...

Xalqımızın xilaskarı

Nəzər nöqtəsi Materials 14 İyun 2019 15:57 (UTC +04:00)
Öz taleyini yaşayan insanlar olduğu kimi, bütöv toplumun, xalqın taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən şəxsiyyətlər də olur.
Xalqımızın xilaskarı

Bakı. Trend:

Öz taleyini yaşayan insanlar olduğu kimi, bütöv toplumun, xalqın taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən şəxsiyyətlər də olur. Xalqımızın tarixində və taleyində otuz ilə yaxın zaman kəsiyində müstəsna təsirə malik olmuş ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.

Sovet dövründə istər Azərbbaycan SSR KP MK-nın birinci katibi, istərsə də Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr yazmış Heydər Əliyev, müstəqillik illərində ölkənin ən çətin anında, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzünün respublikada vəziyyəti gərginləşdirdiyi, vətəndaş müharibəsi təhlükəsinin yaşandığı, bütövlükdə dövlətçiliyimizin təhlükə altında olduğu bir anda xalqın təkidi ilə bir xilaskar kimi hakimiyyətə qayıtdı.

Müstəqilliyimizin ilk illərində davamlı hakimiyyət dəyişiklikləri, Xocalıda faciənin yaşanması, Şuşa, sonra Laçın, daha sonra Kəlbəcərin işğal olunması, Gəncə hadisələri, siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsinin ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarması, respublikanın iqtisadi tənəzzül, xaos və anarxiya girdabına yuvarlanması nəticəsində yaranan çıxılmaz bir vəziyyətdə xalqımızı bütün bu bəlalardan qurtara biləcək, Azərbaycana nicat verəcək yeganə şəxsiyyət Heydər Əliyev idi.

1993-cü ilin keşməkeşli yayında H.Əliyev xalqın mütləq əksəriyyətinin təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdı və böyük təcrübəyə malik müdrik dövlət adamı kimi addım-addım ölkəni düşdüyü fəlakətli vəziyyətdən çıxartmaq istiqamətində titanik fəaliyyətə başladı. Milli Məclisin 15 iyun tarixli iclasında Ali Sovetin sədri seçildi. Səsvermədən sonra proqram nitqlə çıxış edən Heydər Əliyev respublikanın o vaxtkı ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk etdiyini və bunun aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi, qarşıda duran əsas vəzifələri müəyyənləşdirdi.

Marksist-leninçi ideologiyanın artıq keçmişdə qaldığını söyləyən natiq yeni ideologiyanın hansı zəmində yaranmasının yollarını göstərdi: "Marksizm-­leninizm ideyasına müstəqil Azərbaycan Respublikası artıq dönməməlidir. Ancaq eyni zamanda biz mənəviyyatsız, ideyasız yaşaya bilmərik. Bizim indiki ideyamız isə milli tarixi ənənələrimiz əsasında, millətimizin keçdiyi tarixi yol əsasında, xalqımızın keçdiyi tarixi yol əsasında, bizim ulu babalarımızın yaratdığı ümumi bəşəri dəyərlər əsasında, Nizami Gəncəvinin, Xaqaninin, Fələkinin, Nəsirəddin Tusinin, Bəhmənyarın, Nəsiminin, Fizulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun və tarix boyu alimlərimizin, tarixçilərimizin, ədəbiyyat­çılarımızın, filosoflarımızın qoyduğu mənəvi dəyərlər əsasında bizim xalqımız, şübhəsiz ki, öz bugünkü mənəviyyatını inkişaf etdirməlidir".

Beləliklə, Heydər Əliyevin Azərbaycan Respublikası Alı Sovetin sədri vəzifəsində fəaliyyət göstərdiyi qısa zaman kəsiyində ölkənin həm daxili, həm xarici siyasətində böyük işlər görüldü, müstəqil Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu.

Heydər Əliyev parlamentdəki fəaliyyətində ilk addım olaraq xalqla birbaşa təmasa keçdi. Milli Məclisin bütün iclasları, mətbuat konfransları, brifinqlər, problem məsələlərə həsr olunmuş müşavirələr canlı yayımla televiziya ekranlarında göstərildi. Xalq hər şeydən xəbərdar oldu. Tədricən problemlərin həlli yolları ilə əlaqədar konstruktiv tədbirlər həyata keçirilməyə başladı. Xalqın itirilmiş inamı özünə qaytarıldı. Ən başlıcası isə sabitlik yarandı. Heydər Əliyev Azər­baycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. O, ilk növbədə sabiq hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaş­mış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa başladı, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.

Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının gərəkliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi.
Beləliklə, xarici siyasət xəttində mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.
Özünə xas olan uzaqgörənliklə o, müharibə şəraitinə baxmayaraq, hərbi-siyasi və sosial-iqtisadi problemlərlə yanaşı, Azərbaycan elmi və mədəniyyətinin məsələləri ilə də yaxından məşğul olmağa başladı və özünün ilk görüşlərindən birini 21 sentyabr 1993-cü ildə həmin vaxt ciddi böhran yaşayan Azərbaycan Elmlər Akademiyasında keçirdi. Bu, bir tərəfdən, ölkə rəhbərinin alimlərimizə bəslədiyi böyük ehtiram, Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqətlə, digər tərəfdən ölkəni 1993-cü ilin iyununadək idarə etmiş səriştəsiz insanların respublikada elm adamlarına münasibətdə yol verdikləri ədalətsizlikdən irəli gələn narahatlıqlarla bağlı idi. Elə həmin görüşdə Heydər Əliyev belə narahatlıqların əsassız olduğunu təsdiqlədi: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq... Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu Akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu Akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq”.
Şərqşünaslıq İnstitutunun direktor müavini kimi mən də həmin görüşdə iştirak edirdim. Heydər Əliyevin parlaq nitqi görüş iştirakçılarına güclü təsir bağışladı, hər kəs onun ölkənin problemləri və onların həlli yolları barədə necə dəqiq təsəvvürə malik olduğuna heyran qaldı.

Çox keçmədi ki, səriştəsiz şəkildə aparılan, reallığı, qüvvələr nisbətini nəzərə almayan və xalqın milli mənafelərinə ziyan vuraraq nəticədə yenicə müstəqillik əldə edən və ağır müharibə şəraitində olan Azərbaycanın beynəlxalq aləmdə təklənməsinə gətirib çıxaran yarıtmaz xarici siyasətdən imtina edildi. Böyük səylər nəticəsində qısa bir zamanda ölkədə hakimiyyət boşluğu aradan götürüldü, Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qəsd edən separatçı qüvvələr, cinayətkar ünsürlər zərərsizləşdirildi, Gəncədəki gərginlik ocağı söndürüldü, ictimai-siyasi böhran aradan qaldırıldı, orduda təxirə salınmaz tədbirlər həyata keçirildi, azad vətəndaş cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atıldı.

Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdur­masından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Həyatımızda baş verən köklü dəyişikliklərin əsası məhz o vaxt qoyuldu.

l993-cü ildən bəri ölkə həyatının bütün sahələrində aparılan islahatlar özünün müsbət nəticələrini verdi: istər iqtisadiyyatda, istər siyasətdə, istərsə də mədəni həyatda böyük dəyişikliklər oldu. Beləliklə, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu seçən müstəqil ölkəmiz dövlətçiliyini, müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq davamlı inkişaf tendensiyasına malik, gözəl perspektivləri olan respublikaya çevrildi.

Akademik Gövhər Baxşəliyeva,

Millət vəkili, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti