...

Dövlət mükafatına layiq görülmüş əsər

Cəmiyyət Materials 1 İyun 2016 16:39 (UTC +04:00)
Bu monoqrafiya çox böyük tarixə malik olan Azərbaycan coğrafiya elminə ən dəyərli töhfələrindəndir.
Dövlət mükafatına layiq görülmüş əsər

Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun alimləri - direktor, akademik Ramiz Məmmədov; elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Elbrus Əlizadə; coğrafiya elmləri doktoru Zakir Eminov; coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov "Azərbaycan Respublikasının Coğrafiyası" üçcildlik monoqrafiyaya görə Elm sahəsində Respublika Dövlət Mükafatına layiq görülmüşlər. Bu monoqrafiya çox böyük tarixə malik olan Azərbaycan coğrafiya elminə ən dəyərli töhfələrindəndir.

Müasir dövrdə dünyada coğrafiya elmi ictimai-siyasi proseslərdən asılı olaraq dinamik inkişaf edən və dünya proseslərinə təsir edən bir elm sahəsinə çevrilmişdir. Azərbaycanda isə coğrafiya elmi son illər xeyli inkişaf etmiş və onun yeni istiqamətləri formalaşmışdır. Hazırda iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, orada coğrafi məlumatlara ehtiyac duyulmasın və coğrafiya elminin nailiyyətlərindən istifadə edilməsin. Əsasən təbii ehtiyatlar və onlardan səmərəli istifadə, təsərrüfat sahələrinin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqları, istehsalın ərazi təşkili, qlobal inteqrasiya, "istehsal-təbiət-əhali" arasında olan əlaqələri, əhali məskunlaşmasının coğrafi problemləri, ətraf mühitin gələcək nəsillər üçün qorunması və s. məsələləri öyrənən bu elm müxtəlif istiqamətlərdə inkişaf etdirilir.

XX əsrin birinci yarısında Azərbaycanın dünya iqtisadi məkanına daxil olması coğrafi təfəkkürün genişləndirilməsini tələb edirdi. Akif Sərvətin "Tarix-cahan" (1908), Qafur Rəşid Mirzəzadənin "Qafqaz coğrafiyası" (1909) və "Ümumi coğrafiya" (1911), Məhəmməd Həsən Vəliyevin "Azərbaycan (fiziki, iqtisadi və etnoqrafik oçerki)" (1921), Yusif Vəzir Çəmənzəminlinin "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" (1921) və digər elmi əsərlər Azərbaycanda coğrafiya elminin yaradılmasına təkan verdi.

Azərbaycanda coğrafiya elmi üzrə ardıcıl və sistemli tədqiqatlar 1925-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin respublikanın təbii ehtiyatlarının öyrənilməsi və rayonlaşdırılması ilə əlaqədar coğrafiya sektorunun yaradılması ilə başlayır. 1937-ci ildə isə keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının tərkibində Coğrafiya sektoru yaradılır və müstəqil bir elm sahəsi kimi inkişaf edir. Azərbaycanın coğrafiya elminin əsas inkişafı isə 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində Coğrafiya İnstitutu təşkil ediləndən sonra başlayır. Bu dövrdən etibarən coğrafiya sahəsində aparılan tədqiqat işlərinin həcmi və istiqamətləri genişlənir. Bununla da coğrafiya özünün təsviri funksiyalarını başa varur, təbiətin və təbii proseslərin, ayrılıqda və qarşılıqlı inkişaf qanunauyğunluqlarını öyrənən fundamental və tətbiqi bir elmə çevrilir. Bu müddət ərzində Azərbaycan coğrafiyasının müxtəlif sahələrinə aid çoxlu sayda elmi əsərlər nəşr edilmiş, lakin uzun tarixi bir dövr keçməsinə baxmayaraq coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistr) və müəllim heyəti, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün çox gərəkli olan, müasir elmi-nəzəri və metodiki səviyyədə Azərbaycan coğrafiyası haqqında tam şəkildə heç bir əsər yazılmamışdı.

Azərbaycan Respublikasının müstəqillik əldə etməsi ilə əlaqədar olaraq ölkənin təbii resurslarından daha səmərəli istifadə, təbii şərait və iqtisadi amillərin regionların sosial-iqtisadi inkişafında rolu, istehsal sahələrinin ərazi təşkili, məşğulluğun səviyyəsi və sosial şəraitin demoqrafik proseslərə təsiri, Xəzər dənizinin ölkə təsərrüfatının formalaşmasında rolu və digər amilləri nəzərə almaqla Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Mahmud oğlu Məmmədov "Azərbaycan Respublikasının Coğrafiyası" adlı fundamental əsərin yazılması barədə təşəbbüs qaldırır və onun həyata keçirilməsini məqsədəuyğun hesab edir.

Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan "Azərbaycan Respublikasının Coğrafiyası" bir-birini tamamlayan 3 cilddən ibarətdir. I cild "Azərbaycan Respublikasının fiziki coğrafiyası", II cild "Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası", III cild "Azərbaycan Respublikasının regional coğrafiyası"na həsr edilmişdi.

"Azərbaycan Respublikasının fiziki coğrafiyası" adlı I cilddə ölkə ərazisində fiziki coğrafiyanın müxtəlif sahələrinə aid çox illər ərzində aparılan kompleks tədqiqatlar ən son məlumatlar nəzərə alınmaqla ümumiləşdirilərək yazılmışdı. Bu cilddə Azərbaycanın sərhədləri, coğrafi mövqeyi, təbii şəraiti, yaşayış məntəqələri, burada olan tayfalar, Xəzər dənizi və s. haqqında antik dövr alimlərinin, eləcə də ölkənin iqtisadiyyatı, şəhərlər, sənətkarlıq nümunələri, ticarət yolları və s. haqqında geniş məlumat vermiş ərəb coğrafiyaşünastları və səyyahlar, onlarla yanaşı Avropa və Rusiya alimlərinin apardıqları elmi-tədqiqat işləri və hazırladıqları xəritələr barədə danışılır. Bununla yanaşı Azərbaycanın oroqrafiyası, geoloji quruluşu, geodinamikası və faydalı qazıntıları, paleocoğrafiyası, geomorfologiyası, iqlimi, daxili sular və onlardan səmərəli istifadə, Xəzər dənizinin etimologiyası və formalaşması, onun müasir fiziki parametrləri və coğrafi səciyyəsi, dənizin suyunda və dibində olan təbii ehtiyatlar, ekocoğrafi vəziyyət və əsas çirklənmə mənbələri göstərilmiş, eləcə də Azərbaycanın torpaq örtüyü, torpaqların ekoloji problemləri və ondan səmərəli istifadənin yolları, torpaq fondundan istifadənin vəziyyəti, bitki öryütü, heyvanat aləmi, Azərbaycan landşaftlarının təkamülü, formalaşması və inkişafı, təbii landşaftların qanunauyğunluqları, antropogen landşaftların dayanıqlığı və təsnifatı, landşaftların ekologiyası haqqında geniş məlumat verilir. Sonda Azərbaycanın bütün ərazisi üçün elmi-nəzəri əsaslarla aparılmış fiziki-coğrafi rayonlaşdırılması verilmiş və oradakı ayrı-aryı fiziki-coğrafi rayonların kompleks xarakteristikası qeyd edilmişdir.

Məhsuldar qüvvələrin sahə və ərazi strukturunda baş verən dəyişikliklər, təsərrüfatın regional ixtisaslaşması, təbii-resurs amili, maddi və sosial infrastrukturun uzunmüddətli dayanaqlı inkişafı və s. amillər nəzərə alınmaqla "Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası" adlı II cild hazırlanmışdır. Azərbaycanın iqtisadi, sosial və siyasi coğrafiyasına, demoqrafik inkişaf və əhalinin məskunlaşma xüsusiyyətlərinə həsr olunan bu tədqiqat əsərində ölkənin müstəqilliyi illərində bu sahədə baş verən dəyişikliklər və meyllər araşdırılmış, istehsalın və əhalinin perspektiv ərazi təşkilinin istiqamətləri elmi cəhətdən əsaslandırılmışdır. Bu cilddə Azərbaycan Respublikası ərazisinin formalaşması xroniki ardıcıllıqla, onun iqtisadi və siyasi-coğrafi mövqeyi, ölkənin Avropa ilə Asiya, şimal ilə cənub regionları arasındakı geosiyasi mövqeyinin əhəmiyyəti və perspektiv imkanları, Azərbaycanlıların (azəri türklərinin) dünya xəritəsində yayılma arealları, onların sayı və bu proseslərə təsir edən amillər, ölkə əhalisinin demoqrafik inkişaf xüsusiyyətləri: əhalinin təbii və mexaniki hərəkəti, yaş-cins və milli tərkibi, əhalinin sayının dinamikası, əmək ehtiyatlarının formalaşması və onlardan istifadə vəziyyəti, eləcə də Azərbaycanda urbanizasiya prosesinin inkişaf xüsusiyyəti, onun iqtisadi, sosial və demoqrafik bazasında baş verən dəyişikliklər və meyllər araşdırılıb. Şəhər və kənd məskunlaşma sistemi, əhalinin və yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsi və onun qanunauyğunluqları əhalinin siyahıyaalma məlumatları əsasında təhlil edilib, iqtisadi-coğrafi meyllər müəyyənləşdirilib. Bununla yanaşı müstəqillik dövründə ölkənin kənd təsərrüfatının sahə və ərazi strukturunda baş verən dəyişikliklər, əhalinin davamlı, ekoloji cəhətdən təmiz, yerli ərzaq məhsulları ilə təminatı məsələləri ölkə prezidentinin müvafiq fərmanları, sərəncamları və dövlət proqramları ilə qarşılıqlı əlaqədə təhlillər aparılıb. Əhalinin ərzaq təhlükəsizliyinin dayanıqlı həlli üçün konstruktiv mahiyyət daşıyan nəticələr əldə edilib. Məhsuldar qüvvələrin mühüm tərkib hissəsi olan infrastruktur sahələrinin - nəqliyyatın, müxtəlif sosial sferanın, rekreasiya-turizm təsərrüfatının inkişaf xüsusiyyəti və onun regional təkmilləşdirilməsi məsələləri araşdırılıb. Sonda təsərrüfat sahələrinin fəaliyyəti ilə bağlı ekoloji məsələlər, ətraf mühitin və təsərrüfatın tarazlı, balanslaşdırılmış, dayanaqlı inkişafı problemləri, həmçinin təbii-dağıdıcı hadisələrin iqtisadi-coğrafi qiymətləndirilməsi, onların mənfi təsirinin azaldılması yolları tədqiq edilib.

Azərbaycanda uzun illər ərzində həyata keçirilən səmərəsiz regional siyasət Abşeron regionu ilə digər regionlar arasında kəskin uyğunsuzluğun yaranmasına gətirib çıxarmışdır. Nəticədə əhalinin və təsərrüfat obyektlərinin paytaxt ətrafında toplanması baş vermiş və bu proses hazırda da davam etməkdədir. Bu amillər nəzərə alınmaqla 2004-cü ildən başlayaraq regionların inkişaf etdirilməsi üçün dövlət proqramları qəbul edilmiş, onların yerinə yetirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Proqramlara əsasən rayon mərkəzlərində abadlıq və quruculuq işləri aparılmış, kəndləri birləşdirən yollar yenidən qurulmuş, infrastruktur obyektlərinin müasirləşdirilməsinə xüsusi diqqət verilmişdir. Həmin dövlət proqramının davamı olaraq regionların təbii ehtiyatları və iqtisadi-demoqrafik imkanlarından istifadə edilməsi əsasında yeni təsərrüfat obyektlərinin yaradılması nəzərdə tutulmuş, regionlarda uzun illər ərzində mövcud olmuş sosial xidmət infrastrukturu şəbəkəsinin yenidən qurulması kimi mühüm məsələlər öz həllini tapmışdır. Lakin həyata keçirilən tədbirlər, əhalinin iş yerləri ilə təmin edilməsi, yaşayış şəraitinin, mənzil təminatının yaxşılaşdırılması problemlərini tam həll etmir. Yəni regionlarda yerləşən şəhər və qəsəbələrin iqtisadi bazasının möhkəmləndirilməsi sahəsində problemlər hələ də qalmaqdadır. Buna görə də kəndlərin boşalması, əhalinin regionlarda mövcud olan şəhərlərdə toplanması, onların sosial yaşayış şəraitinin yüksəldilməsi sahəsində problemlər yaranır. Nəticədə ölkədə urbanizasiya səviyyəsinin yüksəlməsi, əhalinin böyük şəhərlərdə cəmlənməsinin qarşısının alınması, xarici miqrasiyanın azaldılması çətinləşir. Məhz bu baxımdan "Azərbaycan Respublikasının regional coğrafiyası" adlı III cildin yazılmasına ehtiyac duyulmuşdur. Bu cilddə regionların müasir fiziki və iqtisadi-coğrafi problemləri, onların həlli yolları, dövlət proqramları və bu proqramların ölkə həyatına və əhalinin ərzaq təhlükəsizliyinə, fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsinə xidməti, eləcə də iqtisadiyyatın gələcək istiqamətləri haqqında elmi cəhətdən əsaslandırılmış proqnozlar verilib. Bundan başqa respublikanın təbii vilayətlərinin fiziki-coğrafi şəraiti təhlil edilib, torpaq-iqlim və başqa təbii ehtiyat potensialının səmərəli istifadə edilməsi yolları əsaslandırılıb, əhalinin və təsərrüfatın, əsasən, paytaxtda təmərküzləşmənin və əhalinin paylanmasında qeyri-bərabərliyin qarşısının alınması yolları müəyyənləşdirilib. Eyni zamanda ölkədə qəbul edilmiş iqtisadi-coğrafi rayonlaşma yeni formada öyrənilir, onun daha səmərəli aparılması zəruriliyi, həmçinin inkişaf perspektivləri araşdırılır.

Ümumiyyətlə Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan "Azərbaycan coğrafiyası" adlı III cildli kitab ölkənin gələcək inkişaf yollarının, iqtisadi-siyasi inkişafının təbii-antropogen potensialının müəyyən edilməsi, yeni şəraitdə ölkənin təbii ehtiyatlarının elmi cəhətdən qiymətləndirilməsi, regionların inkişafı, yoxsulluğun azaldılması, sənaye, kənd təsərrüfatı və ətraf mühitin müxtəlif səviyyəli idarə edilməsində olduqca gərəkli bir vasitədir.

Əsərin 2016-cı il üçün Respublika Dövlət Mükafatına layiq görülməsi bir daha coğrafiya elminin müasir cəmiyyətdəki rolunun qiymətləndirilməsi, respublikada elmə, alim əməyinə Respublika Prezidentinin verdiyi yüksək dəyərin təzahürüdür.

Zaur İmrani
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İstitutunun "Turizm və rekreasiya" şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent

Məqalədə:
Xəbər lenti

Xəbər lenti