...

“AtaSığorta” ASC İdarə Heyətinin sədri: Sığorta sektorunun inkişafı müasir dövrün tələbədir (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2013 11:15 (UTC +04:00)
Bu dəyişikliklər texnoloji sahədə daha çox görünsə də, 2008-ci ildə başlayan maliyyə böhranından sonra xüsusi ilə də maliyyə sahəsində daha fundamental dəyişikliklərin həyata keçirilməsinə ehtiyacın olması zərurəti yarandı.
“AtaSığorta” ASC İdarə Heyətinin  sədri: Sığorta sektorunun inkişafı müasir dövrün tələbədir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

"AtaSığorta" ASC İdarə Heyətinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Müseyib Əliyevin mətbuata müsahibəsi

- Sizin rəhbərlik etməyə başladığınız qısa müddət ərzində "AtaSığorta" ASC şirkətinin adı KİV-də daha intensiv eşidilir. Bu hansı yeniliklərlə bağlıdır?

- Məşhur bir ifadə vardır: "Dəyişməyən yeganə şey dəyişimin özüdür". Çox sürətli bir dəyişikliklər dövrü yaşayırıq. Bu dəyişikliklər texnoloji sahədə daha çox görünsə də, 2008-ci ildə başlayan maliyyə böhranından sonra xüsusi ilə də maliyyə sahəsində daha fundamental dəyişikliklərin həyata keçirilməsinə ehtiyacın olması zərurəti yarandı. Bütün bunlardan nəticə çıxararaq qərara gəldik ki, maliyyə sahəsində əsas amillər etibar, effektiv fəaliyyət və müəyyən olunmuş hədəfə çatmaq üçün düzgün strateji plan və taktika seçməkdir. İşimizi bu qeyd etdiyim 3 istiqamətdə qurmuşuq. Başqa sözlə, müştərilərin etibarını qazanmaq və həmin etibarı saxlamaq müəyyən vaxt tələb etsə də, işi effektiv quraraq buna daha qısa zamanda nail olmaq, qarşımızdakı hədəfə çatmaq üçün düzgün plan qurmaq əsas prioritetlərimizdəndir. Müştəri ilə işimizi qarşılıqlı inam əsasında qurmağa çalışırıq. Məqsədimiz müştəridən sığorta mükafatları toplamaqdan daha çox həmin müştərilərin risklərini daha effektiv sığortalamaq və müştəridə şirkətimizə inamı artırmaqdır. Müştəridə risklərinin sığortalanmasına və ödəniləcəyinə əminlik və arxayınlıq vardırsa, bu gələcəkdə şirkətimizə yeni müştəri axını deməkdir. Məsələn, cari ildə biz iri sığorta ödənişini həyata keçirmişik, belə ki, korporativ müştərilərimizdən birinə sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər üzrə 195 min manat sığorta ödənişi ödənilmişdir. Bu cür ödəniş sığorta bazarında tez-tez rast gələn bir fakt deyildir.

Digər tərəfdən, şirkət olaraq müştərilərin risklərinin düzgün ölçülməsi, ödəniş ehtimallarının müəyyənləşdirilməsi, risklərin tam və ya qismən ötürülməsi, vəsaitlərdən səmərəli istifadə əsas prioritetlərimizdəndir. Çünki şirkət qazanmasa onun müştəriləri də qazanmaz. Amma bu qazanc səmərəli fəaliyyətin nəticəsində olmalıdır.

Digər tərəfdən şirkətdə müasir texnoloji yeniliklərdən istifadəyə, kollektivin günü-gündən daha da peşəkarlaşmasına, korporativ idarəetmə standartlarının həqiqi mənada daha geniş tətbiqinə, qərarların kollegial şəkildə verilməsinə nail olmağa çalışırıq. Kollektiv peşəkar və öz işinin öhdəsindən vaxtında və operativ gələ bilməlidir ki, müştəridə şirkətə qarşı inam daha da artsın. Müştərilər arasında keçirilən sorğular və rəylər göstərir ki, buna müəyyən mənada tədricən nail oluruq.

Bütün bu qeyd edilənlər və Sizin də qeyd etdiyiniz kimi adımızın müsbət mənada son dövrlərdə KİV-də daha intensiv eşidilməsi də göstərir ki, müəyyən etdiyimiz hədəf, strategiya və fəaliyyətimiz, tutduğumuz yol düzgündür və öz səmərəsini verməkdədir.
Lakin hələ görüləcək işlər çoxdur. Azərbaycan sığorta sektorunda imkanlar da böyükdür. Daşınar və daşınmaz əmlakın sığortalanması, avtomobillərin könüllü kasko sığortası, tibbi sığorta, icbari sığorta növləri bizim üçün önəmli sahələrdir və məhz bu sahələrdə fəaliyyətin genişlənməsi həm də əhalinin maarifləndirilməsini tələb edir. Bununla bağlı gələcəkdə müəyyən işləri həyata keçirməyi nəzərdə tuturuq.

- "AtaSığorta"nı digər sığorta şirkətlərindən fərqləndirən cəhət varmı, əgər varsa hansıdır?

- Təbii ki, sığorta fəaliyyəti haqqında qanun bütün sığorta şirkətlərinə eyni imkanı yaradır. Hazırda aparıcı sığorta şirkətləri əsasən eyni sığorta xidmətlərini göstərirlər. Lakin fərqli cəhətlərimiz də mövcuddur. Az öncə bu cəhətlərin bir neçəsinə toxunduq. Ən əsas fərqli cəhətimiz isə müştəri maraqlarını və mənfəətini ön plana çəkərək sığorta biznesinə fərqli yanaşmamız və işlərimizi beynəlxalq səviyyəli sığorta şirkətlərinin iş prinsiplərinə uyğun bir şəkildə qurmaqdır. Hədəflərimiz böyükdür. Bu istiqamətdə işlər də görülür. Bunu hamımız, daha çox isə müştərilərimiz hiss edəcəklər. Bu gün dünyada uğurlu şirkətlərin fəaliyyətinə nəzər saldıqda aydın şəkildə görürük ki, onlar birbaşa müştəri ehtiyaclarını müəyyən edir və bu ehtiyacların qarşılanması üçün effektiv məhsullar hazırlayaraq cari və potensial müştərilərinə təqdim edirlər. Azərbaycanın sığorta sektorunda buna xüsusi ehtiyac duyulur. "AtaSığorta"nın bundan sonrakı fəaliyyətində daha çox müştəri ehtiyaclarına yönəlmiş yeni məhsullar hazırlayaraq daim yeniliklərlə müştərilərimizi və tərəfdaşlarımızı məmnun etməyi düşünürük. Bununla da ən böyük deyil, ən fərqli sığorta şirkəti olduğumuzu göstərməyə çalışırıq.

- Bu gün sığorta sferasında olan riskləri necə dəyərləndirirsiniz?

- Az öncə şirkətimizdə risklərin qiymətləndirilməsi, idarə edilməsi məsələlərinə və bu məsələlərin nə üçün vacib olma səbəblərini qısaca da olsa qeyd etdik.

Bu gün sığorta sferasında risklər yüksəkdir. Ən aktual risklər əhalidə sığorta haqqında məlumatsızlıq, sığorta hadisələrində öz hüquq və vəzifələrini bilməmələri, müqavilə şərtləri və ödəniləcək və ödənilməyəcək sığorta risklərindən xəbərlərinin olmaması nəticəsindən anlaşılmazlıq, obyektiv və subyektiv səbəblərdən sığorta şirkətlərinə etibarın yüksək olmaması ən ciddi risklərdən hesab edilir. Digər tərəfdən, əmlak və tibbi sığortalarının
kütləviləşməməsi də riskli amillərdən hesab edilir. Çünki sığortalananların sayı nə qədər çox olarsa, həm sığorta şirkəti, həm də sığortalananlar üçün bir o qədər yaxşıdır. Məsələn, 100 maşın sığorta olunub, 1 il ərzində bunlardan 3-ündə sığorta hadisəsi baş verdikdə sığorta şirkəti üçün zərər yaranar. Amma 100 min maşın sığorta olunarsa, 3 min maşında sığorta hadisəsinin olması ehtimalı az olduğundan belə zərərin yaran- ma ehtimalı da çox aşağıdır. Həmçinin dünyanın inkişaf etmiş sığorta bazarlarına nəzər saldıqda sığorta dələduzluğunun şirkətlərə ciddi maliyyə itkiləri yaratdığını müşahidə edirik. Sığorta şirkətləri hər il 10 milyardlarla ABŞ dolları vəsait itirməklə bu ciddi problemdən əziyyət çəkirlər.

