...

Nigar Nərimanbəyova: Parislilər görürlər ki, biz necə mehriban xalqıq (MÜSAHİBƏ) (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2014 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbirlər Ülviyyə Heydərova, İlkin İzzət/

Parisdə yaşayan həmyerlimiz Nigar Nərimanbəyova Azərbaycan mədəniyyətinə əvəzsiz xidmətlər göstərmiş böyük Nərimanbəyovlar nəslindəndir. Deyirlər, dahilər uşaqlarında istirahət edir. Amma Nigar xanımın kətan üzərində yaratdığı əsərlərə baxanda bu məsəlin yanlış olduğunu görürük. Gəlin, "Paris və Bakı adamı maqnit kimi özünə çəkir və həmişəlik sevdirir," - deyən bu xanımla, eləcə də Nərimanbəyovlar sülaləsi ilə bir qədər yaxından tanış olaq.

Beləliklə, Trend Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın məşhur Nərimanbəyovlar nəslinin hazırda Fransada yaşayan nümayəndəsi Nigar Nərimanbəyova ilə müsahibəni təqdim edir.

Nərimanbəyovlar və Fransa...

- Nigar xanım, siz Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr vermiş Nərimanbəyovlar nəslinin nümayəndəsiniz. Bu nəsil həm də Azərbaycan-Fransa əlaqələrinin bəlkə də təməl daşlarından biri hesab olunur. İstərdik ki, əvvəlcə bir az Nərimənbəyovlar nəslini Fransa ilə bağlayan köklərin tarixindən danışasınız...

- Həqiqətən də Nərimanbəyovlar nəslinin nümayəndəsi olmağımla həmişə fəxr və qürur hissi keçirirəm. İstərdim ki, dünyaya Vidadi və Toğrul Nərimanbəyov kimi böyük rəssamlar bəxş etmiş Nərimanbəyov-Lya Rude ailələri haqqında bəhs etmək üçün bir neçə əsr öncəyə qayıdım. Nərimanbəyovların kökü qədim Qarabağdandır. Bizim ulu babamızın babası Nəriman bəy Qarabaği təhsili, mədəniyyəti ilə Şuşa şəhərində sayılıb-seçilən zadəganlardan olub. Onun Allahverən bəy və Nəriman bəy adında oğlanları varmış. Nəslin davamçılarıdan olan, mənim babamın atası, ixtisasca vəkil Əmirbəy Nərimanbəyov Azərbaycan Xalq Cümhuriyyəti dövrundə Bakı şəhərinin general-qubernatoru olub. Onun əmisioğlu Nərimanbəy Nərimanbəyov da Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından, 1918-ci il mayın 28-də Azərbaycanın Müstəqillik Aktını imzalayanlardan biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi idi.

Mənim babam Yaqub-Fərman Nərimanbəyov da Şuşada dünyaya göz açmışdı. O, ilk təhsilini Şuşada aldıqdan sonra 1918-ci ildə istedadlı tələbələrin sırasında Avropaya təhsil almağa göndərilib və beləliklə də Nərimanbəyovların Fransa macərası başlayıb. Tuluza Universitetinin energetika mühəndisi fakültəsində oxuyan babam elə həmin şəhərdə rəssam-modelyer ixtisası üzrə təhsil alan nənəm, fransız İrma Lya Rude ilə tanış olur. Nənəm Fransanın cənubunda yerləşən Qaskoniyadan - Henrix Navar və D'Artanyanın vətənindəndir. Lya Rude - qədim fransız nəsillərindəndir. Nəslin demək olar ki, bütün nümayəndələri rəssamlığa meyilli olub. Evimizdə indiyə kimi onların rəsmləri saxlanılır...

Beləcə babamla nənəm bir-birini sevir və 1926-cı ildə Fransanın Kann şəhərində evlənirlər. Həmin ərəfədə onların hər ikisi Kannda magistraturada oxuyurdular. Ailənin ilk övladı - atam Vidadi Kannda dünyaya gəlir. Qısa müddətdən sonra isə ailə Parisə köçür. Onlar şəhərin incəsənət adamlarının toplaşdığı Monparnasse rayonunda yaşayırlar. Babam təhsilini Sorbonnada davam etdirir, nənəmsə moda salonunda çalışır.

Babam Vətəni üçün darıxdığına görə 1929-cu ildə gənc ailə Sovet Azərbaycanına dönməyi qərara alır. 1930-cu ildə ailənin ikinci övladı - Toğrul əmim dünyaya gəlir. Babam yüksək təhsilli energetika mühəndisi kimi Mingəçevir SES-in inşaatında iştirak edir, nənəmsə dərziliklə məşğul olur. O, ümumiyyətlə, Bakıda məşhur kuturye olub və hətta 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günləri üçün kostyumlar hazırlayıb.

Bizim ailədə üç dildə - Azərbaycan, fransız və rus dillərində danışılırmış. Ulu babam Əmirbəy fransız dilini gözəl bildiyinə görə nənəm özünü həmişə evindəki kimi hiss edirmiş. Ailənin bütün üzvləri onunla öz doğma dilində danışarmış. Atam fransız dilini hələ uşaqlığından bilirdi. Məhz bu səbəblərdən ailəmizdə Fransa ilə hər zaman mənəvi bağlılığımız olub. Göründüyü kimi, iki böyük mədəniyyətə malik xalqın nümayəndələri olan babam və nənəmin birgə izdivacından atam və Toğrul əmim kimi son dərəcə istedadlı rəssamların dünyaya gəlməsi təsadüfi deyil. Onlar Azərbaycan və Fransa mədəniyyətini birləşdirən körpülər hesab olunurlar.

"Çətin illər"...

- Deyirlər ağrılı-acılı günlər çox-çox sonralar bəzən şirin xatirələrə də çevrilir. Bəs atanız və əminiz keşməkeşli uşaqlıq dövrünü necə xatırlayırdılar? Ümumiyyətlə, Vidadi və Toğrul Nərimanbəyovların qardaşlıq münasibətlərindən danışardınız.

- Əlbəttə, uşaqlıq illərini tez-tez xatırlayardılar. Çünki uşaqlıqları xoşbəxt və eyni zamanda faciəvi olub. Deyim ki, atam və kiçik qardaşı Toğrul elə uşaqlıqdan istedadlı olublar. Axı onlar yaradıcı mühitdə, Parisdən Sovet İttifaqına çətinliklə gətirilən incəsənətə dair kitabların arasında böyüyüblər. Lap kiçik yaşlarından rəsm çəkməyə başlayıblar. Evlərinə Bakının yaradıcı ziyalıları toplaşarmış. Onlar royalda ifa edər, oxuyar, fransızca incəsənət haqqında müzakirələr edərmişlər. Bu, o dönəm idi ki, atamın valideynləri Fransadan Bakıya dönmüşdü və Stalin repressiyasının çarxları işə düşmüşdü. Çox keçmədi ki, babam işlədiyi yerdəcə həbs olunur və Kolıma göndərilir. Tutulmağının səbəbi isə o idi ki, babam qubertanor-zadəgan oğlu olub və əcnəbi vətəndaşla ailə qurub. Sonradan yeni il gecəsi nənəm İrma fransız olduğuna görə həbs edilir. Nənəmə şərtlər qoyulur: ya uşaqları Azərbaycanda qoyub öz vətəninə dönməli, ya da Qazaxıstana sürgün olunmalıdır. Nənəm söyləyirdi ki, onunla Bayıl türməsində yatan əcnəbilərin çoxu tez ruhdan düşüb, uşaqlarından imtina etməklə vətənlərinə qayıdıblar. Nənəm isə ikinci yolu - sürgün həyatını seçib. Deyirlər ki, nənəm onu həbs edənlərin üstünə qışqırırmış ki, öz oğlanlarını heç vaxt atmayacaq. Sonralar atam yüzlərlə əcnəbinin saxlanıldığı həbsxanada anası ilə keçirdiyi ağır günləri ürək ağrısı ilə xatırlayırdı. Nənəm Qazaxıstana sürgün olunan gün atam ağlaya-ağlaya yük qatarının arxasınca qaçıb, anası isə ona qışqıraraq deyibmiş: "Oğlum, özünü və qardaşını qoru! Mən tezliklə qayıdacağam!" Oğlanlar uzun illər tək qalıblar. Onların yanında ancaq qoca polyak dayə - Anna Andreyevna olub. O, öz cüzi təqaüdü ilə onlara baxıb, böyüdüb, tərbiyəsi ilə məşğul olub.

Atam həmişə deyərdi ki, Anna Andreyevna son pullarına fırça, boya və Toğrula həmişə alma alarmış. Almanı yastığında gizlədərmiş ki, hər səhər onun üçün sürpriz olsun. O, qardaşı Toğrulun əlindən tutub pionerlər evindəki təsviri sənət dərnəyinə gedərmiş. Qardaşına deyərmiş ki, biz səninlə böyük rəssam olub, öz valideynlərmizi sevindirməliyik. Sonra atam Muxin adına Leninqrad Rəssamlıq Akademiyasına qəbul olur, təhsilini Tbilisidə Rəssamlıq Akademiyasında bitirir. O, Tbilisidə "Çətin illər" əsərini yaradır ki, həmin tablo indi də orada muzeydə qorunur. Bu əsərin əsasında sonralar "Xalq müharibəsi" əsəri yaranır. Tablo Moskvada faşizm üzərində qələbənin 20 illiyinə həsr olunmuş sərginin ən yaxşı əsəri olur. Atamın "Müharibə yollarında", "Adsız yüksəklikdə", "Bakılılar. Qırx birinci ildə" əsərləri inanılmaz gözəllik və dramatizmi ilə fransız klassisizm dövrünün böyük təmsilçiləri olan Delakrua, Enqr, Jerikonun rəsmləri ilə uyarlılıq təşkil edir. Həmçinin, atam portret, peyzaj, natürmort növlərində də parlaq əsərlər yaradıb.

Deyim ki, atam və Toğrul əmim qardaşlıqdan əlavə son günlərinə kimi çox yaxın dost olublar. Onlar hətta planetin müxtəlif nöqtələrində olsalar belə, gün ərzində bir neçə dəfə zəngləşib, saatlarla danışıb, bir-birinin dərdini bölüşüblər. Çünki uşaqlıqdan bir-birinə mənən çox bağlı olublar. Atam rəhmətə gedəndə Toğrul əmim dedi ki, atasının, anasının ölümündən sonra o, üçüncü dəfə yetim qaldı.

Uşaqlıq və gənclik illəri...

- İndi isə istərdik Nigar Nərimanbəyova ilə daha yaxından tanış olaq. Bilirik ki, siz rəngkarlıqla məşğul olmazdan əvvəl multiplikasiya sahəsində rəssam kimi çalışmısınız. Hətta Moskvada bu sahə üzrə təhsil də almısınız...

- Mən lap uşaq vaxtından rəsm çəkməyə başlamışam. Yadımdadır ki, hələ uzun illər bundan əvvəl kiçik mənzilimizə görkəmli rəssamlar, yazıçılar, bəstəkarlar toplaşardı. Onlar bizim italyan üslublu məhəlləmizdəki tut ağacının altında bütün gecəni çay içərdilər, incəsənət haqqında möhkəm mübahisə, müzakirə edərdilər. Sürrealistlərə, impressionistlərə tənqid və təriflər yağdırardılar. Toğrul əmi italyan serenadaları ifa edərdi, yazıçı Viktor Qolyavkin öz yeni hekayələrini oxuyardu. Məşhur rəssamlar olan Səttar Bəhlulzadə, Tələt Şıxəliyev, Müslüm Abbasov, Qorxmaz Əfəndiyev, Fərhad Xəlilov, Rauf Şaşikaşvili deyib-gülər, zarafatlaşardılar. Əlbəttə ki, bu könül oxşayan kampaniyada atam Vidadi Nərimanbəyov da var idi. O, inanılmaz erudisiyalı insan, filosof, mütəfəkkir idi. Ömər Xəyyamdan, Axmadulinadan, Voznesenskidən əzbər şeirlər söyləyərdi. Mən isə rəssamlığı son dərəcədə sevən qızcığaz akvarellə çəkdiyim rəsmlərimi gətirib onlara göstərərdim. Yadımdadır ki, Səttar əmi məni tərifləyib, demişdi ki, "bu lap Sezanndan da əla çəkir". Mən də bundan çox qürurlanmışdım.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini əla qiymətlərlə başa vurandan sonra Qerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun multiplikasiya kinosu fakültəsinin quruluşçu rəssamlıq bölümündə böyük multiplikasiya ustası Lev Milçinin sinfinə qəbul oldum. Mənim rəngkarlıq, rəsm və kompozisiya üzrə yaxşı pedaqoqlarım olub. Odur ki, yaxşı klassik və akademik təhsil almışam. Belə bir baza və özülə nail olmağım, üstəlik gənc yaşlarımdan özümün ekspressionizm bazasından qaynaqlanaraq adlandırdığım Onirik Xromatizm üslubumla əsərlərimdə yuxularımı və xəyallarımı əsk etdirirəm. Diplom işim dahi Nizami Gəncəvinin "Leyi və Məcnun" əsəri olub. Bu vaxta kimi 25 əsər yaratmışam. Diplom işim böyük maraqla qarşılanıb və hətta Moskvada Manejdə kino və teatr rəssamlarının Ümumittifaq sərgisində nümayiş olunub, Moskvada "Dekorativ incəsənət" jurnalında dərc edilib.

Cizgi filmi...

-Təəssüflər olsun ki, Azərbaycan cizgi filmi sahəsində o qədər də böyük uğurlar əldə edə bilməyib. Sizcə, ölkəmizdə bunu necə inkişaf etdirmək olar?

- Bu sənəti dünya səviyyəsinə necə çıxartmaq haqqında fikirlər söyləmək mənə çox çətindir. Məncə, bir qrup istedadlı həmfikir, yüksək təhsilə malik olan peşəkarlar lazımdır. Onlar böyük dividentlər gözləmədən bir ideya və məqsəd ətrafında birləşməlidirlər. Axı, cizgi filmi heç vaxt böyük pullar qazandırmır. Bu sənətə sevgi olanda nəsə yeni bir şey yaratmaq mümkündür.

Həmişə öz eskizlərim əsasında cizgi filmi yaratmağı arzulamışam. Bakıya dönəndə "Azərbaycanfilm" kinostudiyasında bu arzumu reallaşdırmaq üçün çox səy göstərdim. Bu, fars miniatürləri əsasında hazırlanmış bir saatlıq tammetrajlı film olmalıdır. Mən kinostudiyada rejissor, rəssam və ssenari müəllifi kimi ilk müəllif cizgi filmimi - "Düşüncə" filmini yaratdım. Film Bax və Vivaldinin musiqisi fonunda xeyir və şər haqqındadır. İş böyük uğur qazanıb, beynəlxalq və ümumittifaq kinofestivallarda nümayiş olunub. Amma həmişə "Leyli və Məcnun"u çəkmək istəmişəm. Təəssüflər olsun ki, kinostudiya 90-cı illərdə demək olar fəaliyyətini dayandırdı və mən əsas, sevimli sənətim olan rəngkarlıqla məşğul olmağa başladım. Ümid edirəm, nə vaxtsa öz arzumu həyata keçirəcəm və cizgi filmimi çəkəcəm.

