Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Seymur Əliyev/
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi növbəti əməkdaşlıq müqaviləsinə imza atıb. Sənədə əsasən, müəssisədə yeni yüksək keçidli, ağır tonnajlı avtomobillərin sənaye üsulu ilə yığımı nəzərdə tutulur.
Trend-in məlumatına görə, dekabrın 22-də Gəncə Avtomobil Zavodu ilə Rusiyanın "KamAZ" zavodu ilə ikitərəfli müqavilə imzalanıb. Sənədə görə, 2015-cı ilin əvvəlindən başlayaraq, Gəncədə müxtəlif modeldə yüksək keçidli, ağır tonnajlı avtomobillərin yığımına start veriləcək.
Müqaviləni Rusiya müəssisəsi tərəfindən "KamAZ" zavodunun baş direktorunun müavini Tsıqanov Vasiliy Vitaliyevic, Azərbaycan tərəfindən isə Gəncə Avtomobil Zavodu İB-nin direktoru Kamran Nəzərov imzalayıblar.
Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan müqaviləyə əsasən, yığılacaq "KamAZ" avtomobillərinin ilkin mərhələdə Azərbaycan bazarında, sonralar isə xarici bazarda satışı planlaşdırılır.
V.Tsıqanov imzalanma mərasimində deyib ki, "KamAZ" ASC Rusiyanın yük avtomobili texnikası istehsalçısıdır: "Şirkət SSRİ dövründə yaradılıb və müasir qloballaşma şəraitində böyük inkişaf yolu keçib. İstehsala başlayandan "KamAZ" avtomobilləri keçmiş SSRİ məkanında populyarlıq qazanıblar və indiyədək MDB-nin bir çox ölkələrində başlıca avtomobil yükdaşımalarının əsasını təşkil etməyə davam edir".
Onun sözlərinə görə, hazırda "KamAZ" beynəlxalq avtomobil biznesinə inteqrasiya edilmiş şirkətdir: "Şirkət istehsalatda qabaqcıl texnologiyaları və dünyanın qabaqcıl istehsalçılarının müasir avtomobil komponentlərini tətbiq edir".