Bakı. Trend:
Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" Sığorta Şirkəti Yaşıl kart sistemi üzrə ilk satışını həyata keçirib.
Şirkətdən Trend-ə verilən məlumata görə, 14 yanvar 2016-cı il tarixində realizə edilən ilk Yaşıl kart blankı Türkiyəyə səfər edən Kia Sorento markalı avtomobilin sahibinə təqdim edilib.
1 ay müddətinə verilən sənədin dəyəri müvafiq icbari sığorta tariflərinə uyğun olaraq, 20 AZN təşkil edib.
İcbari Sığorta Bürosunun iştirakçı olaraq, "Atəşgah" SŞ Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə 21 dekabr 2015-ci il tarixində daxil edilmişdir.
"Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir.
Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir. Bu sistemə əsasən Avropa ölkələri olmaqla 47 ölkə daxildir və Azərbaycanın üzvlüyü ilə iştirakçıların sayı 48-ə çatıb". (Fins.az)
QEYD: "Atəşgah" Sığorta Şirkəti 1996 - cı ilin sonunda təsis edilmişdir. "Atəşgah" ASC SŞ və "Atəşgah Həyat" ASC SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. "Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.