Аzərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir V.İmanov/
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbələri tanınmış opera müğənnisi Azər Zeynalova ad günündə dəri kürsü hədiyyə ediblər. Bu barədə Trend-ə Azər Zeynalov bildirib.
"Tələbələrim mənə dəri kürsü bağışlayanda çox sevindim. Kafedra müdiri olmağıma baxmayaraq, belə bir kürsü indiyədək məndə yox idi və mənim ad günümü tortla qeyd etdilər. Diqqətə və belə hədiyyəyə görə hamıya öz təşəkkürümü bildirirəm", - Azər Zeynalov sevincini gizlətməyib.
Onun sözlərinə görə, sabah Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Kədər" operasından Kavaradossinin partiyasının ifa etmək üçün səhnəyə çıxacaq.
Azər Zeynalabdin oğlu Zeynalov - opera müğənnisi (liriko-dramatik tenor), kino bəstəkarı, aktyor, Azərbaycanın və Dağıstan MR-in xalq artisti, ADMİU-nun professorudur. Ü.Hacıbəyovun "Arşın mal alan" tamaşasında Əsgər, C.Verdinin "Traviata" operasında Alfred, F.Əmirovun "Sevil" operasında Balaş, R.Leonkavallonun "Paliaççi" operasında Kanio, Vasif Adıgözəlovun "Natəvan" operasında Xasay bəy, Ü.Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, C.Puççininin "Kədər" operasında Kavaradossi partiyalarının ifaçısıdır.
Azər Zeynalov 1964-cü il dekabr ayının 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1969-cu ildən Bakıda yaşayan Zeynalov 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə gedib. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olub, 2 il hərbi xidmətə çağırılıb və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurub. 1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirib və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atıb. Eyni zamanda, Rafiq Babayevin "Cəngi" ansamblında da fəaliyyət göstərib və həmin il "Odlar Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilib. 1992-ci ildə ikinci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olub. 1994-cü ildə İtaliyada qəbul imtahanı verərək Aqostino Steffani adına İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olub, 1996-cı ildə opera ifaçısı ixtisası ilə oranı bitirərək Vətənə dönüb və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini başa vurub. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. Mahnıların, romansların və xalq mahnılarının ifaçısı kimi də məşhurdur. Bir çox ölkələrə qastrol səfərləri edərək dünyanın iri konsert zallarında çıxış edir.
2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiridir. Evlidir. Dörd oğul atasıdır.