"Uşaqlıq yuxuları" və şeirlər...

- Cizgi filmi yaradıcılığından uzaqlaşsanız da, rəngkarlıq nümunələrinizə baxanda hiss olunur ki, uşaq mövzusu hələ də sizinlədir. Yaradıcılığınızdakı "Uşaqlıq yuxuları" silsiləsi buna parlaq misaldır.

- Düşünürəm ki, uşaqlıq hər bir rəssamın həyatında gözəl nağıl kimidir. Uşaqlıqda həmişə xəyalpərəst olmuşam. Həmin illərdə şeirlər də yazırdım. Axmatovanın, Svetayevanın vurğunu idim. Sonradan öz şeirlərimin əsasında rəsm çəkmək ideyası yarandı. Nə vaxtsa kitab çıxartsam, oraya fantasmaqorik sətirlərimi də əlavə edəcəyəm. Adətən, rəsmlərim uşaqlıq xatirələrimin simbiozundan yaranır. Bunlar kiçik qardaşım Əmirbəyə söylədiyim və uydurduğum nağıllardır. Yeri gəlmişkən, "Uşaqlıq yuxuları" seriyası bu ilin yanvar ayında Parisdə Paulia Rosa qalereyasında, həmçinin ötən il Salon Biznes Art 2013 - də uğurla nümayiş olunub.

"Yuxu və yuxuyozmalar"...

- Rəngkarlıq nümunələrinizlə tanış olanda görünür ki, yuxu mövzusu yaradıcılığınızda əsas xəttdir. Hətta 1996-cı ildə "Yuxu və yuxuyozmalar" silsiləsindən sərginiz Azərbaycanda böyük maraq doğurub. Kətan üzərində gördüklərimizi yuxularınız hesab edə bilərikmi?

- Bəli, "Yuxu və yuxuyozmalar" silsiləsini 1996-cı ildə Bakıda qadın rəssamların sərgisində nümayiş etdirmişəm. Daha sonra o öz obraz sərhədini genişləndirib "Uşaqlıq yuxuları"na kimi böyüdü. O zaman sərgiyə ümummilli lider Heydər Əliyev də gəlmişdi, bu silsilədən olan rəsmlərimə böyük maraq göstərmişdi. O, uzun müddət əsərlərimə baxdı, rəsmlərin texnikası və yaranma tarixi ilə maraqlandı. Həmin an özümü necə xoşbəxt hiss etdiymi ifadə edə bilmirəm. Mənim üçün çox böyük fəxr idi ki, əsərlərim incəsənət bilicisi olan Heydər Əliyev kimi böyük insan tərəfindən bəyənilmişdi.

Əslində, kətan üzərinə köçürdüklərimi detallarına kimi tez-tez nağılvari, möcüzəvi yuxularımda görürəm. Bu barədə öz zamanında Antuan de Sent Ekzüperi yazıb. Onun əsərlərinin ideyaları yuxularında gəlirdi. Bu, obrazlılığı və alleqorikliyi ilə ruhuma yaxın olan "Balaca Şəhzadə"yə aiddir. Ümumiyyətlə, yuxu silsiləsindən olan yeni bir əsər yaradanda həmin müddətdə xəyalən təsəvvür etdiyim dünyanın içində oluram. Hazırda "Uşaqlıq yuxuları" silsiləmi bitirmişəm və bütünlükdə "Teatr və Balet" seriyasına keçmişəm. Bu mənim yeni silsilədən olan işimdi. O bütünlükdə fantasmaqorik və simvolikdir. Burada çoxlu metafor var - emosiyalarla, hisslərlə, enmələrlə, qalxmalarla, ümidsizliklə və sevgiylə dolu olan həyat... Çətin qadın naturasından ruhlanma və onun mahiyyəti. Bu, teatrın həyatı deməkdir. Bu silsilə də bu ilin fevral ayında Parisdə Paulia Rosa qalereyasında Beynəlxalq Teatr və Balet sərgisində, həmçinin aprel ayında Monakoda "Dünya Rəssamları" sərgisində, Parisdəki Rusiya Mədəniyyət Mərkəzində "Rus Palitrası" sərgisində uğurla nümayiş olunub. Sentyabr ayında isə Parisdə və Kannda böyük sərgilərdə nümayişi gözlənilir.

