Azərbaycan, Bakı, 30 dekabr /Trend müxbir N.İsmayılova/
Gələn il Azərbaycan Mərkəzi Bankının (AMB) antiinflyasiya siyasəti öz aktuallığını qoruyacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin açıqladığı 2012-ci il üçün pul-maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində deyilir.
Mərkəzi Bankın 2012-ci il üçün pul siyasətinin başlıca hədəfini illik inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması təşkil edəcək. İnflyasiyanın aşağı səviyyədə saxlanması ödəniş qabiliyyətli tələbin təmin olunmasında, əhalinin və biznesin maliyyə yığımlarının real dəyərinin qorunmasında, faiz dərəcələrinin aşağı düşməsində və manatın real məzənnəsinin rəqabətli olmasında həlledici amildir.
İnflyasiya üzrə hədəfə nail olmaq üçün Mərkəzi Bank pul təklifi və valyuta məzənnəsindən aralıq hədəflər kimi istifadə edəcək. Strateji dövrdə isə Mərkəzi Bankın qarşısında duran vəzifə məcmu tələbə təsir etmək və bu yolla inflyasiyanı birbaşa hədəfləmək imkanlarının artırılmasıdır. Bu imkanın yaranması pul siyasətinin məcmu tələb və pulun dəyəri üzərində monetar nəzarətinin güclənməsini təmin edən amildir.
İqtisadiyyatın diversifikasiyası, qeyri-nağd pul dövriyyəsinin miqyasının genişlənməsi, makroiqtisadi siyasətin koordinasiyası mexanimzlərinin güclənməsi, kapital bazarlarının inkişafı pul siyasəti qərarlarının iqtisadi aktivliyə və inflyasiya səviyyəsinə yüksək ötürücülük qabiliyyətini təmin edən başlıca şərtlərdir.
Manatın məzənnəsi makroiqtisadi sabitliyin saxlanmasında, maliyyə sabitliyinin idarə olunmasında, habelə qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin qorunmasında əhəmiyyətli amil olaraq qalacaq. 2012-ci ildə ölkəyə valyuta daxilolmalarının artması manatın məzənnəsinə təsir edən əsas makroiqtisadi amildir. Manatın real effektiv məzənnəsinə neft gəlirlərinin əhəmiyyətli təsirini nəzərə alaraq orta müddətli dövr üçün daha çevik məzənnə rejiminə tədrici keçid imkanları nəzərdən keçiriləcək.
Pul təklifinin artım templərinə mümkün təsiri təmin etmək üçün Mərkəzi Bank pul siyasəti alətlərindən adekvat istifadə edəcək. Faiz dəhlizinin parametrləri, o cümlədən uçot dərəcəsi iqtisadi tsikldəki və maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq adekvat tənzimlənəcək. Bank sistemindəki likvidlik həm inyeksiya (likvidliyin verilməsi), həm də sterilizasiya alətləri vasitəsilə tənzimlənəcək. Pul siyasəti alətlərinin tətbiqinin makroiqtisadi effektivliyini yüksəltmək üçün maliyyə dərinliyinin daha da artırılması vacib şərtdir. Bunu nəzərə alaraq qarşıdakı ildə də Mərkəzi Bank mütəşəkkil banklararası pul bazarının aktivləşməsini dəstəkləməkdə davam edəcəkdir.
Pul siyasətinin intellektual bazasının inkişafı diqqətdə saxlanacaq, iqtisadi diaqnostika, tədqiqat və proqnozlaşdırma bazası gücləndiriləcək. Ölkə iqtisadiyyatının orta və uzunmüddətli dövrlərə modelləşdirilməsi üçün konseptual fəaliyyət davam etdiriləcək. İxracyönümlü iqtisadiyyatlar üçün məqbul hesab edilən modellərin proqnozlaşdırmada praktiki tətbiqinə başlanacaq.