Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Maksim Tsurkov/
"Günay Bank" ASC Azərbaycan Mərkəzi Bankının (AMB) kapitallaşma üzrə minimum tələbini yerinə yetirərək nizamnamə kapitalını 64,91 milyon manata çatdırıb.
Bankdan Trend-ə verilən məlumata görə, bankın kapitalının artırılması haqqında qərar ötən ilin sonunda qəbul edilmişdi: "Günay Bank"ın nizamnamə kapitalının artırılması səhmlərin yeni emissiyası vasitəsilə həyata keçirilib. Səhmlərin satışı üzrə sövdələşmələr cari ilin fevral və aprel aylarında aparılıb, noyabrda isə bir neçə əməliyyat keçirilib. Bunun nəticəsində bankın kapitalı il ərzində 52 milyon artırılıb".
Qeyd edək ki, AMB-nin 2014-cü ili sonu üçün məcmu kapitalın minimum həcminə qarşı tələbi 50 milyon manat təşkil edir. Hazırda "Günay Bank"ın məcmu kapitalı 65 milyon manatı ötür.