Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bələdiyyələrin daşınmaz əmlakdan götürdüyü vəsait demək olar ki, heç nədir. Bələdiyyələrin büdcəsində bu pay təxminən 10 faizə yaxındır. Ancaq nəzərə alsaq ki, Azərbaycanda 1,9 milyon ev təsərrüfatı var, o cümlədən, şəhərlərdə 1 milyondan artıq mənzillər var, onda bu daşınmaz əmlakdan tutulan vergi heç nədir. Bir ev təsərrüfatından 2,5 manat vəsait tutulur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə bu gün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Nəsimi bələdiyyəsinin, "Bələdiyyə həyatı" qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkialtının (GİZ) təşkilatçılığı ilə "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda keçirilən seminarda deyib.
Komitə sədri qeyd edib ki, bu sahədə vergilərin yığılmasında çətinliklər var: "Bunun da səbəblərindən biri ev təsərrüfatlarının hamısının qeydiyyatdan keçməməsidir. Bu, bəzi insanları təmin edir. Özləri də istəmirlər ki, gedib sənədləri alsınlar. Bu mənada bələdiyyələrin üzərinə böyük vəzifə düşür. Verginin yığılmasının texniki hissəsindən daha çətini insanları bələdiyyə vergilərini ödəməyə inandırmaqdır. Seçicilərə göstərmək lazımdır ki, yığılan vəsait hara gedir. İnsanlar bunu bilməsə, yenə laqeyd baxacaqlar. Deyəcək ki, mənim 10 manatımla iş düzəlməz. Ona görə də izahat verilməlidir, görüləsi işlər barədə məlumat verilməli və bunun onların vəsaiti hesabına mümkünlüyü bildirilməlidir".
A.Rəhimzadənin sözlərinə görə, əhali yerli vergilərin ödənməsində fəal olmalıdır: "Çünki bu onların öz xeyrinədir. Nöqsanlardan biri budur ki, hər şeyi dövlətdən, hökumətdən gözləyirik. Mənzillər əhalinin mülkiyyətidir. Onların əksəriyyəti indi daşınmaz əmlak vergisini ödəmək istəmirlər. Bir müddət sonra həmin binaların təmiri ilə əlaqədar yeni vergilər tətbiq olunmalıdır. Dövlət o binaları təmir etməməlidir. İnsanlara izah etmək lazımdır ki, onlar öz mülkiyyətini qorumalıdır. Bundan ötrü xüsusi vergi olmalıdır. Bunu dövlət yox, vətəndaşlar yığılıb etməlidirlər".
Parlamentin komitə sədri bildirib ki, iki gün öncə Prezident İlham Əliyev tərəfindən imzalanan fərman gələcəkdə bələdiyyələrin səlahiyyətlərinin genişlənməsi üçün bir siqnaldır: "Prezident İlham Əliyevin 2 gün öncə yaşayış yeri üzrə arayışların və bəzi digər sənədlərin verilməsinin "ASAN xidmət"ə həvalə edilməsi mühüm əhəmiyyət kəsb edir. İndiyədək bunu mənzil-istismar sahələri (MİS) edirdi. Bəziləri deyir ki, MİS-lər niyə ləğv olunmur? Mənzil Məcəlləsində onların heç adı da yoxdur və niyə onlar hələ də qalıblar? Onların hələ də qalmasının bir səbəbi də odur ki, MİS-lərin vəzifələrinə elə məsələlər aid idi ki, bələdiyyələr hazırda onları öz üzərinə götürmək iqtidarında deyil. Prezidentin fərmanı ilə MİS-lərin üzərindən böyük bir yük götürüldü. Bunun özü gələcəkdə bələdiyyələrin səlahiyyətlərin genişləndirilməsinə bir siqnaldır. Ümumiyyətlə, bələdiyyələr bizim gələcəyimiz və Azərbaycanın inkişafında mühüm rol oynayacaq. Onların rolu indi də kiçik deyil. Belə sözlər gəzir ki, bələdiyyələr ancaq torpaq alveri edir. Bu, belə deyil. Belə bir fikrin yayılmasının səbəbi də odur ki, onlar öz işləri barədə məlumat verə, lazımi izahat işləri apara bilmirlər. Mən istərdim ki, İctimai Televiziyada bələdiyyələrin fəaliyyəti ilə bağlı ayrıca daimi veriliş açılsın. Həftədə heç olmasa bir dəfə qabaqcıl təcrübələr, görülən və görülməli işlər barədə məlumat verilməlidir. Bələdiyyələrlə bağlı insanların ictimai fəallığını artırmaq lazımdır".