"İcbari sığortalar haqda" Azərbaycan Respublikasının Qanunu agent satışlarının inkişafını yeni pilləyə qaldırdı. Bu sözləri Sığorta agentlərinin I Milli Forumu çərçivəsində çıxış edən "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyətinin Sədr müavini Musa Məmmədov söyləmişdir.
Onun qeyd etdiyi kimi, Azərbaycanda sığorta bazarı yüz ildən çoxdur ki, inkişaf edir. Lakin, sığorta bazarının sözün əsl mənada dirçəlişinin keçən əsrin 90-cı illərində şahidi olduq. Məhz bu zaman ölkəmizin bugünki maliyyə bazarında mühüm rol oynayan peşəkar sığorta şirkətlərinin çoxunun bünövrəsi qoyuldu.
"Sığorta sahəsində 2010-2011-ci illərdə yeni qanunların qəbul edilməsi pərakəndə satışların inkişafına yeni təkan verdi. Azərbaycanda yeni peşə meydana gəldi - sığorta agenti. Hazırda icbari sığorta növlərinin tətbiqi agentlər üçün stabil gəlir mənbəyi olmaqla yanaşı, öz növbəsində onları könüllü sığorta məhsullarının satışı ilə məşğul olmağa da sövq edir. Bu gün artıq onlar sığorta məhsullarının peşəkar satıcılarına çevrilib" - deyə o qeyd etmişdir.
Məmmədovun sözlərinə görə, "Atəşgah" SŞ daimi olaraq yeni agentlərin işlə təmin edilməsi, onların tədrisi, peşəkar səviyyələrinin yüksəldilməsi sahəsində xeyli tədbirlər həyata keçirir. "Sıralarımıza qoşulmuş yeni namizədlərlə "Atəşgah"-da böyümüş və artıq inkişaf etmiş agentlər, təcrübəli menecerlər və təlimçilər məşğul olur. Agent şəbəkəsinin kadr məsələlərinin vaxtında həll edilməsi, lazımi korporativ mühitin saxlanması, bütün kollektivin yeganə bir komanda kimi çalışması bizim üçün çox vacibdir. Yalnız bu şəraitdə agent uğurlu bir satıcıya çevrilə bilər!"
Bununla belə, Məmmədovun fikrincə, agent şəbəkəsinin inkişafı ilə əlaqədar olan və hələ də həllini tapmayan suallar və problemlər da mövcuddur. Bu cəmiyyət tərəfindən agent peşəsinə qarşı münasibət və, ümumiyyətlə, fərdi müştərilərin sığortaya münasibətinin lazımi səviyyədə olmamağıdır. "Bu səbəbdən çox vaxt elə olur ki, hətta icbari sığorta məhsulunun satışı belə agent üçün problemə çevrilir" - deyə o vurğulayıb.
QEYD: "Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir.
"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, "Atəşgah" Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində Qrupun sığorta haqları 28 mln. AZN, ödənişləri isə 6,4 mln. AZN təşkil edir.
"Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.