Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:27-də yayılıb)
Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Ənvər Məmmədov/
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) satış polisləri üzrə lisenziyası olan İcbari Sığorta Bürosunun (İSB) üzv sığorta şirkətləri "Yaşıl kart" (Green Card) - beynəlxalq avtomobil sığortası sisteminə qoşulmağa məcburdurlar.
Trend-in məlumatına əsasən, bunu brifinq zamanı İSB-nin rəhbəri Elxan Quliyev deyib.
Onun sözlərinə görə, əks halda, sığorta şirkətləri AVSMMİS-in satış lisenziyasından məhrum ediləcək.
E.Quliyev qeyd edib ki, AVSMMİS polislərinin reallaşdırılması ilə məşğul olan İSB-nin bütün 11 üzvü "Yaşıl kart" sisteminə qoşulmalıdır: "Əks halda, onlar avtomatik olaraq AVSMMİS polislərini satmaq hüququndan məhrum olunacaq".
O bildirib ki, İSB "Yaşıl kart" sisteminə qoşulma ilə əlaqədar bu il noyabrın 1-dək "Yaşıl kart" Büro Şurasının müvafiq maliyyə təminatı üzrə tələblərini yerinə yetirməlidir: "Biz Büro Şurasına təkrar sığorta müqavilələri proqramını, eləcə də Azərbaycan adından 5 milyon manat məbləğində bank zəmanəti məktubunu hazırlayıb təqdim etməliyik. Bundan başqa, "Yaşıl kart" sisteminin iştirakçı ölkələrinin ən azı 75 faizi ilə ikitərəfli müqavilələr bağlamalıyıq".
E.Quliyev vurğulayıb ki, Büro Şurasının bank zəmanətlərinə öz tələbləri var: "Biz A və ya yüksək reytinqli Avropa banklarından birinə 5 milyon manat yerləşdirməli, yaxud belə bankların birindən zəmanət məktubunu götürməliyik. Bundan başqa, biz SCOR təkrar sığorta şirkəti və "Guy Carpenter" təkrar sığorta brokeri ilə təkrar sığorta müqavilələri proqramının hazırlanması üzrə danışıqlar aparırıq".
Azərbaycanın "Yaşıl kart" sisteminə qoşulması haqqında qərar Polşada Büro Şurasının Baş Assambleyasının sonuncu iclasında qəbul edilib.
Sistem Azərbaycanda 2016-cı il yanvarın 1-dən fəaliyyət göstərəcək.