...

Azərbaycan gimnastı Murad Ağarzayev Dünya Kubokunda çıxışından razı qalıb

İdman Materials 14 Mart 2019 15:19 (UTC +04:00)
Azərbaycan gimnastı Murad Ağarzayev Dünya Kubokunda sərbəst hərəkətlərdə çıxışından razı qalıb
Azərbaycan gimnastı Murad Ağarzayev Dünya Kubokunda çıxışından razı qalıb

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastı Murad Ağarzayev Dünya Kubokunda sərbəst hərəkətlərdə çıxışından razı qalıb.

Bunu Trend-ə gimnast özü deyib.

O, öz çıxışını yaxşı qiymətləndirib:

“Təsnifatda əldə etdiyim nəticədən razıyam, mən hətta bu nəticəni gözləmirdim”.

M.Ağarzayev qeyd edib ki, o, Dünya Kubokuna ciddi hazırlaşıb:

“Yarışda rəqabət çox güclüdür. Əlbəttə ki, mən birinci olmaq istəyirəm, amma burada titullu idmançılar iştirak edir. Öz fiziki formamı müsbət qiymətləndirirəm”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti