bir haray var. Bu haray ədalət istəyi harayıdır. Sanki bu soyqırımın bütün fiziki və mənəvi əzabları Günayın baxışlarında toplaşıb. Ona görə də filmdə Günayın baxışlarının səssiz harayı onu seyr edən hər bir insanın qəlbini riqqətə gətirməklə ədalətə səsləyir. Bu baxışlar əlbəttə ki, təkcə Günayı qorumağa deyil, onu həm də xoşbəxt etməyə borclu olan bizlərə yönəlmiş baxışlar deyildi. Bu baxış eyni zamanda dünyaya, bəşəriyyətə, bütövlükdə insanlara doğru dikilmişdi. Bu baxışlardakı haray, çırpınış insanları ədalətə çağırırdı. Görəsən, biz insanlar milliyyətimizdən asılı olmayaraq, Günayın bu harayına cavab verə biləcəyikmi?! Günayın baxışının istədiyi bu ədaləti nəhayət bərpa edə biləcəyikmi?!

Danışa bilsəydi, görəsən, Günay bizlərə nə deyərdi...

Filmin sonunda kadrlarda yazılan yazılardan məlum olur ki, Günay 2011-ci ildə dünyasını dəyişib. Film çəkiləndə Günayın anasının dediyi arzular dilə gətirilir: "Bircə bu qızı müalicə etdirə bilsəydim". Görəsən, Günay müalicə olunsaydı, nələr danışardı, nələr anladardı. Görəsən, Günayın hafizəsi yerində olsaydı, nə istədiyini hansı sözlərlə və necə deyərdi?! Amma bunlar olmadı. Məncə, Günay deyə biləcəyi, demək istədiyi sözləri baxışları ilə ən gözəl şəkildə dedi. Bizlər o baxışdakı harayı bu gün dilimizlə, bu baxışlardakı ədalət istəyini bu gün sözlərimiz, yazımız, qələmimizlə dünyaya çatdırmalıyıq və çatdırırıq.

Filmdə təqdirəlayiq məsələlərdən biri də baş vermiş hadisələrin məntiqli izahı və erməni iddialarına onların öz dili ilə cavab verilməsi idi. Yaradıcı heyətin və ideya müəlliflərinin məharətlə istifadə etdiyi metod filmdə erməniləri ifşa edir. Kadrlarda Xocalıya hücum planını hazırlayan bir hərbçi və bir hərbi komandir danışdırılır. Onların hər ikisi iddia etməyə çalışırlar ki, Xocalı vacib strateji bir nöqtə olduğundan, müharibə şəraitində oranın boşaldılması şərt idi və oradan əhalinin çıxarılması ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilmişdi. Filmdə çox böyük məharətlə erməni hərbi cinayətkarlarının irəli atdığı bu iddia onların öz dilləri ilə alt-üst edilir.

Soyqırım törədənlərin etirafları

Və ən sonda, nəhayət filmdə erməni hərbi cinayətkarlarının söylədikləri onların böyük komandirlərinin və ən böyük cinayətkarın dili ilə etiraf edilir. Hər nə qədər bu cinayətkarlar filmdə özlərini günahsız kimi təqdim etməyə çalışsalar da, Sarkisyan adlanan cani - o dövrdə Xocalı soyqırımı hadisəsində birbaşa iştirak edən və əlində silah o kadrlarda görünən cani, sonda Böyük Britaniya qəzetlərinin birinə verdiyi müsahibəsində soyqırımı belə etiraf edir: "Azərbaycanlılar inanmırdılar ki, biz dinc əhalini qırarıq, onlara qarşı silah işlədə bilərik. Lakin biz Xocalıda bu soyqırımı törətməklə, dinc əhalini qətlə yetirməklə bu stereotipi qıra bildik".

Məhz Xocalı soyqırımını törətmiş və bu işə rəhbərlik etmiş bir şəxsin rəsmi etirafının filmdə öz əksini tapması, hesab edirik ki, olduqca vacib bir fakt olmaqla, həm də bir yenilik idi. Bu, bizə imkan verir ki, gələcəkdə Xocalı soyqırımını törədənlərin beynəlxalq hərbi tribunalda cəzalandırılmasını hüquqi baxımdan əsaslandıraq.

Filmdə Xocalı soyqırımını törədən cinayətkarların cinayət əməlləri, qeyri-insani hərəkətləri çox dəqiqliklə öz əksini tapıb. İdeyanın düzgün qoyulması çəkiliş zamanı məhz bu soyqırıma məruz qalmış insanların və həmin gecə faciə ilə üzləşmiş insanların filmin qəhrəmanı kimi seçilməsi, iki ailənin timsalında bu faciənin dünya ictimaiyyətinə anladılması Xocalı soyqırımının dünyaya tanıdılmasında keyfiyyətcə yeni bir metodun tapılması deməkdir. Eyni zamanda, filmdə faciəni törədənlərin öz dilləri ilə soyqırım törətdiklərini etiraf etmələri də təbliğat baxımından bizə böyük üstünlük verir. Həmçinin, Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən hüquqi nöqteyi-nəzərdən qiymətləndirilməsi üçün bizə yeni əsaslar yaratmış olur. Filmin sonunda bir erməni etiraf edir ki, bu, insanlığa qarşı törədilmiş bir cinayətdir və erməni olaraq, həmvətənlərinin həmin hərəkətlərindən utanır. Bu etiraf da ilk olmaqla əlbəttə ki, müsbət bir haldır. Filmdə erməni qeyd edir ki, mən əminəm ki, biz Xocalı soyqırımını törədənlərin cəza aldıqlarını yaşadığımız dövrdə görəcəyik.

O gün gələcək..!

Biz də əminik ki, görəcəyik. Amma bizim arzumuz bir az daha fərqlidir. Biz onların cəzalandırıldığını görənlərin sırasında deyil, onları cəzalandıranların sırasında olmalıyıq. Onları biz cəzalandıracağıq. Başqaları cəzalandırsa, hesab edirik ki, biz Günayın səssizcə haray çəkən baxışları, eləcə də öz vicdanımız qarşısında daima özümüzü günahkar hiss edərik. Ona görə də, biz əlbəttə ki, Xocalı soyqırımını törədənlərdən hesab soracağıq. Hesab edirəm ki, bu film Günayın səssiz harayını, Günayın baxışlarından dalğa-dalğa içimizə axan və qəlbimizi parçalayan ədalət istəyinə verilən cavablardan biri idi. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində həyata keçirilən bu layihə Günayın səssiz harayının film vasitəsilə dünyaya çatdırılması idi. Əminik ki, ölkəmizdə həyata keçirilən dövlət və ordu quruculuğu işi nəticə etibarı ilə torpaqlarımızın azad olunmasına, günahsız insanlarımızın qisasının alınmasına gətirib çıxaracaq. O gün gələcək, mütləq gələcək! O günü bizlərə hər gün bir az daha da yaxınlaşdıran addımlardan biri də Heydər Əliyev Fondunun çəkdirdiyi "Sonu olmayan dəhliz" filmidir...

Xəbər lenti

Xəbər lenti