Narın sehri

- Yeri gəlmişkən, rəsmlərinizin birində nar təsvir olunub. Nar əminiz Toğrul Nərimanbəyovun yaradıcılığında prioritet təşkil edirdi. Əminizin nar haqında fikirləri ilə müəyyən qədər tanışıq. Bəs, sizin üçün nar elementi hansı anlamı daşıyır?

- Mənim üçün nar doğma Azərbaycanımızın simvoludur. Bu, sevgi, qan kimi parlaq və istidir. Bərəkət və nağıl simvoludur. Axı, onun dənələri sehirli və müəmmalı aləmin qiymətli daşı hesab olunur. Özünüz təsəvvür edin, qalın və kobud qabığın altında incə, kövrək, sehirli cism, ruh gizlənib. O qiymətli mücrü kimidir, özündə bizim xalqın qədim sirlərini və ənənələrini qoruyur, insanlara al qırmızı qan kimi öz şirəsini verir. Nar xalqımızın sirli nağılıdır, heç kim heç zaman onun sirrini aça bilməyəcək. Bu, böyük Azərbaycan xalqının gücü və ruhu deməkdir. Əsərimdəki nar Bakı gecəsinin fonunda təsvir olunub, onun ətrafında nağıl və əfsanələrin qoruyucuları olan pərilər uçurlar.

Ah, Paris, Paris...

- Siz bir neçə ildir ki, Parisdə yaşayırsınız. Paris dünyaca məşhur rəssamların ilham mənbəyi olub. Bu şəhər yaradıcılığınıza necə təsir göstərib? Ümumiyyətlə, şəhərin möcüzəsi nədədir ki, incəsənət adamları ora bu qədər bağlı olurlar?

- Bəli, artıq neçə illərdir ki, Parisdə yaşayıb yaradıram. Bu gözəl şəhərin qədim tarixindən, azad ruhundan, onun poeziya ilə dolu küçələrindən, musiqisindən ilhamlanıram. Mən Bulon meşəsindən bir qədər kənarda yaşayıram. Səhər pəncərəni açanda otağa şam ağacının, çəhrayı kolların, təravətli otların ətri dolur. Hər yerdən quşların cəh-cəhi gəlir. Ağ kətanı qoyuram, rəsm özü-özünə yaranır. Elə bil ki, Allah özü fırçanı kətanda idarə edir. Viktor Hüqo və Volterin dəfn olunduğu qədim Sorbonn və Panteonun yanındakı Latın məhəlləsinin küçələrini bloknotumda çəkməkdən xoşum gəlir. Pikassonun, Dalinin, Modilyaninin, Van Qoqun getdiyi kiçik rahat kafedə oturub, küçə musiqiçisinin akkardeonda Edit Piafın repertuarından səsləndirdiyi mahnıların sədaları altında bloknotuma eskizlər çəkməyi çox sevirəm. Qədim Monmartrı, şən Monparnassı və səs-küylü Yeliseyi sevirəm. Sevimli Luvruma, xüsusən də fransız klassisizm zalına baş çəkməkdən böyük zövq alıram. Delakruanın, Davidin, Enqrin əsərlərindən ilhamlanıram. Sonra italyan renessans zalına gedirəm, Botiçellinin, Rafaelin və sevimlim Leonardonun əsərlərinə baxıb onun sirlərini açmağa çalışıram. Böyük yazıçı Heminquey yazır ki, Paris səninlə həmişə olan bir bayramdır. Paris və Bakı çox oxşardırlar. Onlar mənə görə dünyada ən gözəl və doğmadı. Hər ikisi də adamı maqnit kimi özünə çəkir və həmişəlik sevdirir. Dünyaya böyük mədəniyyət nümunələri bəxş etmiş hər iki şəhəri birləşdirən bir sərgi açmaq fikrindəyəm.

Sərgilər...

- Bilirik ki, Parisdə bir neçə sərginiz keçirilib. Sərgilər fransızlar tərəfindən necə qarşılanıb?

- Demək olar, Fransanın hər yerində sərgilərim olub. Atamla və qardaşım Əmirbəylə Fransanın cənubunda yerləşən Bordo, Po, Kulunye-Şamye, Biariss və digər şəhərlərdə birgə sərgilərimiz olub. Bu sərgilər böyük uğura imza atıb, bunlar haqqında bir çox fransız qəzetləri və jurnalları yazıb. Sonuncu sərgim Parisin Pyer Karden Mərkəzinin Salon Biznes Art 2013 salonunda keçirilib. Bir neçə sərgim Paulia Rosada təşkil olunub. Yeri gəlmişkən, "Adajio" əsərim uzun müddət parislilərin və turistlərin ən sevimli gəzinti yeri olan Parisin mərkəzindəki Marre rəssamlar məhəlləsində yerləşən qalereyanın mərkəzi vitrinini bəzəyib. Sonra əsərim aprel ayında Monakoda Şahzadə II Albertin rəhbərliyi ilə keçirilən "Dünya Rəssamları" adlı sərgidə uğurla sərgilənib. Mənə çox xoş və qürurvericidir ki, doğma Azərbaycanımı Avropada nəhəng incəsənət layihələrində təmsil edirəm. Çox xoşdur ki, fransız publikası böyük maraq və sevgiylə yaradıcılığımı qəbul edir. Qarşıda məni çoxlu maraqlı və nəhəng beynəlxalq sərgilər gözləyir. Sentyabrda "Teatrın bütün həyatı" silsiləsi Kannda böyük ustad Pikassonun nəvəsi olan Marina Pikassonun kuratoru olduğu "Dünya Rəssamları" beynəlxalq sərgisində nümayiş olunacaq. Oktyabr ayında isə Pyer Karden Mərkəzinin yeni mövsümündə Salon Biznes Art 2014-də həmin silsilədən olan yeni əsərlərim sərgilənəcək. Həmçinin, Parisdə Qrand Palenin Böyük Payız Salonunda peşəkar münsiflərin seçdiyi sərgiyə qatılacağam. Dekabr ayında isə Parisin mərkəzi qalereyasında sərgimin açılması gözlənilir.

Vətənlə birgə...

- Azərbaycan diasporu ilə əlaqələriniz varmı? Həmvətənlərinizlə tez-tezmi görüşürsünüz?

- Bizim Parisdə səfirliyimizlə sıx bağlı olan çox mehriban diasporumuz var. Hər ikisinin əməkdaşlığı sayəsində Fransada Azərbaycanın təbliğatı istiqamətində çox işlər görülür. Eyfel qülləsinin yanında, gözəl yerdə yerləşən heyranedici Azərbaycan Mədəniyyət Mərkəzi var. Diaspor nümayəndələrinin üzvləri və parislilər bura gəlməyi sevirlər. Mərkəzdə tez-tez Azərbaycan musiqisi konsertləri, bayramları, sərgiləri, poeziya və Azərbaycan tarixi günləri keçirilir. Diasporumuzun üzvləri hər zaman sərgilərimə qatılırlar, uğurlarıma sevinirlər. Parislilər görürlər ki, biz necə mehriban xalqıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti