...

ETSN: Paytaxtda yaşıllıqların genişləndirilməsinə ciddi ehtiyac yaranıb

Cəmiyyət Materials 14 May 2019 16:00 (UTC +04:00)
Yaşıllıq sahələrinin qorunmasına və yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac yaradıb.
ETSN: Paytaxtda yaşıllıqların genişləndirilməsinə ciddi ehtiyac yaranıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda son illər ərzində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər yaşıllıq sahələrinin qorunmasına və yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac yaradıb.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov deyib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadrat metr təşkil edir:

"Ona görə də yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi halları yolverilməzdir. ETSN birmənalı olaraq belə hallara qarşıdır. Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə, qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir".

B.Dadaşov qeyd edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi bir sıra hallarda mümkündür.
Həmin halları açıqlayan B.Dadaşov əlavə edib ki, dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda ağaclar köçürülə bilər:

"Yeri gəlmişkən, bu günlərdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindən Əbdürrəhmanbəy Haqverdiyev küçəsinədək olan hissəsində yolun genişləndirilməsi üçün tikinti altına düşən ağacların köçürülməsinə müvafiq rəyin verilməsi ilə bağlı bizə müraciət daxil olub. ETSN-nin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, 151 ağac və kol bitkisinin yol tikintisi altına düşdüyü müəyyən edilib. Layihənin dövlət əhəmiyyəti və yol infrastrukturunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq, Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na müvafiq olaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə birlikdə münbit ərazilərə köçürülməsinə rəy verilib. Onu da qeyd edim ki, yaşıllıqlara qulluq göstərilməsi birbaşa Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xidməti vəzifəsinə aid olan məsələdir və yaşıllıqlara mövsümi budama xidməti göstərilməsi üçün ETSN-dən müvafiq rəy alınması tələb olunmur, bu tədbirlərin ağacların bioloji inkişafda olmadığı vaxtlarda aparılması zəruridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti