...

Brüsseldə Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş poçt markasının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 11 May 2013 20:15 (UTC +04:00)
Şənbə günü Brüssel şəhərində Belçika Poçt Təşkilatı tərəfindən nəşr edilmiş Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.
Brüsseldə Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş poçt markasının təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Şənbə günü Brüssel şəhərində Belçika Poçt Təşkilatı tərəfindən nəşr edilmiş Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə səfirliyin və NATO yanında Nümayəndəliyin kollektivləri ilə yanaşı, Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, "Ana vətən" azərbaycanlı qadınlar birliyinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Fuad İsgəndərov Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yolunu xatırlayaraq, məhz Heydər Əliyevin uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb.

Səfir Fuad İsgəndərov Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərin ölkəmizin yenicə əldə etdiyi müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan Respublikasının hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd edib və hər bir azərbaycanlının qəlbində iz buraxdığına əmin olduğunu bildirib. Səfir bu gün Belçikada nəşr edilmiş poçt markalarının Ulu Öndərimizin Azərbaycan dövlətçiliyi naminə fəaliyyətinin Avropa məkanında əbədiləşməsinə xidmət edəcəyini və bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç bir zaman unudulmayacağını vurğulayaraq, Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd edib.

"Ana vətən" azərbaycanlı qadınlar birliyinin sədri Maisa xanım Ağamirzəyevə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında rolunun danılmaz olduğunu vurğulayaraq, Heydər Əliyev irsinin əbədi olacağına əminlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti