Bakı. Trend:
Prezident İlham Əliyevin Almaniyaya səfərini iki ölkə arasında əməkdaşlığın inkişafında yeni bir mərhələnin başlandığı kimi qiymətləndirmək olar.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, səfərin nəticələrinə nəzər saldıqda səfərin olduqca səmərəli və uğurlu olduğunu, bir çox mühüm görüşlərin keçirildiyini görmək mümkündür.
“Səfər çərçivəsində dövlət başçımız Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və s. ilə olduqca səmərəli görüşlər keçirib. Müzakirələr qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçib. Mühüm məqamlardan biri də o oldu ki, Almaniya Prezidenti və kansleri Azərbaycanla əlaqələrini inkişafında maraqlı olduqları aydın görünürdü. Bu bir daha onu göstərir ki, Almaniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir və Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi görür”, - deyə A.Həsənova əlavə edib.
Deputat vurğulayıb ki, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra siyasi münasibətlər qurduğu ölkələrdən bir də Almaniya olub.
“İki ölkə arasında diplomatik münasibətlərin qurulması 30 ildən artıq bir dövrü əhatə edir. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında bir çox sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib.
Bu gün iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub və dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında iştirak edib.
Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsinə mühüm töhfə verəcək, gələcək inkişaf üçün perspektivlər açacaq”, - deyə A.Həsənova əlavə edib.