...

Ciddi nöqsanlara görə 14 bölgə üzrə Tibbi-sosial ekspert komissiyalarının sədrləri vəzifələrindən azad edildi (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2013 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Noyabrın 29-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və tibbi-sosial ekspertiza xidməti əməkdaşlarının iştirakı ilə respublikada əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya işinin təşkili sahəsində mövcud vəziyyətin müzakirəsinə, bu sahədə neqativ halların aradan qaldırılması və şəffaflığın təmin olunması ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda S.Müslümov tibbi-sosial ekspertiza xidmətində əhalidə narazılıq yaradan neqativ halların aradan qaldırılmasının, bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun tərzdə yenidən qurulmasının möhtərəm ölkə rəhbəri tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Qeyd edilən sahədə ciddi nöqsanların mövcud olduğu diqqətə çatdırılaraq bildirilib ki, əlillik təyin olunmuş minlərlə şəxsə müvafiq arayışların verilməsi heç bir səbəb olmadan uzun müddət, bəzən iki ilədək gecikdirilib. Vətəndaşlarda haqlı olaraq ciddi narazılıq yaradan bu halın aradan qaldırılması üçün artıq həmin arayışların verilməsinə başlanıb və ilk iki gün ərzində artıq 2280 nəfərin arayışları verilib. Həmçinin onkoloji, dializ xəstələrinin, I qrup əlilliyi olanların, penitensiar müəssisələrdə cəza çəkənlərə arayışların verilməsi təmin olunub.

Əlillik təyinatı ilə bağlı Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən təqdim olunmuş işlərin hazırda diqqətlə araşdırıldığı, artıq bir çox işlərin nöqsanlı olduğu və araşdırmaların son nəticələrinə əsasən uyğun tədbirlər görüləcəyi bildirilib.

İclasda respublikanın regionları üzrə ilkin əlilliyin intensivlik və əlillərin reabilitasiya göstəriciləri ətraflı təhlil edilib və bir sıra rayonlar üzrə əlilliyin artım göstəricisinin obyektiv səbəblər olmadan ölkə üzrə orta göstəricidən yüksək olduğu aşkar vurğulanıb.

Eyni zamanda, tibbi-sosial ekspertiza xidmətinin bərpa-müalicə müəssisələri ilə əlaqəli fəaliyyətinin formal xarakter daşıdığı, reabilitasiya göstəricilərinin aşağı olduğu, əlilliyin təyin olunması üçün səhiyyə müəssisələri tərəfindən bir sıra hallarda əsassız göndərişlərin verildiyi, vətəndaşın reabilitasiya olunduqdan bir neçə il sonra yenidən qeyri-şəffaf yolla əlillik qrupu aldığı və s. nöqsanlardan söz açılıb, hər bir bölgə üzrə tibbi-sosial ekspertiza xidmətinin vəziyyəti nəzərdən keçirilib.

İclasın yekunu olaraq, qəbul edilən qərarlara əsasən, fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlara görə 14 bölgə üzrə TSEK-lərin sədrləri vəzifələrindən azad edilib, daha 2 bölgə üzrə TSEK sədri isə aşağı vəzifəyə keçirilib.

Nazir S.Müslümov tibbi-sosial ekspertiza xidməti sistemində məqsədyönlü struktur dəyişikliklərinin aparılması, əlillik təyinatları barədə aidiyyəti təşkilatlarla sənəd və məlumat mübadiləsinin yaxın bir ay ərzində tam elektronlaşdırılması, o cümlədən əlilliyinin müəyyən olunması barədə arayışların verilməsi işinin TSEK tərəfindən müvafiq təşkilata elektron şəkildə məlumat ötürülməsi mexanizmi ilə əvəzlənməsi, lüzum olmadığı halda (məsələn, müxtəlif səbəblərdən bədənin bu və ya digər orqanından məhrum olma halında) əlilliyin təkrar müayinəsinin aparılması kimi qeyri-obyektiv yanaşma praktikasına son qoyulması, əlilliyin müəyyən olunması ilə bağlı qanunvericilik bazasının mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi və əlillik təyinatının əmək qabiliyyətlilik səviyyəsinə uyğun şəkildə təsnifatının aparılmasının diqqətdə saxlanılması və s. barədə tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti