...

Yol polisi Bakıda ictimai nəqliyyatda nizam-intizamı pozanlara qarşı amansız olacaq

Cəmiyyət Materials 26 Fevral 2013 12:48 (UTC +04:00)
Bakıda ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizamın yaradılması və avtobuslarla bağlı yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə müvafiq tədbirlər görülməsi davam etdirilir.
Yol polisi Bakıda ictimai nəqliyyatda nizam-intizamı pozanlara qarşı amansız olacaq

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizamın yaradılması və avtobuslarla bağlı yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə müvafiq tədbirlər görülməsi davam etdirilir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, bu məqsədlə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ötən gün paytaxtın 5 müxtəlif nöqtəsində müvafiq tədbirlər həyata keçirilib. Tədbirlər paytaxtda metronun "İnşaatçılar", "Elmlər Akademiyası", "Koroğlu", "Qara Qarayev" stansiyaları yaxınlığında və Hüseyn Cavid prospektindəki avtobus dayanacaqlarında keçirilib.

Keçirilən tədbirlər zamanı avtobus dayanacaqlarını qanunsuz zəbt etdiyi üçün 38 taksi sürücüsünə inzibati protokol tərtib edilib. Onlardan bu xətanı ötən həftə ərzində təkrar törətdiyi üçün 4 nəfər barəsində təkrar protokollaşdırma aparılıb. Məlum olub ki, bu sürücülər ötən dəfə törətdikləri xətaya görə onlara tətbiq edilmiş cəriməni də ödəməyiblər.

Yol polisləri tərəfindən müvafiq kateroqiya olmadan avtobusu idarə etdiyinə görə 6, dayanacaqdan kənar yolların hərəkət hissəsində ikinci cərgədə dayanmış 9, sərnişinlərlə dolu avtobusla yanacaqdoldurma stansiyasına daxil olan 1, sürücülük vəsiqəsi olmadan avtobusu idarə edən 2, işıqforun qadağanedici işığında keçdyinə görə 1, qoşa xətti kəsib əks istiqamətli yol zolağına daxil olduğuna görə 2, yolayrıcıları keçmə qaydalarını pozan 3 avtobus sürücüsünə inzibati qaydada protokol tərtib edilib.

Bundan əlavə, yanvarın 1-dən fevralın 25-dək Bakı şəhəri ərazisində yol-hərəkətinin təhlükəsizliyinin təmin edilməsində yol polisi əməkdaşları tərəfindən 94 mindən artıq inzibati protokol tərtib edilib. Bunlardan 455-i avtomobilin sərxoş halda idarə edilməsinə, 1942-si işıqforun qırmızı işığında hərəkət etməyə, 4156-sı sürət həddinin aşılmasına, 681-i sərnişindaşıma qaydalarının pozulmasına, 27-si avtoxuliqanlığa, 1156-sı sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi, eləcə də 16244-ü piyadaların yol hərəkət qaydalarını pozmasına görə tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti