Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə sığorta haqlarının həcmi 25,5 milyon manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 106 min manat və ya 0,4% çoxdur. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə sığorta haqlarının həcmi 25,4 milyon manat təşkil edib.
Bəhs olunan dövrdə əmlak sığortası üzrə sığorta ödənişlərinin həcmi 3,4 milyon manat olub ki, bu da, illik müqayisədə 692 min manat, yaxud da 25,5% çoxdur. Ötən ilin yanvarında əmlak sığortası üzrə sığorta ödənişlərinin həcmi 2,7 milyon manat idi.
Qeyd edək ki, ötən ay əmlak sığortası üzrə toplanılmış 100 manat sığorta haqqı üçün sığorta ödənişi 13,4 manat təşkil edib ki, bu da illik müqayisədə 2,7 manat çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 10,7 manat idi.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.