Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində "WTT Youth Contender" turnirinə yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın son günündə seçmə komandamızın aktivinə daha bir medal yazılıb.
13 yaşlı idmançiların şəxsi mübarizəsində 3-cü yeri tutan Onur Quluzadə bu gün 15 yaşlıların yarışında da eyni nəticəni təkrarlayıb. Turnirin ilk günlərində Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda bürünc mükafata layiq görülmüşdü.
Qeyd edək ki, beynəlxalq yarışda ev sahibi Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançıları mübarizə aparıblar.