...

Şahin Mustafayev: Azərbaycan qısa tarixi dövr ərzində iqtisadi inkişafda sıçrayış edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2014 13:10 (UTC +04:00)
Azərbaycan qısa tarixi dövr ərzində iqtisadi inkişafda sıçrayış edib. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.
Şahin Mustafayev: Azərbaycan qısa tarixi dövr ərzində iqtisadi inkişafda sıçrayış edib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Emin Əliyev/

Azərbaycan qısa tarixi dövr ərzində iqtisadi inkişafda sıçrayış edib. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Məqalədə bildirilir: "Son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, siyasi sahədə böyük nailiyyətlərin qazanılması, o cümlədən siyasi gündəliyimizdə başlıca məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bir sıra ölkələrdə Xocalı soyqırımının tanınması və digər uğurlarla zəngin olmuşdur".

Bununla yanaşı, onun sözlərinə görə, dünyada böhran proseslərinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda Azərbaycanın davamlı iqtisadi inkişafı, quruculuq işlərinin geniş vüsət alması, əhalinin həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi son illərin nailiyyətlərini səciyyələndirən əsas amillərdəndir.

Nazir qeyd edib: "Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olmuşdur. Ölkəmiz son 10 ildə, yəni, tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafa nail olmuş, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olmuş, kosmosa peyk çıxaran dövlətlər sırasına qoşulmuş, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur".

Mustafayevin sözlərinə görə, təbii ki, Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Bu gün qarşımızda duran başlıca hədəflərdən biri iqtisadiyyatın şaxələnməsinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir: "Bu çərçivədə əsas vəzifələrdən biri ölkənin sənaye potensialının güclənməsi, qeyri-neft sənayesinin inkişafı, mövcud imkanlardan səmərəli istifadə olunmasıdır. 2014-cü il cənab Prezident tərəfindən "Sənaye ili"elan edilmiş, bununla bağlı müvafiq tədbirlər planı təsdiq edilmişdir. Hazırda tədbirlər planına uyğun olaraq, "Azərbaycan Polad İstehsalı Kompleksi"nin qurulması, Sumqayıt Kimya Sənaye, Balaxanı sənaye, yüksək texnologiyalar parklarının təşkili, sənaye məhəllələrinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Bu işlərdə beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması məqsədilə 2014-cü ilin noyabrında BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO) ilə birlikdə sənayenin inkişafına dair beynəlxalq konfransın keçirilməsi planlaşdırılır".

Nazirin sözlərinə görə, eyni zamanda, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, alternativ və bərpa olunan enerji sahələrinin, turizmin və digərlərinin inkişafı ilə bağlı tədbirlər görülür, çoxsaylı layihələr həyata keçirilir.

Mustafayev bildirib: "Bununla yanaşı, regionların, habelə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks tədbirlər görülür. Ölkəmizin gələcək inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında çox iddialı, eyni zamanda, real hədəflər müəyyənləşdirilmişdir. Belə ki, 2020-ci il üçün neft amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM 2 dəfə artacaqdır. Bu hədəflərə nail olunması, ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti