...

Araşdırma: Azərbaycanda 40 faizədək uşaq gələcək təhsili ilə bağlı qərarı özü qəbul etmir

Cəmiyyət Materials 19 Mart 2012 17:08 (UTC +04:00)
"İrəli" İctimai Birliyi və "Save the Children" (Uşaqların Xilası) Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyinin məktəbli uşaqlar arasında keçirdiyi sorğu zamanı respondentlərin 39 faizi öz həmyaşıdlarının məktəbi erkən tərk etməsini təsdiqləyib.
Araşdırma: Azərbaycanda 40 faizədək uşaq gələcək təhsili ilə bağlı qərarı özü qəbul etmir

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir M.Əliyev/

"İrəli" İctimai Birliyi və "Save the Children" (Uşaqların Xilası) Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyinin məktəbli uşaqlar arasında keçirdiyi sorğu zamanı respondentlərin 39 faizi öz həmyaşıdlarının məktəbi erkən tərk etməsini təsdiqləyib.

Trend-in bazar ertəsi verdiyi xəbərə görə, bu məlumat Milli Məclisin Sosial siyasət komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, "İrəli" və "Save the Children" təşkilatının Azərbaycan nümayəndəliyinin parlamentdə birgə təşkil etdiyi tədbirdə açıqlanıb.

Həmyaşıdlarının məktəbi erkən tərk etməsini təsdiqləyən sorğu iştirakçılarının 66 faizi qeyd edib ki, həmin uşaqlar qızlardır.

"Azərbaycanda uşaq hüquqları və uşaq iştirakçılığı" mövzusunda baş tutan dinləmələrdə həmçinin qeyd olunub ki, sorğu Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində, Beyləqan, Samux, Göygöl, Lerik rayonlarında keçirilib. Sorğuda iştirak edən uşaqların 38 faizi öz gələcək təhsili ilə bağlı qərarın özləri tərəfindən qəbul edilmədiyini bildirib. Həmçinin, sorğu zamanı uşaqların 44 faizi internetə çıxışın olmamasını, 40 faizdən çoxu yaşadığı ərazidə kitabxananın olmamasını etiraf edib.

Milli Məclisdə təşkil olunmuş dinləmələr zamanı uşaqlardan seçilmiş nümayəndələr sorğunun nəticəsi olaraq təkliflərlə çıxış edərək regionlarda uşaq hüquq mərkəzlərinin yaradılmasının, erkən nikahların aradan qaldırılmasının vacibliyini qeyd ediblər.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, ölkədə qeydə alınan 90 min nikahdan 5 minində nikaha girən tərəflərdən heç olmasa birinin yaşı 18-dən aşağı olub. "Bu, katastrofik rəqəm olmasa da, düşünməyi vacib edir", - o deyib.

Xəbər lenti

Xəbər lenti