...

18 yaşına çatmamış şəxslər hündürlükdə işləməyə buraxılmayacaq

Cəmiyyət Materials 18 Noyabr 2016 15:25 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nı təsdiq edib.
18 yaşına çatmamış şəxslər hündürlükdə işləməyə buraxılmayacaq

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nı təsdiq edib.

Trend-in məlumatına görə, bu Qaydalar hündürlükdə işlərin təşkili və həyata keçirilməsi zamanı işlərin təhlükəsizliyinin təmin edilməsini tənzimləyir.

Bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.

Hündürlükdə görülən işlərə aşağıdakılar aiddir:

- işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər;
- işçinin üfüqi səthə nisbətən mailliyi 75o-dən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən işlər;
- hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən işlər;
- su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mükünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər.

Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılacaqlar.

Hündürlükdə işləri yerinə yetirən işçilər Əmək Məcəlləsinin 226-cı maddəsinə uyğun olaraq icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin Siyahısı”na müvafiq olaraq hündürə qalxmaqla yerinə yetirilən işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlanılarkən tibbi arayış tələb olunmalıdır.

Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İxtisas səviyyəsi (dərəcəsi) peşə-iхtisas təhsili (təlimi) barədə sənədlə təsdiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti