Azərbaycan, Bakı, 2 iyun /Trend/
"Azərbaycan" İntellektual Oyunlar klubu Qərb regionunu əhatə edən intellektual hərəkat layihəsi yekunlaşıb və ümumilikdə 7 rayonun 1000-dən çox gənci bu layihədən faydalanıb.
Trend-in məlumatına görə, layihəyə əsasən, fevral ayından başlayaraq Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında "Nə? Harda? Nə zaman?" intellektual oyunları üzrə rayonlar çempionatları keçirilib.
Hər ay öz rayonlarında qalib olmuş komandalar isə Şəmkirdə, "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Qərb region birinciliyində iştirak ediblər.
Fevral, mart və aprel ayları ərzində ümumilikdə Gədəbəy rayonu üzrə 46, Tovuz rayonu üzrə 39, Göygöl rayonu üzrə 45, Qazax rayonu üzrə 26, Samux rayonu üzrə 20, Şəmkir şəhəri üzrə 30, Ağstafa rayonu üzrə isə hərəkata aprel ayından qoşulduqları üçün 8 komanda iştirak edib.
Rayon qaliblərinin iştirak etdiyi Qərb region birinciliyində isə mart ayında "Zəka" (Şəmkir), aprel ayında "Xəzər" (Samux), may ayında isə "Helenendorf" (Göygöl) komandaları qalib olub.
Layihə haqda danışan AİOK-un prezidenti Aydın Piriyev bildirib ki, ilk vaxtlar qarşılaşdıqları ən böyük problem rayon gənclərinin bu tipli yarışlar haqqında məlumatsızlığı olub: "İntellektual oyunlar onlar üçün yenilik idi. Layihənin sonlarında vəziyyət kökündən dəyişmişdi. Artıq yarışların keçirildiyi məkanlarda böyük coşqu müşahidə olunur və komandalar bütün diqqətlərini suallara cəmləyərək, qalib olmağa cəhd göstərirdilər".
Bu yarışlarln region gənclərinə nə qazandırması məsələsinə toxunan A.Piriyev qeyd edib ki, layihə ilk növbədə ucqar region gənclərinin fəallaşmasına səbəb oldu, onlara cəmiyyətimizin çox əhəmiyyətli bir hissəsi olduğunu hiss etməyə imkan yaratdı: "Bundan başqa, layihə onların intellektual səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, komanda ruhunu dərindən anlamalarına yardımçı oldu. Rayonlarda qalib olmuş komandaların Şəmkirdəki region birinciliyində isə əsl intellektual yarış ab-havasının üzərinə dostluq və birlik ab-havası da əlavə olundu. Komandalar, iştirakçılar arasında çox səmimi münasibətlər yarandı. Bir sözlə, layihə Qərb region gəncləri arasında intellektual mübarizə ilə yanaşı, çox səmimi, dostluq, birlik münasibətlərinin yaranmasına da təkan verdi".