...

Agentlik direktoru: Bir çox peşələrə diplomsuz işçinin işə qəbul olunmaması ilə bağlı tələb olmalıdır (MÜSAHİBƏ)

Cəmiyyət Materials 9 Sentyabr 2016 13:04 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin Trend-ə müsahibəsi

- Yeni yaradılan agentlik ölkədə peşə təhsilinin inkişafına nail olmaq üçün hansı addımlar atmağı planlaşdırır?

- Bu il Təhsil Nazirliyi sistemində peşə təhsili prioritet istiqamət kimi müəyyən olunub. 2016-cı il aprelin 20-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin” yaradılması ilə bağlı fərman imzalandı. Agentlik təsis olunduğu bu 2-3 ay ərzində onun strukturunun formalaşdırılması üzərində çalışmışıq. Artıq Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət göstərəcəyi bina müəyyən olunub. Yaxın zamanda agentlik tam şəkildə fəaliyyət göstərəcək. Azərbaycanda 115 (o cümlədən Naxçıvan Muxtar Respublikasında 6) dövlət ilk peşə-ixtisas təhsili müəssisəsi mövcuddur. Burada təxminən 24 minə yaxın şagird təhsil alır və 6 minə yaxın pedaqoji və köməkçi heyət çalışır.

Hazırda bizim üçün birinci istiqamət normativ-hüquqi bazanın formalaşdırılmasıdır. Bundan ötrü yaxın vaxtlarda peşə təhsili ilə bağlı qanun layihəsi, peşə təhsili ilə bağlı uzunmüddətli Dövlət Proqramı hazırlanmalı, ömürboyu təhsil üzrə milli kvalifikasiyalar çərçivəsi təsdiq olunmalıdır. Çünki peşə təhsili yalnız gənclərin təhsili deyil. Müvafiq yaşlarda olan insanlar da peşələrini dəyişmək arzusunda ola bilərlər. İşlərini itirən şəxslər də yeni peşə öyrənmək istəyə bilərlər. Buna görə də onlar üçün imkan yaradılmalıdır ki, qısamüddətli kurslar keçib əmək bazarında başqa ixtisasa yönələ bilsinlər.

- Bu gün peşə təhsili sahəsinin əsas problemləri hansılardır?

- Peşə təhsili ilə bağlı ən birinci problem bu sahənin imicinin çox aşağı olmasıdır. Bura maraq, diqqət kifayət qədər deyil. Söhbət sadəcə, dövlətin bu məsələyə yanaşmasından deyil, insanların tələbatından da gedir. Həmin tələbat isə kifayət qədər deyil. Digər problem isə odur ki, eyni sahə üzrə paralel kadr hazırlığı aparan müxtəlif peşə məktəbləri və liseylər mövcuddur. Bu, o deməkdir ki, həmin müəssisələrin hamısına maddi-texniki bazanın təminatı üçün eyni avadanlıqlar alınıb verilməlidir. Əlbəttə yaxşı olardı ki, 10 yerə eyni avadanlığın alınmasına xərc çəkməkdənsə, bu iş bir yerdə daha keyfiyyətli görülsün. Daha bir problem infrastruktur və maddi-texniki bazanın köhnəlib sıradan çıxmasıdır. Bu gün məktəblərin həm avadanlıqları, həm də dərs vəsaitləri kifayət qədər köhnəlib. Məktəblərdə 1980-ci illərin materialları əsasında dərslər keçirilir. Ən böyük problemlərdən biri də idarəetmə strukturunun təkmil olmamasıdır. Yəni burada keçmiş sovet sisteminin idarəetmə üsulu qalıb. Növbəti məsələ maliyyələşmə ilə bağlıdır. Maliyyələşmə köhnə standartlarla gerçəkləşdirilir. Burada çox aşağı əməkhaqqı ilə çalışan işçilər var. Digər bir məsələ isə həmin müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi üçün mexanizmin olmamasıdır. Ən böyük problemlərdən biri də müəssisələrin böyük əksəriyyətində məcburi köçkün və qaçqın ailələrinin məskunlaşmasıdır. Bu il biz belə məktəblərdə plan yerlərini minimuma endirmişik. Fikirləşirik ki, əgər burada normal təhsil verə bilmiriksə, dövlət niyə bunun üçün pul xərcləməlidir?! Həmin müəssisələr boşaldılandan sonra orada təhsil verməyə davam edə bilərik.

- Dövlətin peşə təhsili üzərindəki yükünü azaltmaq üçün qeyri-dövlət sektorunu bu sahəyə necə cəlb etmək olar?

- Bir çox ölkələrdə peşə təhsilinin yükü ancaq dövlətin üzərindədir. Qeyri-dövlət sektorunun peşə təhsil sisteminə cəlb olunması üçün normativ-hüquqi baza formalaşdırılmalıdır. Qeyri-dövlət sektorunda bu sahəyə maraq yaratmaq lazımdır ki, dövlətin yükü bir qədər azalsın. Bu sahədə təbliğat aparmağın müxtəlif yolları var. Dünyada mövcud olan praktikalardan çıxış etsək, dövlət həmin özəl müəssisələri müxtəlif şəkildə stimullaşdıra bilər. Yəni həmin müəssisələr müxtəlif növ vergilərdən azad oluna və onlara bonus şəklində güzəştlər verilə bilər. Peşə təhsili sahəsində keyfiyyətli kadr hazırlığı istiqamətində layihə təklif edən müəssisəyə bu sahəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına dəstək göstərilə bilər.

- Peşə təhsili müəssisələrinə marağı artırmaq üçün həmin məktəblərin məzunlarının işlə təminatı imkanları genişləndirilməlidir. Peşə məktəblərinin məzunlarının işə qəbulu üçün işəgötürənlərdə marağı necə yaratmaq olar?

- Bu məsələdə təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır. Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15%-ə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra öz növbəsində bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur.
Başqa bir məsələ də odur ki, biz işəgötürənləri buraxılış imtahanlarına cəlb edək. İşəgötürənlər imtahanlarda həlledici səsə malik olsunlar və hazırlanan kadrların keyfiyyətinə qiymət versinlər. Bundan sonra işəgötürənlər həmin kadrları özləri də işə götürə bilərlər. Dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə modelinin yaradılması istiqamətində Təhsil Nazirliyi, British Council və turizm-xidmət sənayesində uğurla fəaliyyət göstərən mehmanxanaların nümayəndələrindən ibarət (Absheron Hotel Group, Hilton Hotel, Fairmont Hotel, Four Seasons Hotel, Hyatt Regency Hotel, Marriott Hotel) idarəedici komitə yaradılıb. Burada işəgötürənlər şagirdlərin müsabiqədən keçirilməsinə cəlb olunublar. “British Council” təşkilatının dəstəyi ilə 3 ixtisas üzrə 5 nömrəli peşə liseyində kadr hazırlığını həyata keçirəcəyik. Şagirdlər həmin liseydə təhsil alacaq, mehmanxanalarda isə praktika keçəcəklər. Sonda həmin mehmanxana nümayəndələrinin imtahanlarda iştirakı nəzərdə tutulur. İndi elə bir dövrdür ki, təhsildə sadəcə biliklər kifayət etmir. Bilikləri bacarıqlara çevirənlər daha çox uğur qazanırlar. Bunu strateji xətt kimi özümüz üçün müəyyən etmişik.

- Peşə təhsilinin inkişafı üçün bu gün həlli vacib olan digər məsələlər hansılardır?

