...

Beynəlxalq strukturlar Azərbaycan iqtisadiyyatını sabit və möhkəm hesab edirlər - Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2009 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir D.İbrahimova /

"Beynəlxalq strukturlar Azərbaycan iqtisadiyyatını sabit və möhkəm hesab edirlər", - Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev deyib.

"Davam edən qlobal böhranın fonunda Azərbaycanda sabit iqtisadi durum müşahidə olunur", - aprelin 23-24-də Almatıda keçirilən, VIII Avrasiya mediaforumunda çıxışı zamanı Nuriyev deyib.

Nuriyevin sözlərinə görə, forumda qlobal inkişafın problemləri ilə bağlı ən vacib məsələlər müzakirə olunub, bir necə iclas keçirilib ki, onlardan birincisi də məhz dünya iqtisadi böhranına həsr olunub. "Onun adı "Əfsanə və Reallıq", əsas fikir isə dünyanın maliyyə və iqtisadi böhran yaşamasının həqiqətəuyğunluğunun müəyyən edilməsi idi", - Nuiyev bildirib.

Onun sözlərinə görə, ikinci iclasda yeni kapitalizm ideyası müzakirə olunub. Ekspertlər hesab edirlər ki, kapitalizm fiaskoya uğrayıb və islahatlara ehtiyac var. Bu iclasda gələcəyin "yeni kapitalizm" konsepsiyasının nə dərəcədə real və həyatqabiliyyətli olması ətrafında müzakirələr aparılıb.

Üçüncü iclasda müasir jurnalistikanın obyektivliyi müzakirə olunub. Nuriyev deyib ki, xüsusilə Cənubi Osetiya münaqişəsi və onun KİV-dəki şərhi, reallıq və həqiqət arasındakı uçurum müzakirə olunub. Bu münaqişənin işıqlandırılması qütbləşmiş xarakter daşıyırdı və manipulyasiya nümunəsi oldu.

"Əlbəttə, Azərbaycan iqtisadiyyatı dünya təsərrüfatı arxitekturunun qloballaşması və qarşılıqlı asılılığı şəraitində inkişaf edir. Neftin qiymətinin düşməsi, valyutaların enib-qalxması milli iqtisadiyyatda iz qoyur, ancaq yaxşı düşünülmüş iqtisadi strategiya və ölkə rəhbərliyinin səmərəli taktikası qlobal iqtisadi börhanın Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirməyə imkan verir", - Nuriyev qeyd edib.

Mərkəzin rəhbəri Azərbaycan iqtisadiyyatının sabitlik və davamlılığını bir neçə faktorla izah edib:

Birincisi, son illərdə Azərbaycan iqtisadiyyatı dünyadakı ən yüksək templərlə inkişaf edib. 2005-ci ildə ÜDM artımı 26,4 faiz, 2006-cı ildə - 34,5 faiz, 2007-cı ildə - 25 faiz, 2008-cı ildə, dünya maliyyə böhranının ortaya çıxması şəraitində - 10,8 faiz təşkil edib.

Həmçinin 2003-2008-ci illər ərzində iqtisadiyyatın inkişafının müqayisəli analizinə də diqqət yetirək. Beş il ərzində dünya iqtisadiyyatının artımı 25,4 faiz, o cümlədən ABŞda - 13,3 faiz, Aİ ölkələrində - 13,7 faiz, MDB-də - 45,4 faiz, Çində - 66,5 faiz təşkil edibsə, Azərbaycanda iqtisadiyyat 2,6 dəfə artıb.

Ölkənin büdcə xərcləri 10 dəfədən çox artıb, yoxsulluq səviyyəsi isə 2003-cü ildəki 49 faizdən, 2009-cu ilin əvvəlində 13 faizə qədər enib. 2009-cu ilin ilk rübündə ÜDM 4 faizdən çox artıb. Qeyri-neft sektorunda isə bu rəqəm təxminən 14 faiz olub.

İkincisi, Azərbaycan mərkəzi davamlı, manevrli pul siyasəti həyata keçirir. Bu siyasət ölkənin bank sektorunun sabitliyinin möhkəmləndirilməsinə yönəldilib ki, buna məsələn, MDB-nin başqa ölkələrində rast gəlmək olmur. Koordinasiya funksiyasını yerinə yetirən MB, bankların likvidliyinin analizini də aparır. Bank sisteminin təhlükəsizliyini təmin edən əsas faktor, bank aktivlərinin cəmi 18 faizini xarici kreditləşmənin təşkil etməsidir ki, Qazaxıstanda bu rəqəm - 78 faizdir.

Üçüncüsü, Azərbaycan milli valyutasında devalvasiyanın olmamasıdır. 2009-cu ilin əvvəlindən manatın dollara nisbətdə məzənnəsi  0,5 faiz azalıbsa, eyni zamanda avroya nisbətdə 9 faiz möhkəmlənib.

Bununla yanaşı, Azərbaycan müəssisələrinin və milli bankların aktivləri dünya birjalarının dövriyyəsində deyil və Azərbaycan banklarının sərmayə portfeli böhrandan silkələnən böyük maliyyə strukturlarının səhmləri dairəsinə daxil deyil. Xarici borclanma sahəsində balanslaşdırılmış siyasət realizə edilir, dövlət borcu 2,6 milyard dollar və ya ÜDM-in 6,5 faizini təşkil edir - ölkə əhalisinin hər bir sakininə 300 dollar.

Nuriyevin sözlərinə görə, ölkə hökuməti tərəfindən vergi-büdcə siyasətində çevik, o cümlədən ipoteka kreditləşməsi sahəsində ehtiyatlı siyasət aparılır. Nəticədə Azərbaycanda yetərincə sabit iqtisadi durum müşahidə olunur və əlverişli makroiqtisadi dinamika saxlanılıb.

Nuriyevin sözlərinə görə, Azərbaycan milli iqtisadiyyatının sabitlik və möhkəmliyinin saxlanılmasını dünya maliyyə təşkilatları reytinq agentliklərinin hesabatlarında görmək olar. Dünya Bankının "2009-cu ildə qlobal iqtisadiyyatın perspektivləri" hesabatına əsasən, 2009-cu ildə Azərbaycanda ÜDM-in artım tempi 10,4 faiz səviyyəsində proqnozlaşdırılır. Bu hesabatda göstərilir ki, Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri arasında lider mövqeyində qərarlaşıb.

2010-cu ildə DB Azərbaycan üçün ÜDM artımını 7-8 faiz səviyyəsində proqnozlaşdırır ki, bu da həmçinin regionda ən böyük rəqəmdir.  

Nuriyevin sözlərinə görə, bir müddət əvvəl dünya maliyyə böhranı barədə çıxışı zamanı, RF maliyyə naziri Aleksey Kudrin MDB ölkələrinin iqtisadiyyatlarının durumunu qiymətləndirərkən bildirib ki, Azərbaycan qlobal maliyyə böhranından ən az əziyyət çəkən ölkədir.

Xəbər lenti

Xəbər lenti