Bakı. İlhamə İsabalayeva - Trend:
"Televiziyalarda ləhcə ilə danışmaq meyilləri çoxalıb. Aktyorlar gülüş yaratmaq üçün dialekt faktlarından geniş istifadə edirlər. Halbuki bədii üslubda dialektizmlər o zaman istifadə olunur ki, obrazın dilində fərdilik çalarları görünsün. Ədəbi dil sanki unudulub".
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.
Ana dilinə biganə münasibətin yolverilməz olduğunu deyən B.Məhərrəmlinin sözlərinə görə, təəssüf ki, istər mətbuatda, istərsə də reklam və afişaların dilində, filmlərin dublyajı zamanı ədəbi dil normaları pozulur:
"Küçələrdə elanlar, reklamlar necəgəldi yazılır, iaşə obyektlərinin adları, restoran və kafelərdə menyular bir çox hallarda yalnız əcnəbi dillərdə tərtib olunur. Televiziyalarda yüz illər boyu cilalanmış ədəbi dilimiz bəzən məişət dili səviyyəsində tamaşaçıya çatdırılır. Müxtəlif saytların dilində bəzən ədəbi dil normaları gözlənilmir".
B.Məhərrəmli qeyd edib ki, “Dövlət dili haqqında" qanunun 19-cu maddəsinə görə, bu qanunun tələblərini pozan hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 18.2-ci maddəsində qeyd edilir ki, Azərbaycanın ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər:
"Bu qanunun 13.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər".