...

Gürcüstan münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsiri – ekspertlərin rəyləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2008 16:48 (UTC +04:00)
Gürcüstan münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsiri – ekspertlərin rəyləri

Azərbaycan, Bakı, 25 avqust/ Trend , müxbir Ü.İsmayılova /Gürcü-osetin münaqişəsi Azərbaycan iqtisadiyytına birbaşa təsir göstərib, - Azərbaycanın İctimai Maliyyələrin Monitorinqi Mərkəzinin (PFMC) rəhbəri İnqilab Əhmədov hesab edir.

"Münaqişənin Azərbaycan iqtisadiyyatına ən başlıca və əhəmiyyətli təsiri - nəqliyyat əlaqəsinin [Gürcüstanın Qara dəniz limanları ilə] pozulmasıdır", - Əhmədov bazar ertəsi bildirib.

Ekspertin rəyinə görə, münaqişə indiyədək durğun vəziyyətdə olan Bakı -Supsa ixrac neft kəmərinin, həmçinin, Gürcüstanda Kaspi şəhəri yaxınlığındakı körpünün partladılmasından sonra dayanan dəmir yolu tranzitinə təsir göstərib. Münaqişə ilə əlaqədar son zamanlar fasilələrlə işləyən Gürcüstanın Poti limanı da Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Poti limanı vasitəsilə Azərbaycana avtomobillər gətirilir. Avqustda limanın qeyri - sabit işi sentyabrda Bakıda avtomobillər qiymətinin artmasına gətirəcək.

"Gürcüstandakı vəziyyət bu ölkədən keçməklə Azərbaycana gətirilən bütün ixdal mallarının qiymət artımına gətirəcək", - Əhmədov bildirib.

Bundan əlavə, gürcü - osetin münaqişəsinin psixoloji təsiri də olacaq və Gürcüstanın Azərbaycan üçün dünya bazarına birbaşa çıxış olması baxımından, əcnəbi sərmayədarların ovqatını dəyişə bilər.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) eks-prezidenti, hazırda Sahibkarlıq və Bazar iqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov hesab edir ki, Azərbaycan iqtisadiyyatının nəzərəçarpacaq itkiləri olacaq. Rəsmi məlumatlara əsasən, Gürcüstan iqtisadiyyatı münaqişə nəticəsində $1 mlrd itirib.

Ekspert hesab edir ki, Azərbaycan neft və qaz ixracı, avtomobil və dəmir yolu nəqliyyatından əldə edilən gəlirlərin əhəmiyyətli hissəsini itirəcək. Regionda işləyən sığorta şirkətlərinin də nəzərə çarpacaq xərcləri olacaq, - Bağırov bildirib.

İqtisadi İslahatlar Fondunun prezidenti, Azərbaycan parlamentinin deputatı Azər Əmiraslanov hesab edir ki, Gürcüstandakı münaqişəyə görə ölkə iqtisadiyyatı, əsasən, neft və neft məhsullarının qeyri- sabit nəqli ilə əlaqədar zərər çəkəcək.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, gürcü - osetin münaqişəsi Azərbaycan iqtisadiyyatının xarici amillərdən asılılığını göstərir. Gürcüstandakı vəziyyət Azərbaycanın enerji ehtiyatlarının nəqlindən proqnozlaşdırılan $1 mlrd. vəsaiti əldə edə bilməməsinə təsir göstərəcək.

Azərbaycanın Nazirlər Kabinetinin İqtisadiyyat və Maliyyə-Kredit Siyasəti Şöbəsinin keçmiş rəhbəri Oktay Haqverdiyev hesab edir ki, Azərbaycan gürcü - osetin münaqişəsindən cüzi zərər çəkəcək.

Onun rəyinə görə, itkilər olacaq - lakin cüzi, belə ki ,bütün enerji layihələri sığorta edilib və sığorta müqaviləsində "fors-major" haqqında bənd var.

Ölkə büdcəsinin itkilərindən danışan Haqverdiyev bildirib ki, büdcə də cüzi zərər çəkəcək, belə ki neftin cari qiyməti bir barelə görə orta hesabla $110-120-a satıldığı halda, Azərbaycanın dövlət büdcəsində neftin qiyməti bir barelə görə $70 səviyyəsində müəyyən edilib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Tsxinvaliyə daxil olub. Sonradan Rusiya qoşunları şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 12- də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının başa çatması barədə qərar qəbul edib. Lakin Gürcüstanda vəziyyət hələ də qeyri-sabitdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti