...

"KamAZ"ın "avtoş" sürücüsünün Bakıda yol polisinə və vətəndaşlara yaşatdığı şok anlar (VİDEO)

Cəmiyyət Materials 2 İyul 2014 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda yük avtomobilinin sürücüsü yol polisi əməkdaşlarının əmrinə tabe olmamaqla yanaşı, bilərəkdən qəza da törədib.

Trend xəbər verir ki, Bakıda görünməmiş sürücü harınlığı qeydə alınıb. Belə ki, iyunun 29-da axşam saatlarında 18.11.1983-cü il təvəllüdlü, Lənkəran rayon sakini Fətullayev Elbrus Ağayar oğlu idarə etdiyi "42 BX 372" dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili ilə paytaxtın Dövlət Bayrağı Meydanı ərazisindən başlayaraq şəhər istiqamətində, Neftçilər prospektində hərəkətdə olarkən "yük avtomobillərinin hərəkəti qadağandır" nişanının təsir zonasına daxil olub. Sürücü tikinti materiallarının daşınması qaydasını pozub. O, tikinti materiallarının daşınması üçün xüsusi örtükdən də düzgün istifadə etməyib. Yollardakı müşahidə kameraları vasitəsilə nəzarətə götürülən həmin avtomobilin saxlanılması üçün yol polisləri tərəfindən əmr verilsə də, sürücü bu əmrə tabe olmayıb. Bu azmış kimi "KamAZ"ı onu müşayiət edən yol patrulu avtomobilinin üstünə sürərək onu əks istiqamətli hərəkət zolağına çıxmağa məcbur edib. Özü isə işıqforun qırmızı işığında da dayanmadan hərəkətini davam etdirib.

Belə olduğu təqdirdə harınlamış sürücünü ram etmək üçün əməliyyata əlavə qüvvələr cəlb olunub. Artıq Azadlıq meydanında onu yol polisinin 3 avtomobili və 1 motosikli təqib etməyə başlayıb. Hərtərəfli əhatə olunan "KamAZ"ın sürücüsü vəziyyətdən çıxa bilmədiyini gördükdə avtomobili Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında qarşıda dayanmış sərnişin avtobusunun üstünə sürüb. "KamAz" yalnız avtobusla toqquşandan sonra məcburi dayanıb. Hadisə zamanı avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Trend-in hadisə ilə bağlı sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, sürücü Fətullayev Elbrus Ağayar oğlu əvvəllər də dəfələrlə yol polisi əməkdaşlarının saxlama işarəsinə əhəmiyyət verməyib, hətta avtomobili polis əməkdaşlarının üzərinə sürərək onların həyatı üçün təhlükə yaradaraq qaçıb gizlənməyə müvəffəq olub. Ona görə də onun barəsində axtarış elan olunub: "Normadan artıq yük daşıyan sürücüyə inzibati protokol yazılması üçün dəfələrlə saxlama əmri verilib, lakin sürücü avtomobili yol polisinin üzərinə sürərək qaçıb gizlənməyə nail olduğu üçün barəsində axtarış elan edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairəsindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib. Lakin kadrlardan da göründüyü kimi, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürücü "Azneft meydanı"nda avtopatrul işçisinin saxlama işarəsinə əhəmiyyət verməyib, onun hərəkətinə qəza yaradıb, daha sonra onu qarşı hərəkət zolağına çıxmağa məcbur edib, tabe olmadığını bariz şəkildə sübut etməyə çalışıb. Belə olduğu təqdirdə onun təqibinə digər yol patrulu avtomobilləri də cəlb edilib, həmin avtomobilin dayanması üçün yolda süni olaraq sıxlığın yaradılması üçün məcburi tədbirlər görülüb. Sürücü Neftçilər prospektində avtomobillə ilanvari hərəkətlər edərək yol polisini qorxutmağa çalışıb, lakin buna nail olmadıqda kifayət qədər ara məsafəsinin olmasına baxmayaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında dayanmış sərnişin avtomobusunu bilərəkdən arxadan vurub. Hətta qəza törətdikdən sonra da o, polisin avtomobildən enməsi əmrini yerinə yetirməyib, polis özü qapını açaraq şortik-maykada olan sürücünü endirməyə müvəffəq olub. Saxlanılan zaman sürücünün sərxoş vəziyyət olmadığı da ortaya çıxıb. Hələlik sürücü Səbayıl Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 310-cu (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs edilib. Lakin ona qarşı əlavə ittihamlar da irəli sürüləcək".

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti