Azərbaycan, Bakı, 17 yanvar /Trend/
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gənclər Fondunun Əsasnaməsinə edilən dəyişikliklərə əsasən, Fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilib.
Fonddan Trend-ə verilən məlumata görə, Müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edəcək. Gənclər təşkilatlarını təmsil edən dörd üzv həmin təşkilatların yığıncağında səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər sırasından seçiləcək və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin ediləcəkdir.
Yığıncaqda iştirak etmək və namizədləri irəli sürmək üçün gənclər təşkilatları 2013-cü il yanvarın 24-dək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna ərizə ilə müraciət edə bilərlər. Ərizədə gənclər təşkilatı öz nümayəndəsi haqqında məlumat verməlidir. İrəli sürülən namizəd "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında Əsasnamə"nin müvafiq bəndlərinin tələblərinə uyğun olmalıdır.
Namizədi irəli sürmüş gənclər təşkilatları müvafiq ərizəni və anket məlumatlarını Gənclər Fonduna təqdim etməlidir. Gənclər təşkilatlarının yığıncağının keçirilmə tarixi və yeri haqqında əlavə məlumat veriləcəkdir. Ərizə və anket formalarını Gənclər Fondunun www.youthfoundation.az saytından əldə etmək olar.
Nümayəndələrin və namizədlərin siyahısı seçkilərin keçirilməsindən bir neçə gün əvvəl qeyd olunan saytda yerləşdiriləcəkdir.