...

Azərbaycan İranın Xəzərin çirkləndirilməsi ilə bağlı ittihamlarına cavab verib

Cəmiyyət Materials 24 Avqust 2012 18:30 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi İranın Ətraf Mühit Təşkilatı sədrinin dəniz məsələləri üzrə müavini Abdurrza Kərbasinin Xəzərin çirkləndirilməsində Azərbaycanın rolu barədə söylədiyi ittihamlara cavab verib.
Azərbaycan İranın Xəzərin çirkləndirilməsi ilə bağlı ittihamlarına cavab verib

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbirlər İ.İsabalayeva, T.Cəfərov/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi İranın Ətraf Mühit Təşkilatı sədrinin dəniz məsələləri üzrə müavini Abdurrza Kərbasinin Xəzərin çirkləndirilməsində Azərbaycanın rolu barədə söylədiyi ittihamlara cavab verib.

Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə cümə günü Trend-ə deyib ki, Xəzərin çirkləndirilməsində Azərbaycanın rolu barədə İran tərəfindən ittihamların irəli sürülməsi ilk dəfə deyil.

Onun sözlərinə görə, dənizin ekoloji durumunun yaxşılaşdırılması, ətraf mühitinin mühafizəsi üçün beş Xəzəryanı ölkə birgə səy göstərməlidir.

"Cənab Kərbasini narahat edən neft hasilatı nəticəsində ekoloji təhlükə ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra burada neft az tullantılı və tullantısız qabaqcıl texnologiyalar və müasir idarəetmə sistemləri tətbiq edilməklə hasil olunur. Bu da ətraf mühitə təsiri minimuma endirməyə imkan verir", - Səttarzadə əlavə edib.

O qeyd edib ki, Xəzərin çirklənməsinin əsas səbəbi qurudan çirklənmə, xüsusilə sənaye və məişət tullantılarının çaylar vasitəsilə dənizə axıdılmasıdır. Bu, onu göstərir ki, Azərbaycan heç cür əsas çirklənmə mənbəyi ola bilməz. Xəzərin qurudan çirklənməsinin real göstəricisi isə dənizin sahil zolağında məskunlaşan əhalinin sayı ilə bağlıdır.

"İranın Xəzər sahil zolağında yaşayan əhalisinin sayının bütün digər Xəzəryanı ölkələrin sahil hissəsində yaşayan əhalinin ümumi sayından artıq olduğunu nəzərə alsaq, qurudan çirklənmədə İranın payının Azərbaycandan daha çox olduğunu söyləyə bilərik. Belə ki, Xəzərin İran sahil ərazilərində təmizləyici qurğu və kanalizasiya sistemlərinin olmaması, bu ərazilərdə əsasən kənd təsərrüfatı ilə məşğul olunduğundan külli miqdarda kanalizasiya suları, kimyəvi gübrə, o cümlədən pestisidlərdən istifadə olunması Xəzər dənizinin çirklənməsində daha böyük rol oynayır", nazirlik rəsmisi əlavə edib.

O deyib ki, Azərbaycanda ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin ətraf mühitin qorunması məsələlərinə böyük diqqət göstərilir. Son illər ərzində Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab su təmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə iri miqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, Xəzər dənizinin hətta kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğular quraşdırılaraq "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb.

"Düşünürük ki, digər Xəzəryanı dövlətlərə qarşı ittihamlar irəli sürmək əvəzinə həmin ölkələrlə birgə Xəzərin ətraf mühiti və bioloji resurslarının mühafizəsi istiqamətində fəaliyyəti genişləndirmək daha məqsədəmüvafiq olar",- Səttarzadə bildirib.

Qeyd edək ki, İranın İRNA agentliyinin məlumatına görə, İranın Ətraf Mühit Təşkilatının sədrinin dəniz məsələləri üzrə müavini Abdurrza Kərbasi deyib ki, Azərbaycan Xəzər dənizində köhnəlmiş neft qurğuları ilə neft hasılatı edir və bununla da dənizi çirkləndirir. İran Xəzər dənizində təmizlənmə xərcləri və ətraf mühitə dəymiş ziyanı hesablayacaq. Bundan sonra Azərbaycanın dənizi çirkləndirdiyi üçün cərimə ödəməsi məqsədilə İranın Xarici İşlər Nazirliyi vasitəsi ilə lazımi orqanlara şikayət olunacaq.
"Ənzəli sahillərində neft ləkələri ekspertlərimiz vasitəsi ilə müşahidə olunub. Aparılmış araşdırmalar göstərir ki, bu ləkələr Azərbaycanın köhnə platformalarından dənizə axır. Onlar da tufan və külək vasitəsi ilə İran sahillərinə gəlir", -deyə Kərbasi deyib.

Xəbər lenti

Xəbər lenti