Bakı. Trend:
Azərbaycan Almaniya ilə Orta Dəhlizin inkişafı ilə bağlı əməkdaşlıq imkanlarını dəyərləndirib.
Trend AHK Azərbaycana istinadən xəbər verir ki, bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Narqis Şikin limana səfəri çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov ilə çox məzmunlu görüşü zamanı baş tutub.
Görüş zamanı Taleh Ziyadov Bakı Limanının gələcək planları,
xüsusən də limanın regional logistika qovşağına çevrilməsi ilə
bağlı fikirlərini bölüşüb.
Qeyd olunub ki, Azərbaycan Orta Dəhlizin həlledici hissəsi
olduğundan ölkənin logistika mərkəzinə çevrilməsində onun strateji
mövqeyindən istifadə edilməsi üçün əla imkanlar var.
Vurğulanıb ki, ölkənin inkişaf edən infrastrukturu və Bakı Limanının Ələtdəki müasir qurğuları bu vizyonun həyata keçirilməsində əsas sərvətdir.
Görüşdə, eyni zamanda, T.Ziyadovun qaldırdığı xüsusilə mühüm məqam Azərbaycanın logistika sektoru üçün “Yaşıl Dəhliz”in yaradılması layihəsi olub. Qeyd olunub ki, bu, Limanın gələcək fəaliyyəti üçün prioritet kimi müəyyən edilib.
Bildirilib ki, dayanıqlılıq və yaşıl həllər, o cümlədən, müntəzəm marşrutdan istifadə liman üçün həyati əhəmiyyət kəsb edir.
“Almaniyanın bu sahədə güclü təcrübəsini nəzərə alaraq, müzakirələr fevralın 20-də Hamburqda keçiriləcək “New Routes, New Markets: Global Gateway and Potential Markets along the Middle Corridor” (“Yeni marşrutlar, yeni bazarlar: Qlobal qapı və Orta Dəhliz boyu potensial bazarlar") adlı tədbirdə davam etdiriləcək. Tədbirdə həm Narqis Şik, həm də Taleh Ziyadov iştirak edəcək. Bu tədbirdə onlar mühüm mövzuları və gələcək əməkdaşlıq imkanlarını araşdıracaqlar
AHK Azərbaycan bu strateji təşəbbüslər üzrə Bakı Limanı ilə əməkdaşlığı davam etdirməkdən məmnundur və bu tərəfdaşlığın gələcəkdə gətirəcəyi imkanları səbirsizliklə gözləyir”, - deyə məlumatda qeyd olunub.