Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Kredit problemlərindən zərər çəkmiş banklara birgə yardımın təqdim edilməməsi haqqında qərar ötən həftə Avropa İttifaqı dövlət başçılarının Parisdə keçirilən görüşünün yekunu olub. Fransa prezidenti Nikolya Sarkozinin təşəbbüsçüsü olduğu bu görüşün əsas vəzifələrindən biri dünyadakı mənfi iqtisadi tendensiyalara müqavimət göstərmək üçün Avropa dövlətlərinin ümumi mövqeyinin razılaşdırılması olub. Sammitdə Böyük Britaniyanın Baş naziri Qordon Braun, Almaniyanın kansleri Angela Merkel və İtaliyanın hökumət başçısı Silvio Berluskoni iştirak ediblər.
Aİ ölkələrinin hökumətləri maliyyə böhranının tənzimlənməsi tədbirlərinə dair müxtəlif möqvelərdə dayanıblar. Ehtiyat fondunun yaradılması məsələsi ətrafında ən çox fikir ayrılığı müşahidə edilib.
Sammitin başlanmasınadək Böyük Britaniyanın Baş naziri Braun kiçik biznesə yardım üçün Avropa Sərmayə Bankının vəsaitlərindən $21,2 mlrd. fond ayırmağı təklif edib. Fransanın Maliyyə Nazirliyi də 400 mlrd. avroluq ÜmumAvropa sabitləşmə Fondunun yaradılması fikrini təklif edib. Lakin Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Jan-Klod Trişenin rəyinə görə, Aİ-nin federal büdcəsi olmadığından, mövcud problemlərin ümumavropa həlli bir nəticə verməyəcək.
Sammitin yekunlarına əsasən, hökumət başçıları öz hərəkətlərini koordinasiya edərək, maliyyə böhranı ilə şəxsi qüvvələri hesabına mübarizə aparmaq barədə razılığa gəliblər.
Bundan bir gün əvvəl ABŞ Konqresi bankların problemli aktivlərinin alınması üçün $700 mlrd. vəsaitin təqdim edilməsi ilə ölkənin maliyyə sektorunun xilas planını təsdiqləyib.
UniCredit Group beynəlxalq maliyyə qrupunun bir hissəsi olan "YuniKredit Aton" şirkətinin iqtisadçısı Vladimir Osakovskinin rəyinə görə, hazırki mərhələdə Avropaya maliyyə böhranının həlli üzrə vahid mövqe işləmək lazımdır.
"Keçirilən görüşün müəyyən müsbət cəhəti var. Lakin bunun nə dərəcədə realizə edilə biləcəyi açıq sualdır", - Osakovski bazar ertəsi telefonla Trend - a bildirib.
Onun sözlərinə görə, Avropanın iri dövlətlərinin birgə hərəkətləri bir qədər nikbinlik yaradır, bu da hazırki vaxtda çox vacibdir.
"Lakin konrekt olaraq hansı mexanizmlərin hazırlanacağı və bütün bunların son nəticədə necə görünəcəyini söyləmək çətindir", - Osakovski hesab edir.
Avropadakı vəziyyətdən danışan iqtisadçı qeyd edib ki, regiondakı problemlər Amerikanın problemləri ilə müqayisə edilə bilər.
"Buna baxmayaraq, ümumilikdə bütün Avropa iqtisadiyyatının davamlılığı müşahidə edilir. Hansısa ölkələr çox zərər çəkəcək, hansısa ölkələr az", - o əlavə edib.
Fransa prezidenti Sarkozi iqtisadi böhranın nəticələrinin yumşaldılması üzrə tədbirlərin sırasında yaranmış çətinliklərin öhdəsindən müstəqil surətdə gələ bilməyən bank rəhbərlərinə qarşı sanksiyaların tətbiq edilməsini də xatırladıb. Sammit iştirakçıları birgə bəyanatda "Böyük Səkkizliyin" üzvlərini gələn həftə maliyyə bazarlarının tənzimlənməsi qaydalarına yenidən baxmağa çağırıblar.
Müəllifə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]