Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Mehdiyev/
Dünyada gedən maliyyə böhranı gənclər üçün layiqli əmək uğrunda mübarizədə ciddi maneələr yaradıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev AHİK-in və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə keçirilən "Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda seminarda çıxışı zaman deyib.
S.Mehbalıyevin sözlərinə görə, böhranın meydana çıxardığı əsas problem odur ki, bu gün gənclər arasında işsizlik orta yaşlılar arasında işsizlikdən 3 dəfə çoxdur: "Müasir şəraitdə gənclərin rastlaşdığı problemlər özünün müxtəlifliyi ilə seçilir. Yaxşı təhsil almaq və layiqli iş yeri tapmaq imkanını itirən gənclər daha az müdafiə olunur və adətən, natamam iş vaxtı və qeyri-adekvat sosial müdafiə sistemi olan az maaşlı, müvəqqəti iş yerlərində çalışırlar. Gənclər təhsildən əmək fəaliyyətinə keçərkən böyük çətinliklərlə üzləşirlər. Oxumayan, işləməyən və peşə hazırlığı keçməyən gənclər arasında iş tapmaq ümidini itirənlərin və ali təhsilli işsiz gənclərin sayının artması tendensiyası hamımızda narahatlıq doğurur".
AHİK sədri bildirib ki, dünyada 1,2 milyard gənc var ki, onların da 43 faizi faydalı əməklə məşğuldur. Onun sözlərinə görə, Azərbaycanda 15-29 yaşlı gənclər respublika əhalisinin 29,3 faizini, işləyənlərin isə 24,4 faizini təşkil edirlər: "Respublikada gənclər arasında işsizlik 10,9 faizdir. 130 min işsiz gəncin 13,9 faizi ali təhsilli, 54,6 faizi isə orta təhsilli gənclərdir.
S.Mehbalıyev qeyd edib ki, bu gün Azərbaycan Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasına qoşulub.
Onun sözlərinə görə, bu təşəbbüs BƏT-in texniki yardımı ilə BMT tərəfindən dəstəklənib: "Təhsildən əmək fəaliyyətinə keçmək, gənclərin məşğulluq vəziyyətinin təhlili üzrə sorğunun nəticələri, eləcə də gənclərin məşğulluğuna təsir üzrə milli plan Azərbaycanda məşğulluq siyasətinin üstün cəhətləri kimi onlar arasında işsizliyin azaldılmasını, gənclərin məşğulluq və sahibkarlıq fəaliyyətinə təsiri, peşə hazırlığı kurslarının təşkilini üstün cəhət kimi önə çəkir. Gənclərlə bağlı müxtəlif məsələlərin, o cümlədən məşğulluq probleminin həlli üçün ölkədə 2015-ci ilədək fəaliyyət göstərəcək dövlət gənclər proqramı qəbul edilib".
Onun sözlərinə görə, AHİK sosial tərəfdaşlardan biri kimi, bu istiqamətdə aparılan tədbirlərdən kənarda qalmır və gənclərin məşğulluğuna dəstək siyasəti və proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi prosesində fəal iştirak edir.