...

"Azəryolservis" ASC: Bakıda avtomobillərin yolları zəbt etməsi nəticəsində biabırçı vəziyyət yaranıb (VİDEO)

Cəmiyyət Materials 12 İyun 2014 17:16 (UTC +04:00)
Bakıda bir sıra ərazilərdə avtomobillərin yolları zəbt etməsi nəticəsində biabırçı vəziyyət yaranıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
"Azəryolservis" ASC: Bakıda avtomobillərin yolları zəbt etməsi nəticəsində biabırçı vəziyyət yaranıb (VİDEO)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda bir sıra ərazilərdə avtomobillərin yolları zəbt etməsi nəticəsində biabırçı vəziyyət yaranıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, konkret olaraq avtomobillərin yolu zəbt etməsi nəticəsində paytaxtın Həsən Əliyev (keçmiş İnqilab) küçəsində dözülməz vəziyyət yaranıb: "Bu yaxınlarda Bakının Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissəsi əsaslı şəkildə yenidən qurularaq asfaltlanıb. Lakin təmirdən sonra avtomobillərin küçəni zəbt etməsi nəticəsində yolun buraxma qabiliyyəti aşağı düşüb. Hər gün ərazidə keçilməz tıxaclar yaranır. Vəziyyət o həddədir ki, sürücülər avtomobilləri qoşa xəttin üstündə saxlayırlar. Sual olunur: Bu yol avtomobillərin rahat hərəkət etmələri, yoxsa orada park edilməsi üçün təmir olundu?"

P.Mürsəliyev ironiya ilə qeyd edib ki, belə vəziyyətdə küçənin digər hissələrinin asfaltlanması zamanı yalnız iki zolağı təmir etmək lazım gələcək. Qalan hissə torpaq şəklindəcə qalacaq: "Əgər yolun cəmi iki zolağı işlək olacaqsa, daha dövlət əlavə xərc çəkib niyə digər zolaqları da təmir etsin? Onda bundan sonra elə ikicə zolağın örtüyünü asfalt-beton edək, qalan zolaqlar da elə beləcə torpaq şəklində qalsın. Onsuz da oradan avtomobillərin park edilməsi istifadə ediləcək də. Əgər orada yalnız avtomobillər dayanacaqsa, onda əlavə xərc çəkib oranın təmirinə nə ehtiyac var?! Yolun buraxmaq qabiliyyəti olmayacaqsa, yolda yenə süni şəkildə keçilməz tıxaclar yaradılacaqsa, onda onun asfaltlanmasının heç bir mənası yoxdur..."

"Azəryolservis"in sözçüsü bildirib ki, bəzən hətta yollarda adicə xətlənmə işlərini də aparmaq mümkün olmur: "Maşınları park edirlər, sonda edilən bütün xəbərdarlıqlara baxmayaraq, onları ərazidən götürmürlər. Maşını alan adam əvvəlcədən onu harada saxlayacağını da fikirləşməlidir. Biri deyir ki, həyətimdə maşını saxlamaq üçün yerim yoxdur. Əgər həyətində yer yox idisə, bəs niyə fikirləşmirdin ki, maşını harada saxlayacaqsan? Ticarət obyektləri tikirlər, sonra qabağı avtomobillərlə dolaraq yol kəsilir. Obyekt tikən adam zəhmət çəkib onun altında avtomobil saxlamaq üçün yer də düzəltsin".

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, yolun hərəkət hissəsinin avtomobil sahibləri və sürücülər tərəfindən zəbt edilməsi yolun tezliklə sıradan çıxmasını da tezləşdirir: "Belə ki, məsələn, 4 və ya 6 zolaqlı yolda, bir neçə zolağın yükü bir zolağın üzərində düşür ki, bu da yolun həmin hissəsində asfalt-beton örtüyünün sıradan çıxmasını tezləşdirir, yolun buraxma qabiliyyəti isə aşağı düşür".

P.Mürəliyev sonda bir daha sürücüləri və avtomobil sahiblərini yol hərəkəti qaydalarına riayət etməyə, yollarda süni şəkildə tıxac yaratmamağa, paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olan hərəkətlərə yol verməməyə çağırıb.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti