...

AVSMMİS-i olmayan avtomobillər cərimə meydançasına aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2015 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) olmayan avtomobillər cərimə meydançasına aparılacaq. Trend-in məlumatına görə, bunu brifinq zamanı Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, bu gün sığortası olmayan sürücülərə qarşı həyata keçirilən tədbirlər kifayət qədər sərt və effektli deyil: "Sığortasız avtomobil idarəsinə görə 50 manat məbləğində cərimə kifayət qədər yüngül tədbirdir. Məsələn, Qazaxıstanda analoji qayda pozuntusuna görə cərimə 200 dollar təşkil edir. Hesab edirəm ki, gələcəkdə cəza tədbirini sərtləşdirməliyik. Sığortası olmayan sürücülərin nəqliyyat vasitələri cərimə meydançalarına aparılmalı və yalnız AVSMMİS üzrə müqavilə bağlandıqdan sonra avtomobili həmin meydançadan çıxarmağa icazə verilməlidir. Bu təkliflə Maliyyə Nazirliyinə müraciət etməyi planlaşdırırıq".

E.Quliyev həmçinin bildirib ki, Azərbaycanda ötən ilin iyulunda avtomobilin AVSMMİS olmadan idarə edilməsinə görə cərimə 10 manatdan 50 manata kimi artırılıb və bu, bir çoxlarının narazılığına səbəb olub: "Eyni zamanda, avtomobillərini sığorta etdirən sürücülərin sayı artıb. 2015-ci ilin ilk 5 ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanan müqavilələrin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 14,4 faiz, müqavilə məbləğləri isə 19,7 faiz artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti