...

Nazim Süleymanov: Dedilər ki, sən futbolçu deyilsən... (MÜSAHİBƏ)

İdman Materials 11 İyun 2012 13:48 (UTC +04:00)
Müasir Azərbaycan futbolunun canlı əfsanələrindən biri Nazim Süleymanovun futbol ictimaiyyətinə geniş təqdimatına ehtiyac yoxdur. Daim özünü təsdiq etmək məcburiyyəti qarşısında qalan Rusiya çempionatının bombardiri, bəstəboy hücumçu 1983-2000-ci illəri əhatə edən futbolçu karyerası ərzində 386 oyun keçirib, rəqib qapılarına 100 qol vurub. Rusiya çempionu olduğu Alaniyanın heyətində 142 oyuna 60 qol vurmaqla komandanın tarixinə premyer liqada ən çox qol vuran futbolçu kimi düşüb.
Nazim Süleymanov: Dedilər ki, sən futbolçu deyilsən... (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Müasir Azərbaycan futbolunun canlı əfsanələrindən biri Nazim Süleymanovun futbol ictimaiyyətinə geniş təqdimatına ehtiyac yoxdur. Daim özünü təsdiq etmək məcburiyyəti qarşısında qalan Rusiya çempionatının bombardiri, bəstəboy hücumçu 1983-2000-ci illəri əhatə edən futbolçu karyerası ərzində 386 oyun keçirib, rəqib qapılarına 100 qol vurub. Rusiya çempionu olduğu Alaniyanın heyətində 142 oyuna 60 qol vurmaqla komandanın tarixinə premyer liqada ən çox qol vuran futbolçu kimi düşüb. Trend "Bakı" futbol klubunun rəsmi saytına istinadən Osetiyanın fəxri vətəndaşlığı və Şöhrət Ordeni ilə təltif olunan həmyerlimizlə müsahibəni təqdim edir.

- Nazim müəllim, söhbətimizə uşaqlığınızdan başlamaq istərdik. O çağları necə xatırlayırsınız?

- Mən Sumqayıtda doğulmuşam. 4-5 yaşımdan başlayaraq məhəllədə futbol oynamağa başlamışam. Küçə futbolunda hamı məni yaxşı oynayan uşaq kimi öz komandasına götürürdü. Biz məhəllələrarası, Jeklərarası (Mənzil İstismar Sahələri - red.) çempionatlarda oynardıq. Orta məktəbdə oxuduğum zaman isə idman dərslərində sinif-sinifə, hətta məktəb-məktəbə də oyunlarda fəal iştirak edirdim. Maraqlı çempionatlar keçirilərdi. Bütün komandalar meydançalara toplaşar, maraqla o biri oyunların nəticələrini gözləyərdi. Təəssüflər olsun ki, indi həmin çempionatlar keçirilmir. Həvəsim bitib-tükənməz idi. Ona görə də futbol məktəbinə yazıldım. İlk müəllimlərim isə Valera Ayrapetovla Tofiq Rzayev olub. O vaxt əsas təhsil 8 illik idi. Bundan sonra yaxşı oxuyanlar imtahanla orta məktəbin 9-cu sinfinə, pis oxuyanlar isə peşə məktəblərinə sənəd verirdi. Yaxşı oxuduğum üçün 9-cu sinifə daxil oldum. Paralel olaraq futbol məktəbində də məşqlərimə davam edirdim.

- Sumqayıt futbolunda yetişsəniz də, peşəkar futbola Mingəçevir "Avtomobilist"ində başladınız...

- 1981-ci ildə, 1964-65-ci il təvəllüdlü yeniyetmələrın Azərbaycan birinciliyində məktəbimiz "Neftçi" Sumqayıt adlanan komanda ilə çempion oldu. Biz finalda Əli-Bayramlıdan olan həmyaşıdlarımızı məğlub etdik. Bundan sonra Ali Məşqçilik məktəbini təzə qurtarıb Mingəçevir "Avtomobilist"inə baş məşqçi təyin olunmuş Şamil Heydərov bizdən 7-8 nəfəri öz komandasına baxışa dəvət etdi. Oyunumuz xoşuna gəlmişdi. Təlim-məşq toplanışından sonra 3 nəfəri bəyəndi. Məni, İqor Şvilyazevi və Azad Mütəllimovu saxlasa da, yalnız mən komandada qaldım. Çünki nə Azad, nə də İqor Mingəçevirə getmək istəmədi. Onlar "Neftçi"yə çağırılmalarını gözlədilər. Mən isə məktəbdən sənədlərimi götürüb getdim. 10-cu sinfin III və IV rübünü Mingəçevirdə oxudum. Ustalardan ibarət komandada oynayıb, 60 manat maaş alırdım. 1982-ci ilin yanvar ayından bir il ərzində bu komandanın heyətində oynayandan sonra bizim komandadan bir çox gəncləri "Neftçi"yə dəvət etdilər. Mənimlə birgə Yaşar Vahabzadə, Camaləddin Əliyev də vardı.

- 1983-cü ildən "Neftçi"nin şərəfini qorudunuz. Burada 177 oyuna rəqib qapılarına 27 qol vursanız da, 1990-cı ildə sizi komandada saxlamaq istəmədilər...

- 1989-cu il futbol mövsümü sona çatan kimi "Neftçi" rəhbərliyi futbolçulara müqavilə təklif etdi. Bir çox futbolçular bağlasa da, mən və Novruz Əzimov müqaviləni istirahətdən qayıdandan sonra bağlayacağımızı bildirdik. 1990-cı ilin yanvarında komandanın heyətinə qayıdanda isə bizə bildirdilər ki, siz komandaya lazım deyilsiniz. Bizə böyük təzyiq göstərdilər. Üzərimizə başqa sözlər də qoydular. "Neftçi"dən getmək istəmirdik. Buna görə də xahiş etdik ki, bizə şans verilsin. Novruz məndən 5 yaş böyük olduğu üçün onu bağışlamadılar. Mənə isə özümü sübut etmək üçün iki ay möhlət verdilər. Təlim-məşq toplanışından sonra oynaya bilmək üçün mənə müqaviləni imzalamağı bildirdilər. Oynamaq istədiyimdən müqaviləni gözüyumulu imzaladım. Birinci dəstədə oynayırdıq. İlk dövrədən sonra 6 top vurmuşdum. Vəli Qasımov isə 12 top vurmuşdu. Bu arada mənə zəif oynadığım üçün komandaya lazım olmadığımı dedilər. Dedim ki, komandada ən çox topu kim vurub? - Vəli Qasımov. Ona 6-7 qol pasını isə mən vermişəm. Komandanın ikinci bombardiriyəm. Dedilər ki, yox! Sən futbolçu deyilsən! Bu sözlər mənə ciddi təsir etdi. Deyilənlərdən sonra mənim "Neftçi"də qalmağım mümkün deyildi. Dərhal ərizəmi yazıb, getdim Moskvaya. Sonradan mənə qarşı olunan bu pisliklərin səbəbini tapdım. Məsələ belə idi. Komandadan hamı maşın almışdı. Təkcə mənim maşınım yox idi. Maşını almağıma isə bir neçə ay qalmışdı. Bu ərəfədə torbamı tikdilər ki, mən maşın almayım.

- Moskva "Spartak"ına keçidinizdə vasitəçi kim oldu?

- "Neftçi"dən çıxan kimi Valeri Lobonovskiyə və Oleq Romantsevə zəng vurdum. Hər ikisi mənə "gəl" dedi. Hətta Lobonovski məni qarşılamaq üçün nə vaxt, hansı reyslə gələcəyimi ona zəng edərək xəbər verməyimi də istədi. Romantsev isə Tarasovkada yerimin hazır olduğunu bildirdi. Kiyevə getməməyimin səbəbi çox sadə idi. Ukraynalılar fiziki cəhətdən hazırlıqlı, güc futboluna üstünlük verirdi. "Spartak"da isə texnikalı futbolçular cəmləşmişdi. Mənə uyğun olduğu üçün Moskvaya getdim. Birinci məşqdən sonra Oleq Romantsev dedi ki, nə istəyirsən? - Dedim nə etmişəm ki, nə də istəyim. Qalmağa yer və yeməyimi verin, vəssalam. Oynayandan sonra nəyə qadir olaramsa, ona uyğun müqavilə bağlayarıq. Tarasovkada klubun bazasında qalırdım. Bir aya yaxın Sokolnikdə məşqlərdə iştirak edəndən sonra çempionatda oynamaq üçün transfer vərəqəmi almalı idim. Məni futboldan küsdürmək üçün "Neftçi" transfer vərəqimi göndərmirdi. Mövsümün sonuna 3 tur qalmış vərəqə üçün 20 min rubl pul istədilər. "Spartak" pulu keçirir və son üç oyunu əvəzedici heyətdə oynayaraq 3 top vurdum. Valeri Karpin sağda, mən isə hücumun solunda oynayırdım. Mövsüm sona çatdı. Spartak İspaniyaya təlim-məşq toplanışına gedirdi. 1991-ci ilin yanvar ayında ikitərəfli oyunda ora yollanacaq heyəti seçdilər. Adımı siyahıda görməyəndə mənə pis təsir etdi. Mən əvəzedici heyətə gəlməmişdim axı. Həmin gün Valeri Qazzayev məni evinə dəvət etdi. O mənə "Alaniya"nın yüksək liqaya çıxdığını, orada yaxşı kollektiv yaratdığını dedi və komandasına dəvət etdi. Qazzayevdən bir-iki gün vaxt istədim. Həmin vaxt Vəli Qasımov da bu komandanın heyətində baxışda idi. Ona zəng edib məsləhət aldım. Mənə Vladiqafqaz klubunu təriflədi. Bir gün sonra təyyarə ilə yollandım Vladiqafqaza. Təəssüflər olsun ki, Vəli ilə birgə oynamaq qismət olmadı. O, Bakıya əşyalarını gətirməyə gedəndə onu Rusiyaya buraxmadılar.

Həmin illərdə, müharibə şəraitində yaşadığımız üçün UEFA Azərbaycanın ev oyunlarını Türkiyədə keçirməsi haqqında qərar qəbul etmişdi. Təəssüf, əgər biz Bakıda oynasaydıq, hər şey başqa cür olacaqdı. Biz doğma meydan amilindən yararlanıb o vaxt topladığımızdan iki-üç dəfə çox xal qazana bilərdik. Heyətimiz çox güclü idi: Jidkov və Şahin Diniyev İsraildə, Arif Əsədov Rusiyada, Qurban Qurbanov Ukraynada, Vəli Qasımov İspaniyada oynayırdı. Böyük uğurlar qazana bilərdik. İndi millimizdə legioner futbolçular demək olar ki, yoxdur.

- Alaniyanın heyətində 1995-ci ildə Rusiya çempionu oldunuz. Növbəti il "Qızıl oyun"da "Spartak"a məğlub olandan sonra uğurlu Rusiya macəranızda eniş başlandı...

- Onlar mənim ala gözlərimə aşiq olmamışdılar. "Alaniya" "Spartak"a bu keçid üçün pul ödəmədi. Mən buraya özümü sübut etmək üçün gəlmişdim. 1995-ci ildə Rusiya çempionu olmaqla bərabər, çempionatın bombardiri oldum. Çempionlar Liqasında "Borussia" Dortmunda, "Liverpul"a, "Qlazqo Reyncers"ə qarşı oynadıq. Növbəti il də biz çempion olmalı idik. Lakin "qızıl oyun"da 2-1 hesabı ilə məğlub olmağımız hər şeyi korladı. Həmin oyunun 90-cı dəqiqəsində elə bir epizod oldu ki, mən qol vura bilmədim. Oyundan sonra Qazzayev dedi ki: "hər şeyi sənə bağışlayardım, ama bunu bağışlamayacağam". Mən də Qazzayevə cavabımda "bəli mən futbolçuyam, futbolçuya bunu bağışlamaq olmaz" dedim və həmin gün komandadan getdim. Qazzayev indiki təcrübəli Qazzayev olsaydı, biz çempionluğu "Qızıl oyun"a qədər təmin edərdik. Təəssüflər olsun ki, onun təcrübəsi çatmadı. Biz çempionatın gedişi zamanı "Spartak"dan 12-13 xal irəlidə idik. Bunu düşünmək lazım idi. O isə hər şeyi futbolçuların boynuna atdı.

- Karyeranızın sonuna kimi Soçi "Jemçujina"sında oynadınız. Hətta 2002-ci ildə Rusiya ikinci divizyonunda bu komandanın baş məşqçisi də işlədiniz.

- Vladiqafqazdan əşyalarımı yığışdırıb Soçiyə gəldim. Burada ev və maşın aldım. Sonra Ali Məşqçilik məktəbində oxumağa başladım. 1997-ci ilin yanvarında Moskvada keçirilən "Birlik kuboku" turnirinə baxmağa getmişdim. Həmin il Azərbaycanı "Kəpəz" təmsil edirdi. Oyunları izləyərkən "Jemçujina"nın baş məşqçisi ilə qarşılaşdıq. O məni komandaya dəvət edərək bildirdi ki, maddi cəhətdən problemləri var. Məşqçilik məktəbində oxuduğum üçün mənə burada çatışmayan futbol idi. Ona görə də razılaşdım. 4 ay Soçidə pulsuz oynadım. Sonra sponsorlar tapıldı və hər şey qaydasına düşdü. İki il dalbadal Rusiya Premyer liqasında oynadım. Karyeramıın son akkordlarını orada vurdum. İlk məşqçi fəaliyyətim də orada oldu.

- "Xəzər", "Bakı" və AZAL-da məşqçi işlədiniz. Hazırda Azərbaycanda milli komandanın məşqçisi kimi futbolumuzun bu gününü necə görürsünüz?

- 2012-ci il ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanda "İdman ili" elan olunub. Futbolumuz son illərdə böyük inkişaf yolu keçib. Bir sıra liqalar yaradılıb, milli komandalarımız formalaşdırılıb. Futbol klublarının rəhbərlərinin də çiyinlərinə böyük yük düşür. Onlar infrastruktura, futbolçuların yetişdirilməsinə qayğısını artırır, bir sıra layihələr gerçəkləşdirir. Fürsətdən istifadə edərək onlara bu çətin işdə uğurlar arzulamaq istəyirəm. Bu gün izlədiyimiz oyunda (söhbət "İnter" - "Bakı" oyunundan gedir - red.) "Bakı"nın heyətində 6 futbolçu klubun yetişdirdiyi gənclərdir. Onların bəzilərini əvəzedici heyətə mən cəlb etmişəm. "Sumqayıt", "Qəbələ" və "Neftçi"nin də heyətində gənc azərbaycanlıları izləmək qürurvericidir.

- Sadaladığınız klublarda çıxış edən gənclər arasında gələcəyin Nazim Süleymanovlarını görürsünüzmü?

Əlbəttə, olacaq. Biz buna çox inanırıq. İstedadlı futbolçularımız çoxdur. Onları üzə çıxarmaq üçün çox işləmək lazımdır. Gənclər öz üzərilərində işləsələr, məsləhətləri dinləsələr, onlar daha da irəli gedə bilərlər...

Xəbər lenti

Xəbər lenti