...

Azərbaycanda qəzetlərin əl yayımı ilə məşğul olan qurumun yaradılması təklif edilir

Cəmiyyət Materials 3 İyul 2012 13:04 (UTC +04:00)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü qəzetlərin əl yayımı ilə bağlı problemlərin həlli üçün müəyyən qurumun yaradılmasını məqsədəuyğun sayır.
Azərbaycanda qəzetlərin əl yayımı ilə məşğul olan qurumun yaradılması təklif edilir

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Mehdiyev/

Mətbuat Şurasının İdarə Heyətinin üzvü qəzetlərin əl yayımı ilə bağlı problemlərin həlli üçün müəyyən qurumun yaradılmasını məqsədəuyğun sayır.

"Burada əsas problem ondan ibarətdir ki, polislə əllə qəzet yayanlar arasında fikir ayrılığı olur və onlar deyirlər ki, polis bizə təzyiq göstərir. Ancaq məsələ elə deyil. Bəzən yolun elə hissələrində qəzetləri satırlar ki, bu, nəqliyyatın hərəkətinə maneə, hətta bəzən təhlükə törədir", - Trend-ə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

Bu baxımdan, Sadıqov hesab edir ki, hər hansı bir sahibkar bir şirkət təsis edib qəzetlərin əl yayımı ilə məşğul olan insanları cəlb etsə, o şirkət vasitəsilə həmin insanların hüquqları qorunar və bu cür hallar baş verməz.

Onun sözlərinə görə, dövlət mətbuat və söz azadlığını təmin etmək məqsədilə media üzərində nəzarəti aradan qaldırıb. Həm mətbuat və informasiya nazirliyi, həm senzura nəzarəti ləğv olunub. İndi hansısa bir özəl qurum bu işi öz üzərinə götürməlidir.

Sadıqovun fikrincə, bu gün qəzetlərin əsas problemlərindən biri qəzetlərin tirajının aşağı düşməsidir.

"Ümumiyyətlə, dünyada çap mediasının bazarında böyük problemlər yaşanır. Yəni, həm tiraj aşağı düşür, həm çap mediasına verilən reklamlar azalır və bütovlükdə bunlar çap mediası, onun gələcəyi ilə bağlı müzakirələrə rəvac verir", - o deyib.

Millət vəkilinin fikrincə, bir qisim insanlar bunu elektron qəzetlərin, internetin meydana çıxması ilə izah edirlər, bəzi insanlar isə az vaxtlarının qalması, insanların kitabdan uzaqlaşmaları ilə əlaqələndirirlər.

"Lakin bunu nə ilə izah etmələrinə baxmayaraq, belə bir tendensiya, fakt var və bu, o cümlədən Azərbaycanda da müşahidə olunur. Deyərdim ki, hətta Azərbayanda bu daha ağır formada müşahidə olunur. Çünki qəzetlər həddindən çox aşağı tirajla çap olunur. Azərbaycanda 10 min tiraj yüksək sayılır, halbuki Azərbaycan əhalisinin sayı 9 milyonu keçib. Belə olan halda 10 min necə yüksək tiraj sayıla bilər?", - Sadıqov deyib.

O bildirib ki, bu da elə bir problem yaradır ki, nəinki qəzetlərin özlərinə, kollektivin sosial durumuna təsir edir, bütövlükdə haradasa mətbuat və söz azadlığına ziyan gətirən bir məsələ kimi meydandadır.

"Yəni daha ağıllı, intellektli insanlar jurnalistika ilə məşğul olmağa gəlmir, qəzetdə işləyən bacarıqlı insanlar daha yüksək məvacibli işlərə gedirlər və beləliklə də, mətbuatın peşəkarlıq problemi yaranır, peşəkar jurnalistlər azalır. Ağıllı və peşəkar insanlar az olduqda isə mətbuat öz missiyasını layiqincə yeriə yetirə bilməz", - Sadıqov deyib.

Xəbər lenti

Xəbər lenti