Düşünürəm ki, Azərbaycan sığorta şirkətləri də bu istiqamətdə işlərini düzgün qurmaqla potensial itkilərini minimuma endirməlidirlər. Sığorta yığımlarının bir fondda toplandığını və potensial zərərə məruz qalanlara maddi kompensasiya ödəmək üçün nəzərdə tutulduğunu unutmamalıyıq. Sığorta şirkətlərinin önəmli missiyalarından biri də yığılmış vəsaitlərin yalnız həqiqətən zərərə məruz qalanlara yönəlməsini təmin etməkdir. Bunun üçün maddi-texniki baza gücləndirilməli və bu sahədə çalışan əməkdaşların peşəkar bilikləri davamlı yüksəldilməlidir. Ümumilikdə, hər bir şirkətdə, xüsusi ilə də maliyyə xidmətləri sahəsində çalışan şirkətlərdə risklərin idarə edilməsi müasir tələblərə cavab verə biləcək səviyyədə qurulmalı və daim təkmilləşdirilməlidir.

- İnsanların hansı sığorta şirkətini seçməsində etibarlılıqdan sonra əsas amillərdən biri də təklif şərtlərinin yüngül olmasıdır. "AtaSığorta"nın şərtlərində nə dəyişikliklər gözlənilir?

- Müştərilərimizə keyfiyyətli xidmət göstərməklə yanaşı təklif etdiyimiz xidmətlərin müştərilərə daha rahat və operativ çatmasına daim diqqət edirik. Hal-hazırda şirkətimiz 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir və sığorta sektorunda rəqabətə davamlı və çevik tarif və şərtlər təqdim edir. Avtomobil sahibləri icbari sığorta şəhadətnamələrini"AtaBank"-ın bütün filiallarından, "Azpetrol" Yanacaq Doldurma Məntəqələrindən "Azərpoçt" MMC-nin şöbələrindən rahat əldə edə bilərlər. Beləliklə, onlar həm vaxtlarına qənaət etmiş olarlar, həm də rahat bir şəkildə sığorta polisləri ala bilərlər. "AtaSığorta" bazarda olan dəyişikliklərə çevik reaksiya verməklə, hər zaman yeni məhsul və şərtlərlə çıxış edir. Burada əsas amil müştərilərlə şirkətimiz arasında rahat və operativ əlaqənin qurulması, müştəri sayının onlara keyfiyyətli xidmət göstərməklə artırılmasıdır.
Əksər hallarda sığorta haqqının aşağı olması şərtlərin yüngül olması kimi başa düşülür. Lakin bu həmişə belə olmaya bilir.

Bəzən təklif olunan aşağı sığorta haqqının arxasında olduqca yüksək azadolma (franşiza) məbləği dayanır. Məlumat üçün bildirim ki, azadolma məbləği zərərin müştəri tərəfindən ödənilən hissəsidir və bu məbləğ nə qədər yüksək olarsa, müştərinin üzərinə bir o qədər yük düşür. Təsəvvür edin ki, bazar qiyməti 20 min manat məbləğində olan avtomobil üçün 500-1000 manat azadolma məbləği tətbiq olunur. Bəzən müştərilər bu sahədə məlumatsız olurlar. Lakin sonradan hadisə vaxtı məlum olur ki, son nəticədə müştəriyə ödəniləcək məbləğ zərərin cüzi bir hissəsini təşkil edir. Bu isə nəticədə müştəridə narazılığa səbəb olmaqla, ümumən sığorta şirkətlərinə olan inam və etibara xələl gətirir. Digər bir önəmli məsələ isə təminatla bağlıdır. Könüllü sığorta növlərində təminat verilən risklərin əhatə dairəsinə uyğun olaraq sığorta haqqı müəyyən olunur. Risklərin sayı və ehtimalı artdıqca sığorta tarifi də buna uyğun dəyişir. Biz müştərilərimizə bu yöndə xüsusən ehtiyatlı olmağı tövsiyyə edirik. Müştərilər sığorta polisini imzalamazdan əvvəl əmlaklarının önəmli risklərdən sığortalandığına əmin olmalıdırlar. "AtaSığorta" müştərilərinə sığorta təklifi verdiyi zaman əvvəldə qeyd etdiyim kimi onlara tam uyğun olan risklərdən təminat verir və sığorta predmetinə uyğun şəkildə azadolma məbləğləri tətbiq edir. Qeyd olunanlardan əlavə müştərilərimizə hissəli ödəniş imkanlarını da təqdim edirik. Müştərilərimiz onlara uyğun ödəmə qrafikini seçməklə sığorta haqlarını rahatlıqla ödəyə bilərlər.

- "AtaSığorta" daim öz yeni, innovativ məhsulları ilə müştərilərini sevindirir. Gələcəkdə müştərilərinizi daha hansı yeniliklər gözləyir?

- Sığorta sektoru çox böyük sürətlə inkişaf edir. Müştərilərin tələblərinə uyğun yeni-yeni sığorta məhsulları yaratmaq və mövcud sığorta məhsullarını təkmilləşdirmək zəruridir. Rəqabət getdikcə güclənməkdədir. Planlarımız çoxdur, hamısı haqqında indi danışmaq doğru olmazdı. Yalnız onu deyə bilərəm ki, bu məhsullar sığorta sahəsinin inkişafına öz töhfəsini verməklə yanaşı həm də müştərilərimizi məmnun edəcəkdir.
Şirkətimizin bu günkü inkişaf dinamikası bizi nisbətən qane etsə də, bu dinamikanı daha da sürətləndirmək və daim yeniliklər etmək üzərində böyük bir komanda
işləyir və yaxın zamanlarda yeni avtomobil və əmlak sığortasına aid məhsullar ilə müştərilərimizi və potensial müştərilərimiz olan oxucularımızı sevindirəcəyik.
Müştərilərimizə xoş olacaq başqa bir yenilik ondan ibarətdir ki, yaxın zamanlarda online xidmətlərin təşkilinə başlamağı planlaşdırırıq. Bu da müştərilərimizin ev və ofislərindən kənara çıxmadan vaxta qənaət etməklə sığortalanmasını mümkün edəcəkdir.

- Uğurlu sığorta şirkəti qurmaq üçün nəyi nəzərə almaq vacibdir?

- Bütün dünyada hər bir uğurlu biznes məşhur Win/Win (Ud/Ud) prinsipi əsasında qurulub. Yəni, iş görən hər 2 tərəf həmin biznesin nəticəsində uduşlu olmalı, mənfəət qazanmalıdır. Bu xüsusilə, sığorta sahəsində önəmlidir. Əgər bizdə sığorta olunan bir müştəri sığorta hadisəsi olduqda ödənişini heç bir problem yaşamadan operativ ala biləcəyinə əmin olarsa, uzunmüddətli loyal müştəri bazasına malik olan və günü-gündən müştərilərinin sayı artan bir sığorta şirkəti qurmağa nail olmaq olar.
Son vaxtlar personalın idarə edilməsi üzrə iş həlledici rol alır - istehlakçıların şirkətin brendinin dəyərliliyi haqqında məlumatlılığı məhz ondan asılıdır.
Həmçinin, uğurlu sığorta şirkətinin qurulmasının əsas tərkib hissələrindən biri informasiya sisteminin və sığorta xidmətləri istehlakçıları ilə əks əlaqə kanallarının qurulmasıdır.
Bütün bunlara nail olmaq üçün isə şirkət risklərini düzgün qiymətləndirməli, sərbəst maliyyə vəsaitlərini səmərəli idarə etməli və müştəri məmnuniyyətinə nail olmaqla öz fəaliyyətini daha səmərəli qurmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti