Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.Xəlilova/
Azərbaycanda vergi inzibatçılığı sahəsinin təkmilləşdirilməsi və vergi sisteminin modernləşdirilməsi çərçivəsində vergiödəyicilərin vergi orqanları ilə əlaqəsi minimuma endiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Vergilər Nazirliyinin sahibkarların hüquqlarının qorunması üçün göstərdiyi xidmətlər haqqında" mövzusunda "dəyirmi masa"da vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
"Azərbaycan MDB ölkələri arasında ilk dəfə olaraq vergiödəyicilərə xidmətin göstərilməsi üzrə strukturlar yaradıb, - Ələkbərov bildirib. - Bununla yanaşı, Azərbaycanda vergi orqanlarında əməkdaşların sayı Avropa və MDB ölkələri ilə müqayisədə ən aşağı göstəriciyə malikdir".
Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi ilə vergi orqanlarında əməkdaşların sayı 2 minə qədər azalıb. Ölkədə vergiödəyicilərə vergi orqanlarından uzaqda yerləşən yerlərdə xidmətlərin göstərilməsi üçün terminallar quraşdırılır. Hazırda terminalların sayı 27-dir. Onların 10-u bu il sitifadəyə verilib və daha 10 terminal qurulma prosesindədir.
"2013-cü ilədək bu terminalların ölkə üzrə sayı 55-ə çatdırılacaq, - nazir müavini bildirib. - Gələcəkdə onların tətbiqi sahəsi genişləndirilə bilər. Vergi orqanları ilə əlaqə ilə yanaşı, terminallar digər dövlət qurumları, məsələn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə bağlı maraqlandıran suallara cavab almaq üçün istifadə oluna bilər".
Vergiödəyicilərə xidmət idarənin rəisri Elçin Məmmədovun sözlərinə görə, yaxın gələcəkdə kompüter terminallarında videomüraciət xidmətinin tətbiqi də planlaşdırılır. Bu, vergi idarələrinin rəhbərlərinə nazirliyə gəlmədən müəyyən edilmiş vaxtda müraciət etməyə imkan verəcək.
Onun sözlərinə görə, elektron xidmətlərin təkmilləşdirilməsi ilə Vergilər Nazirliyinin internet səhifəsindən istifadə edənlərin sayı son 5 il ərzində xeyli artıb. 2007-ci ildə onların sayı 665 325, 2008-ci ildə 1 325 909, 2009-cu ildə 1 618 252, 2010-cu ildə 1 939 547 təşkil edirdisə, 2011-ci ilin yanvar-mayında artıq 1 380 647 istifadəçi olub.
"Müraciətlərin 97,2 faizinə 7 gün, 2,1 faizinə iki həftə, 0,6 faizinə 15-30 gün ərzində baxılıb, - Məmmədov qeyd edib. - Müraciətlərə baxılmanın operativliyini bu fakt da təsdiq edir ki, vergiödəyicilərin hüquqlarının qorunması daima nazirliyin diqqət mərkəzindədir".
2011-ci ilin yanvar-mayında vətəndaş və vergiödəyicilərin Vergilər Nazirliyinə birbaşa müraciətlərinin sayı 22 550 olub. Bunun 660-ı şikayət olub. Nazir müavininin sözlərinə görə, bu müraciətlərin yalnız 5,2 faizi əsassız hesab edilib. Müraciətlərin yarısı hansısa arayışların alınması ilə bağlı olub.
"Vergiödəyicilərin vergi orqanlarının fəaliyyətindən narazılığı ilə bağlı məsələlərin həlli üçün Vergi Apelyasiya Şurası yaradılıb, növbəti instansiya isə məhkəmə orqanları ola bilər", - o bildirib.
Nazir müavinin sözlərinə görə, vətəndaş və vergiödəyicilərin də birbaşa vergilər naziri Fazil Məmmədova elektron poçtla müraciət etmək imkanı var. 2010-cu ildə vergilər nazirinin elektron poçtuna 167, 2011-ci ilin yanvar-mayında 99 müraciət daxil olub. Onlar vergi xidmətinə işə qəbul və ya bərpa edilməyə aid olub.
"Hazırda müraciətlərin çox hissəsi vergi yoxlamaları ilə bağlıdır. Və bu təbiidir, çünki vergi orqanları vergilərin ödənilməsinin təmini üçün vergi auditi və operativ nəzarət çərçivəsində yoxlamalar aparır", - nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, lakin gələcəkdə səyyar vergi yoxlamalarının sayını minimuma endirmək planlaşdırılır. Bu, elektron auditin tətbiq edilməsinə başlandıqdan sonra mümkün olacaq.
"Bu, auditin obyektinə getmədən vergiödəyicilərin fəaliyyətini yoxlamağa imkan verəcək", - Ələkbərov qeyd edib.
"Buna qədər vergi qanunvericiliyində müvafiq dəyişikliklər edilməlidir", - o bildirib.