- Ən yaxın zamanda peşə təhsilində “Modul sistemi”nə keçidlə bağlı normativ sənədlər hazırlanmalıdır. Bu sistemlə peşə öyrənmiş şəxs əvvəlki sistemlə peşə öyrənmiş şəxsdən daha çox funksionallığı ilə fərqlənir. Əvvəlki peşənin sahibi nəyisə primitiv üsulla edirdisə, indiki peşənin sahibi bu işi İKT texnologiyalarını tətbiq etməklə bacarmalıdır. Demək olar ki, bütün ixtisasların məzmununda texnoloji dəyişikliklər baş verib. Bu gün iqtisadiyyatın tələbi odur ki, bir işçi daha çox kompetensiyalara malik olsun.

Bundan başqa, məzmunun müasir tələblərə uyğun qurulması üçün yeni dərsliklər, metodiki vəsaitlər hazırlanmalıdır. Artıq bu gün texnologiyanın inkişafı elə səviyyədədir ki, peşəni daha çox kitabdan oxumaqla deyil, gözlə görməklə - praktika sayəsində öyrənirlər. Yeni texnologiyaları özündə əks etdirən dərs vəsaitlərinin hazırlanması istiqamətində işlər aparılmalıdır. İnkişaf etmiş ölkələrdə peşə sistemində daha çox bu cür tədris texnologiyalarından istifadə olunur. Ən müasir və yaxşı peşə təhsili sistemi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini təmin edən, müasir iqtisadi çağırışlara reaksiya vermək qabiliyyəti olan dual sistemdir. Yəni şagird məktəbdə oxuya-oxuya həm də eyni ixtisas üzrə zavod və ya fabrikdə çalışır.

- Əmək bazarına təhsil sənədi olmadan daxil olan mütəxəssislərin səviyyəsini yüksəltmək üçün hansı işlərin görülməsi nəzərdə tutulur?

- Növbəti məsələ formal və qeyri-formal təhsil məsələsidir. İnsanlar öz yaxınlarının yanında işi öyrənib mənimsəyə bilərlər, ancaq bu peşəyə yiyələnmələri ilə bağlı sənədə malik deyillər. Gələcəkdə bu cür qeyri-formal şəkildə ixtisasa yiyələnənlərin kompetensiyalarını tanımaq lazımdır. Belə şəxslər imtahan verməklə sertifikat, diplom ala bilərlər. Bu metod Finlandiyada geniş yayılıb.Gələcəkdə mütləq bir çox peşələr üzrə diplomu olmayan işçinin işə qəbul olunmaması ilə bağlı tələb olmalıdır. Elə şəxslər var ki, onlar oxumaq istəmirlər, lakin səriştələri var. Onların diplom ala bilməsi üçün imkan yaranacaq. Səriştəsi kifayət etməyənə təklif edəcəyik ki, qısamüddətli modul kursu keçsin, sonra gedib imtahan versin. Bununla bazardakı mütəxəssislərin səviyyəsi yüksələcək və ixtisasların unifikasiyası olacaq. İxtisas sənədi faktiki olaraq işçinin işinə zəmanət verəcək. Bu halda işəgötürən də nəticədən narahat olmayacaq. Çünki hamıya eyni təhsil veriləcək, hamı eyni kitab, eyni proqram əsasında öyrənəcək.

- Peşə təhsili müəssisələrinin rasionallaşdırılması nəzərdə tutulurmu?

- Peşə təhsili müəssisələrinin maliyyə təminatı ilə bağlı ciddi dəyişikliklər etmək zərurəti var. Aydın məsələdir ki, bu sahədə islahat aparılmalıdır. Amma bu kifayət qədər vəsait tələb edir. O vəsaitin mənbəyi problem kimi qarşımızda durur. Yenilənməyə xərc çəkilməlidir, amma bu vəsait də yoxdur. Ona görə müəssisələrin rasionallaşdırılmasını, bir neçəsinin birləşdirilməsini nəzərdə tutmuşuq. Lazım olmayan müəssisələrin fəaliyyətinin ya dondurulması, ya da bağlanması təklifi ilə çıxış edəcəyik. Çalışacağıq ki, optimallaşmanı mövcud büdcənin daxilində aparaq. İlkin olaraq Bakı və Gəncədə yerləşən müəssisələrin rasionallaşdırılmasını düşünürük. Optimallaşma və rasionallaşdırma üçün yaxın vaxtlarda addımlar atılacaq.

- Peşə məktəblərindəki bəzi ixtisaslar üzrə daha yüksək təhsil səviyyələrində də kadrlar hazırlanır. Bu isə peşə məktəblərinin kadrlarının iş tapmasını çətinləşdirir. Bu halda niyə həmin ixtisaslar üzrə peşə məktəblərində də kadr hazırlanır?

- Ötən tədris ilində cəmi 123 ixtisas üzrə şagird qəbulu planlaşdırıldığı halda, yeni tədris ilində əmək bazarının dəyişən tələbatını nəzərə alaraq, 154 ixtisas üzrə şagird qəbulunun həyata keçirilməsi nəzərdə tutulub. Bu il ilk dəfə büdcə hesabına daha çox qeyri-neft sektorunun inkişafına təkan verəcək və yeni əlavə dəyər yaradan ixtisaslar üzrə şagird qəbulu planı nəzərdə tutulub. Peşə təhsili üçün nisbətən az əhəmiyyət kəsb edən, lakin təhsilalanlarda daha çox maraq doğuran mühasib, əməliyyatçı-mühasib, kompüter operatoru və s. kimi ixtisaslar üzrə ödənişli əsaslarla qəbul planı proqnozlaşdırılıb.
Təhsil Nazirliyi araşdırma nəticəsində müəyyən edib ki, son illərdə peşə təhsili alanların 40 faizi “mühasibat uçotu”, “kompüter operatoru” kimi sadə ixtisaslar üzrə oxuyub. Bu il bizim yanaşmamız belə oldu ki, əgər bu, doğrudan da insanların tələbatıdırsa, bu tələbatın qarşısını almaq doğru deyil. Fikirləşdik ki, əgər belə tələbat varsa, bunu ödənişli əsaslarla edək. Ona görə də biz bu il ödənişli əsaslarla olan yerləri daha çox “kompüter operatoru”, yaxud “mühasibat uçotu” kimi ixtisaslar üzrə ayırmışıq.

- Ödənişli əsaslarla etdikdən sonra həmin ixtisaslara olan maraq itmədi?

- Bunu hələ bilmirik. Çünki hələ proses gedir. Qərara aldıq ki, bu il büdcə hesabına kadr hazırlığında yalnız “yeni dəyər yaradan ixtisaslar”a və yaxud ölkə üçün prioritet sayılan istiqamətlərə, yəni sənaye, kənd təssərüfatı və turizm ixtisaslarına üstünlük verək. Ümumiyyətlə, bu il büdcədəki vəziyyəti nəzərə alaraq, ödənişli yerlərin sayını artırmışıq, büdcə hesabına yerlərin sayını azaltmışıq.

Peşə təhsilinə dövlət qayğısının artmasını və əhalinin sosial vəziyyətini nəzərə alaraq, ödənişli əsaslarla təhsil haqlarının məbləği də azaldılıb. Belə ki, illik təhsil haqqının yuxarı həddi 650 manatdan 500 manata kimi azaldılıb və ən aşağı təhsil haqqı 350 manat məbləğində müəyyənləşdirilib.

- Bu il Bakıda və Gəncədə ilk peşə-ixtisas təhsili almaq istəyənlər “ASAN xidmət”ə müraciət etdilər. Təhsil Nazirliyi bu əməkdaşlıq üçün niyə “ASAN xidmət”i seçdi?

- Bəli. Bu il Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində dövlət vəsaiti hesabına şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində reallaşdırılıb. Bu layihə vətəndaşların rahatlığının təmin olunması, ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflığın təmin edilməsi və subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir. Ümumilikdə 83 ixtisas üzrə 4160 (ondan 3560 Bakı, 600 Gəncə şəhəri üzrə) qəbul yeri müəyyənləşdirilib və bu yerlərə qəbul üçün 5904 nəfər müraciət edib. Qəbul zamanı şəhadətnamə və attestatda əsas fənlər üzrə qiymətlərin cəminin orta balı nəzərə alınıb.

- Bu əməkdaşlığın əhatə dairəsi genişləndiriləcək?

- Gələn il bunun coğrafiyasını artırmağa çalışacağıq. “ASAN xidmət”in fəaliyyət göstərdiyi ərazilər üzrə bu xidməti tətbiq edəcəyik. Bu yolla ictimai tələbatı da müəyyən edə bilirik.

- Peşə təhsili üzrə dünya təcrübəsinin öyrənilməsi sahəsində nə kimi işlər görülüb və beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə nə deyə bilərsiniz?

- Peşə Təhsili sahəsində dünya təcrübəsinin öyrənilməsi üzrə fəaliyyət bu sahədə mövcud ədəbiyyatın öyrənilməsi, həm xarici səfərlərə gedərək təlimlər və seminarlarda iştirakla, həm də beynəlxalq mütəxəssisləri ölkəmizə dəvət edərək təcrübə mübadiləsi formasında həyata keçirilir. Bu istiqamətdə Cənubi Koreya Respublikasına və Norveç Krallığına, Sinqapur, Finlandiya, Belarusa səfərlər çərçivəsində adı çəkilən ölkələrin peşə təhsili modelinin öyrənilməsi, təcrübə mübadiləsi və mütəxəssis rəyləri alınıb. Peşə təhsili üzrə beynəlxalq yarış olan “World Skills” təcrübəsinin öyrənilməsi məqsədilə əməkdaşlarımız İsveçrə Konfederasiyası, Rusiya Federasiyası və Belarusda keçirilən yarışlarda müşahidəçi kimi iştirak ediblər. Avropa Təlim Fondu ilə əməkdaşlıq daxilində “Turin prosesi - 2017” çərçivəsində ilk peşə-ixtisas təhsili sahəsində aparılan islahatlara dair ölkədəki vəziyyət qiymətləndirilir, Avropa İttifaqı ilə birgə Peşə təhsilinə dəstək layihəsi və Milli Kvalifikasiyalar Çərçivəsi üzrə məsləhətləşmələr layihələri həyata keçirilməkdədir. Böyük Britaniyanın British Council, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), BMT İnkişaf Proqramı (UNDP), Norveçin Rogaland Təlim və Təhsil Mərkəzi (RTTM), BP şirkəti, KNAUF şirkəti ilə əməkdaşlıq çərçivəsində məzmunun yenilənməsi və yeni tədris proqramlarının (kurikulum) hazırlanması istiqamətində fəaliyyət həyata keçirilir. İnfrastrukturun yenilənməsi prosesi çərçivəsində Koreyanın İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sənaye və innovasiyalar istiqamətində 8 ixtisas üzrə beynəlxalq standartlara uyğun tədrisinin həyata keçiriləcəyi yeni Peşə Təhsil Mərkəzinin tikintisi üzrə layihə və Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin cəlb olunması ilə turizm və kənd təsərrüfatı ixtisasları üzrə Regional Təhsil Mərkəzinin yaradılması layihələri həyata keçirilməkdədir. Bu istiqamətdə Asiya İnkişaf Bankı (ADB) ilə də məsləhətləşmələr aparılır. Ukraynanın İT STEP Academy şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində şəbəkə texnologiyaları və sistem inzibatçılığı, kompüter qrafikası və dizayn, proqram təminatının yaradılması ixtisasları üzrə birgə fəaliyyət nəzərdə tutulub. Bundan başqa, Böyük Britaniyanın peşə ixtisasına əsaslanan City&Guilts (C&G) London İnstitutu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təlimin keçirilməsi və beynəlxalq sertifikatın verilməsini nəzərdə tutan və dövlət-biznes partnyorluğuna əsaslanan layihənin üzərində də müvafiq işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti