...

Elşad Abdullayevin yaydığı video ilə bağlı həbs olunan Baş nazirin müavininin sabiq köməkçisinin apelyasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 1 Avqust 2013 16:13 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn barəsində olan məhkəmə hökmündən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Elşad Abdullayevin yaydığı video ilə bağlı həbs olunan Baş nazirin müavininin sabiq köməkçisinin apelyasiya şikayəti təmin edilməyib

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Apelyasiya Məhkəməsində Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn barəsində olan məhkəmə hökmündən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Vaqif Hüseynin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Vaqif Hüseynin cəzanın yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib

Qeyd edək ki, Vaqif Hüseyn Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmündən həm Vaqif Hüseyn, həm də vəkili Elman Mustafayev apelyasiya şikayəti verib. Vəkil apelyasiya şikayətində müdafiə etdiyi şəxsin günahsız yerə həbs edildiyini və onun barəsində olan hökmün ləğv edilməsini xahiş edib. Vəkil qeyd edib ki, Vaqif Hüseynin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmalıdır.

İttihama görə, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla, yəni hər hansı vəzifəli şəxsə külli miqdarda rüşvət verməklə nail olmaq niyyətində olub və rüşvət vermək qərarına gəlib.

Vaqif Hüseyn Elşad Abdullayevin rüşvət kimi vermək istədiyi pul vəsaitini ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək, guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olması, buna görə rüşvət vermədə vasitəçi kimi pulun müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi, faktiki olaraq səlahiyyətləri olmadığı halda veriləcək pul müqabilində universitetin fəaliyyətinin davam etdirilməsini təmin edəcəyi barədə yalan vədlər verib. O, Elşad Abdullayevi inandıraraq etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti